Məhkəmə qərarları › İş №e-2(012)-5191/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5191/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5191/2022 10.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli RGTK4050065A123 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8475.35 manat, faiz borcuna görə 1502.37 manat olmaqla, ümumilikdə, cəmi 9977.72 manat borcun və 119.77 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4050065A123 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 8573.07 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 8475.35 manat, faiz borcuna görə 1502.37 manat olmaqla, ümumilikdə, cəmi 9977.72 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı ərizəyə əsasən, iddiaçı təyin olunmuş məhkəmə iclaslarına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli RGTK4050065A123 saylı kredit müqaviləsinə əsasən, ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 8573.07 manat kredit verilmişdir. O, kredit borcunu öz adına götürmüş olsa da, həmin pulu dostuna təqdim etmişdir. Dostu əvvəl onun iş yoldaşı olmuş, lakin sonradan işdən çıxmış və borcu ödəməmişdir. Bank tərəfindən borcun ödənilməsi ilə bağlı güzəşt edilməsi vəd edilmiş, lakin borcun məbləğini gördükdən sonra o, ödəməkdən imtina etmişdir. Belə ki, o, əsas borcun 5400 manat olmalı olduğunu hesab edir. Artıq çoxdandır ki, ödəniş etmir və faiz borcu ilə qəti şəkildə razı deyildir. Hazırda, onun rəsmi iş yeri olmadığından ödənişləri edə bilmir. Bu səbəbdən də borc məbləği ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4050065A123 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 83 ay müddətinə qaytarmaq, illik 20% ödəmək şərtilə 8573.07 manat kredit verməyi öhdəsinə götürmüşdür. -xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, borcalan kredit müqaviləsi üzrə bankdan 8573.07 manat pul vəsaitini imza edərək təhvil almışdır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2028-ci il tarixinə kimi hər ay banka 191.44 manat (sonuncu ay isə 200.45 manat) ödəməklə qaytarmalıdır. -»Kapital Bank» ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 5 təqvim günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalanın kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borca görə 8475.35 manat, faiz borcuna görə 1502.37 manat olmaqla, cəmi 9977.72 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə, qanuni təmsilçi X1 olmasına dair xx.xx.2015-ci il tarixli, **********847400 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X3 xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Nağıyev X4 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi Niyazi küçəsi 40 saylı evdə qeydiyyatdadır. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə, onun iddiaçıya əsas borca görə 8475.35 manat, faiz borcuna görə 1502.37 manat olmaqla, cəmi 9977.72 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh xx.xx.2021-ci il tarixli RGTK4050065A123 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində banka əsas borca görə 8475.35 manat, faiz borcuna görə 1502.37 manat olmaqla, cəmi 9977.72 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 119.77 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli RGTK4050065A123 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8475.35 (səkkiz min dörd yüz yetmiş beş manat otuz beş qəpik) manat, faiz borcuna görə 1502.37 (min beş yüz iki manat otuz yeddi qəpik) manat olmaqla, ümumilikdə, cəmi 9977.72 (doqquz min doqquz yüz yetmiş yeddi manat yetmiş iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 119.77 (yüz on doqquz manat yetmiş yeddi qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar