Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5216/2025 25.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı Əlihüseyn qızının cavabdeh X3 qarşı ilkin iddia tələbinin rədd edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Əlihüseyn qızının cavabdeh X3 qarşı ilkin iddia tələbinin rədd edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 Abşeron Rayon Məhkəməsində ona qarşı mənzilin təmirinə xərclədiyi 50000 manat pul tələbinə dair iddia tələbinin rədd edilməsi, X2 mənzilindən çıxmaması səbəbi ilə ona vurduğu zərər (əldən çıxmış fayda) olaraq 11200 manat, hüquqi yardımın göstərilməsinə görə ödədiyi 340 manat, dövlət rüsumu olaraq ödədiyi 124 manat olmaqla, cəmi 11664 manat pulun X1 alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilən sənədlərdən görünür ki, İddiaçı Əlihüseyn qızı hazırki iddia ərizəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib etməmiş, MPM-nin 149.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin məzmunundan göründüyü kimi hazırk iş üzrə iddiaçı ilkin iddia tələbinə dair mülki işə öz qarşılıqlı iddia ərizəsini əlavə etməli olduğu halda, ayrıca iddia ərizəsi şəklində məhkəməyə müraciət etmişdir. Bununla da, ərizənin verilməsinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, hazırki mülki işin geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı Əlihüseyn qızının cavabdeh X3 qarşı ilkin iddia tələbinin rədd edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Əlihüseyn qızı tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov