Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5217/2024 25.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1207,66 manat əsas borc, 133,74 manat faiz borcu və 166,51 manat cərimə borcu olmaqla, cəmi 1507,91 manat borcun və ödənilmiş 35,08 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 22000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il avqustun 28-dək Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1207,66 manat əsas borc, 133,74 manat faiz borcu və 333,01 manat cərimə borcu olmaqla, cəmi 1674,41 manat borcu vardır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 333,01 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 166,51 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, İddiaçı ASC-dən 22000 manat məbləğində pul götürmüş və əvəzində iddiaçıya 27000 manat məbləğində ödəniş etmişdir. O, iddia tələbində qeyd edilən faiz borcunun məbləği ilə razı deyildir. Əvvəllər o, bank sahəsində işləmiş, lakin daha sonra işdən ayrıldığından kredit borcu üzrə banka ödəniş edə bilməmişdir. O, hazırda işləməsə də ona zamin durmuş şəxs olan Cavabdeh1 iş yeri vardır və ayda 1000 manat məbləğində maaş alır. Odur ki, göstərilənlərin nəzərə alınaraq o, borc məbləğinin mümkün qədər azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı Nağd kredit verilməsinə dair Razılaşmadan və eyni tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 36 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 22000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (borcalan) və Cavabdeh1 (zamin) arasında müqavilə bağlanmış və Cavabdeh1 (zamin) İddiaçı ASC (kreditor) qarşısında Cavabdeh2 (borcalanın) xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə 1207,66 manat əsas borc, 133,74 manat faiz borcu, 333,01 manat cərimə olmaqla, cəmi 1674,41 manat kredit borcu vardır. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci, 462.1-ci, 467-ci, 472.1-ci, 472.2-ci və 472.3-cü maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0- 2502-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı kredit müqaviləsinə əsasən hesablanmış 166,51 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 10 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0-2502-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 35,08 manat da cavabdehlərdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 22-Z1-2-0- 2502-21 saylı kredit müqaviləsi üzrə 1207,66 manat əsas borc, 133,74 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 1351,4 manat borc və 35,08 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5217/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5217/2024
25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver