Məhkəmə qərarları › İş №e-2(012)-526/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-526/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-526/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat borcun və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ilin iyul ayında qızı X7 evlənmişlər. Bir müddət sonra qızının qayınanası Süleymanova (Camalova) Dilgüşə Cəmiyyət qızı ona dedi ki, Müşfiqabad qəsəbəsində ev tikirlər, evin üstünü örtmək üçün ona 5000 manat pul lazımdır. Dedi ki, o banklara kredit almaq üçün müraciət edir, lakin kredit borcu olduğuna görə ona kredit verilmir. Dedi ki, Aygünün toyundan 5000 manat pul qalıb, qaytarmaq şərti ilə həmin pulu verə bilər. Dedi ki, o pulu ver, evin üstünü bağlayım, Aygünlə Elsevər köçüb otursunlar, pulu qaytararam. 2013-cü ilin iyul ayında Elsevər onlara gəldi və bildirdi ki, onu anası göndərdi, dedi ki, siz pul verəcəksiniz.O da 5000 manat pulu Elsevərə verdi ki, anası Dilgüşəyə versin. Cavabdeh pulu aldıqdan sonra, ona zəng edib dedi ki, pulu 5-6 ay müddətinə qaytaracaq. 2014-cü ilin noyabrında Aygün hamiləlikdən azad oldu və uşaq həkimlərin səhlənkarlığı ucbatından qüsurlu doğuldu. Bir müddət sonra Dilgüşə Aygünü evdən çıxararaq atası evinə göndərdi ki, Elsevər dedi ki, ona xəstə uşaq lazım deyil, get səni anan saxlasın. Bundan sonra,qızı Aygün boşanma barədə məhkəməyə müraciət etdi. O Dilgüşəyə zəng edib aldığı 5000 manat pulun qaytarılmasını xahiş etdi. Dedi ki, ona uşağın müalicəsi üçün pul lazımdır, pulu da yoxdur, pulu qaytar. Ona söz verdi ki, qısa vaxtda pulu qaytaracaq. Lakin, o, pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirir, bu gün-sabah qaytaracaq vədləri ilə onu aldadırdı. Onun telefon zənglərinə cavab vermir, yaşayış yerini dəyişib, mesajlarını cavabsız qoyurdu. Buna baxmayaraq, ona səs mesajları göndərib ki, aldığı pulu bu gün qaytaracaq, sabah qaytaracaq vədləri verirdi. O Dilgüşəyə bildirdi ki, onu məcbur eləmə ki, gəlib onun iş yerinə, pulu qaytar. Onun iş yerinə getdi və ona dedi ki, pulu qısa müddətdə qaytaracaq. Ondan xahiş etdi ki, heç yerə şikayət eləmə, müəlliməyəm, biabır olaram ,kredit də olsa, götürüb pulunu qaytaracağam. Lakin verdiyi vədə əməl etmədi. Dilgüşə aldığı borcu qaytarmaq əvəzinə ondan Azərbaycan Respublikasının DİN-nə şikayət edib ki, onun iş yerinə gedib niyə pulunu tələb etmiş. Həmin şikayəti araşdıran Bakı şəhəri Səbail RPl-də ona bildirildi ki, pul Şabran şəhərində verildiyinə görə, Şabran RPŞ-nə müraciət edin. O da məcbur olub 31 mart 2023-cü il tarixdə Şabran rayon prokurorluğuna və rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Cavabdeh Şabran RPŞ-də verdiyi izahatında aldığı 5000 manat borcu etiraf edərək qısa müddətdə qaytaracağını bildirmişdir. Lakin bu günə kimi borcunu qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızı xx.xx.2023-cü il tarixində etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın dəlilinə görə guya evin üstünü bağlamaq üçün iddiaçıdan 5000 manat pul istəmişdir. İddiaçı da 2013-cü ilin iyul ayında 5000 manat pulu yeznəsinə qızı Nümayəndə2 ərinə, oğlu X4 vermişdir. İddia ərizəsində İddiaçı göstərdikləri yalandan, iftiradan başqa bir şey deyil və iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddiaçı ev barədə heç bir vəd verməmiş, ev tikirik deyə bir məsləhəti də onunla etməmiş və ondan 5000 manat pul istəməmişdir. Evi Oguz rayonundadı. Bakıda kirayədə qalırdılar. X2 2012ci ildə iddiaçı Xatirənin qızı Nümayəndə2 ilə ailə qurub, 1 ilə yaxın kvartirant yaşadıqdan sonra yaşadıqları evə köçüblər. Gəlni Aygünü öz balası kimi saxlamış, uşağı olması üçün bütün pulunu onun müalicəsinə xərcləmiş və Xatirədən 1-cə qəpik də görməmişdir. 2013cü ildə Xatirə öz qızı ilə birgə yaşayış dövründə öz keçmiş yeznəsinə verib, nə alıbsa, bunların ona heç bir aidiyyatı, qarışacağı yoxdur. Bu barədə polis şöbəsində həm yazılı, həm də şifahi şəkildə bildirmişdir. 2014-cü ildə nəvəsi Yaməddin doğulanda həkimlərin səhlənkarlığından deyil, məhz Aygünün dikbaşlığından və tibbi göstərişlərə.həkimin tələblərinə tabe olmadığından uşaq qüsurlu dünyaya gəldi. O da əvvəlcə həkimdə günah görərək onu məhkəməyə vermişdir və o proseslərdə nədənsə Xatirə bircə dəfə iştirak etmədi, öz sözünü demədi. İşə baxan Hakim ona sual verdi ki, siz bu xanımın nəyisiz? Dedi ki, qaynanası. Hakim dedi ki, bəs ana hardadır? Onun kimi qaynana görmədiyi demişdir. Nəinki iddiaçı Xatirə, həm də onun xalası ona təklif etdilər ki, həkimə de uşağı müalicə etməsin, öldürsün. O etiraz etdi və dedi ki, bu Allah qarşısında günahdı. Azadlıq metrosunun çıxışında aralarında olan bu söhbəti gəlni Aygün duydu və ağladı. Oğlu da dedi ki, bu Allahın verdiyi qismətdi. Məsləhət də onundu. Kimdir ki, Allahın yaratdığını məhv etsin. O, 4 il nəvəsinin və Aygünün əziyyətini çəkdi. Sabril adlanan dərmanı Türkiyədən 150 dollara gətizdirirdi. Bu 4 ildə Xatirənin səsi çıxmadı və bu gün utanmazcasına şər atır ki, Elsəvər deyib ki, şikəst uşaq ona lazım deyil. Allah görür və bilir. Digər bir şər isə Aygünün onun tərəfindən ata evinə göndərilməsidir. Bu da tamam ağ yalandı. Aygünü X10 onlar işdə olarkən Şabrandan bir maşınla gələrək gəlni Aygünü əşyaları ilə nəvəsilə birlikdə yığışdırıb aparmışdır. İddiaçı Xatirə boşanma ilə bağlı məsələni də doğru bildirmir. 2019-cu ildə o, qızını ayrılmaq üçün ərizə verməyə məcbur etdi. Aygünə çox dedi, çox məsləhət gördü ki, Onların vicdanı bir şikəst uşaqla ananı tək qoymağa yol vermir. Ata-ana həmişə adamın yanında olmur. Oğlu adından hər ay 300 azn uşağın saxlanması üçün aliment ödəyirlər. Uşaq onlarla qalsa idi, indi xeyli inkişaf etmişdi. Bəlkə də. gəzirdi. Aygündən xahiş etdi ki, uşağın şəxsiyyət vəsiqəsini və həkim epiqrezini ona göndər, 3000 azn məbləğində ona uyğun əlil arabasını Gürcüstandan dövlət dəstəyi ilə gətizdirsin. Aygün dedi ki, icra hakimiyyətindən 50 manata araba alıb. O, Aygünə dəfələrlə dedi ki, uşağı heç yerə aparma, ona nə lazımdısa edirlər və edəcəklər. Həkim xərclərindən tutmuş, hətta taxsi xərclərinə qədər hər ay ona pul verirdi ki. problem olmasın . X11 Cəmiyyəti xətti ilə köməkçi də danışmışdı. Amma Aygün onun oğluma sevgi ilə yox. öz maraqlarından baxırmış. İddiaçı Xatirənin daha bir yalanı onun iş yerinə gəlməsi ilə bağlı dediklərində olan yalandır.O, iddiaçıya demiş ki, düz danış və Allahın Quranına əl basıb oğlun Şahinin ölmüşünə and iç ki, sən şəxsən ona-Sıileymanova Dilguşə Cəmiyyət qızına borc pul vermiş və ya, səndən ev tikmək üçün pul istəmişdir. Bu qeyri-mümkündür. ona çıx get, səs salma, pulu verəcəm də deməmişdir, çünki ondan pul almamışdır. Sadəcə olaraq onu başa salmaq istəmiş ki, iş yerində şəxsi məsələlər müzakirə olunmur. Əgər borcu varsa, ver məhkəməyə, aydınlaşdıraq. Bu etik və heç bir cəhətdən düzgün deyil və iş şəraitinə mane olmaq, şəxsi zəmində hay-küy qaldırmaq xuliqanlıqdır. Belə iyrənc üsullarla abır-həyasını qoruyan şəxslərdən pul "qoparmaq“' istəyənlər az deyildir. 5000 manat borcla bağlı iddiaçı qeyd edir ki, guya pulu 2013-cü ildə verib. Hazırda 2023-cü ildir. Oğlu Elsevərlə iddiaçının qızı Aygün 8 il evli olublar. Nə əcəb bu müddətdə Elsevərdən 5000 manat istəmədi ?! 13 ildən sonra onlardan pul qopartmaq eşqinə düşən iddiaçı əgər 5000 manat borca pul vermiş olsaydı ən azından 2019-cu ildə boşanma zamanı pul tələbi barədə iddia qaldırardı. İddiaçı tərəfindən nə ona, nə də ki oğlu Elsevərə 5000 manat borc pul verilməmişdir. Etirazın dəlillərinin nəzərə alınması, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tədbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddianın dəlilinə görə guya evin üstünü bağlamaq üçün iddiaçıdan 5000 manat pul istəmişdir. İddiaçı da 2013-cü ilin iyul ayında 5000 manat pulu yeznəsinə-qızı Nümayəndə2 ərinə-oğlu X4 vermişdir. İddiaçı tərəfindən ona , nə də ki, oğlu Elsevərə 5000 manat borc pul verilməmişdir. Bir halda ki, İddiaçı hazırda ona qarşı belə bir iddia tələbi ilə çıxış edir, onun iddiasına iddia müddəti tətbiq edilməlidir. Göstərilənlərə əsasən e-2(012)-5502\2023 saylı mülki iş üzrə İddiaçı ona qarşı 5000 manat borc pul tələbinə dair iddiasına iddia müddəti tətbiq edilməsini, iddiadan imtina barəsində qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, 5-6 aya cavabdeh pulu qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. Cavabdeh telefon danışıqlarında da 5000 manat borc pulu götürdüyünü qəbul etmişdir. Buna dair telefon səs yazıları vardır. Buna görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 söylədikləri ilə razı olduğunu bildirmiş və əlavə olaraq bildirmişdir ki, yoldaşı onun dayısından da pul alıb, ona xalasından da pul istəməsini söyləmiş, yoldaşı evə daim gec gəlmiş, ailə qurduqdan bir il yarımdan sonra övladı olmuşdur. İddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızının vəkili Vəkil İddiaçı iddiasını qəbul etmədiyini bildirmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ilə borc münasibətləri olmamış, cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızının bu puldan xəbəri yoxdur, iddiaçı 2016-cı ildə olan borcun etirafından danışır, borc məsələsi var idisə borcun verilməsi notariusda təsdiqlənməli idi. Aygünü evdən heç kim qovmayıb, atası gəlib onu aparıb. Borc münasibətlərində yalnız yazılı forma qəbul edilir. Qnunvericiliyin müəyyən etdiyi qaydalar var. Borc münasibətləri var idisə, elə həmin vaxt məhkəməyə müraciət edərdi. 10 ildən sonra müraciət edib. Cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızı nəvəsinə çox yaşı baxıb. Pulu Dilguşə xanım almayıb. Buna görə də iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Dəvəçi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, Xİİİ-ЖГ № 312872 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə2 xx.xx.1988-ci ildə Dəvəçi rayonunda anadan olmuşdur. X3, anası isə İddiaçıdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şabran rayon polis şöbəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, Şabran şəhəri H.Əliyev prospekti ev 43-də yaşayan, İddiaçı müraciəti xx.xx.2023-cü il tarixdə Şabran RPŞ-nin İTB-nə daxil olmuş və araşdırma aparılmışdır, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı Süleymanova Dilguşə Cəmiyyət qızına 2013-cü il tarixdə 5000 manat borc pul vermiş, sonradan dəfələrlə borcunu istəsə də sonuncu qaytarmamış və buna görə də şikayət etmək məcburiyyətində qalmışdır. İddiaçı müraciəti mülki xarakterli olduğuna görə Şabran RPŞ-nin İTB-də arayışla işə alınaraq vətəndaşa cavab verilmişdir. -İddiaçı Şabran Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, 2012-ci ildə qızı X7 rəsmi olaraq ailə qurmuşdur. Ailə həyatı qurduqdan sonra qudası Camalova (Süleymanov) Dilgüşə Cəmiyyət qızı ona demişdi ki, Bakı şəhəri, Müşviqabad qəsəbəsində ev tikirlər və evin üstünü örtmək üçün 5 (beş) min manat pul lazımdır. Onda ona dedi ki, qızı Aygünün toyundan 5(beş) min pul qalmışdır və həmin pulu qaytarmaq şərti ilə verə bilər. Bundan bir müddət sonra 2013-cü ilin iyul ayında Elsevər onlara gəldi və o 5(beş) min manat pulu ona verdi ki, anası Dilgüşəyə versin. Bundan sonra Dilgüşə ona zəng edərək pulu oğlundan aldığını və 5-6 ay müddətinə qaytaracağını bildirdi, lakin Dilgüşə bu günə kimi müxtəlif bəhanələr gətirərək onun borcunu qaytarmamışdır.Həmçinin onun telefonunun zənglərinə cavab verməyərək mesajlarını cavabsız qoymuşdur.Onun əsas tələbi Cavabdeh onun 5(beş) min manat pulunu almaqdır. -Cavabdeh Şabran Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, İddiaçı onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış oldu. Bununla bağlı olaraq bildirmək istəyir ki, 2012-ci ildə oğlu Elsevərlə İddiaçı qızı ailə həyatı qurmuş, onların birgə nikahdan bir əlil övladı dünyaya gəlmişdir. Onun ərizədə yazdıqları yalan və böhtandır. Onun ona 5000 manat borcu yoxdur. 2013-cü ilin iyul ayında oğlu Elsevər avtoqəza etdiyi üçün avtomobilinin təmiri üçün qaynanası Xatirə köməklik məqsədi ilə oğluna 5000 manat vermişdir. Həmin pulun ona heç bir aidiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddiasına görə cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızına 5000 manat borca pul vermiş, cavabdeh isə aldığı pulu 5-6 aya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən iddiaçı borcun məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı borc verdiyi pulu cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübuta yetirə bilməmiş, borc münasibətlərinin yarandığını təsdiq edən müqaviləni isə məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hal, dolayısı ilə tərəflər arasında həqiqətən də, borc hüquq münasibətlərinin yarandığını sübuta yetirə bilmir. Belə ki, iddiaçı cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızını ona borclu olduğunu iddia edərək Şabran rayon Polis şöbəsində cavabdeh izahatında 5000 min manatın onun tərəfindən almasını etiraf etməsinə istinad etmiş, lakin məhkəmə araşdırılması zamanı belə bir hal öz tədiqini tapmamış, cavabdeh həmin izahatında pulun ona deyil, köməklik məqsədi ilə oğluna verildiyini qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsi”nə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, № 4 nömrəli Qərarının 2.4. bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən mötəbər sübutu, yəni, borc müqaviləsini məhkəməyə təqdim etmədiyindən məhkəmə tərəflər arasında həqiqətən də, öhdəlik hüquq münasibətlərinin yarandığını müəyyən edə bilmir, mülki iş materiallarına borc münasibətlərini sübut edəcək sənədlər, yazılı borc müqaviləsi əlavə edilmədiyi üçün cavabdehin iddiaçı qarşısında borc münasibətlərindən irəli gələn öhdəlikləri daşıdığını sübuta yetirmir. Borc müqaviləsinin predmeti 5000 manat olduğu üçün borc müqaviləsi yazılı formada bağlanmalı idi. Ona görə də iddiaçı iddia tələbini sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsaslı hesab edilməməlidir. Məhkəmə cavabdehin iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi sübutlar olmadığına görə təmin edilmədiyindən iddia müddətinin tədbiqinə ehtiyac yoxdur. Belə ki, iddia müddətinin tədbiqinə o vaxt yol verilir ki, iddiaçının iddia tələbi əsaslı olur, lakin iddia müddəti keçdiyindən iddia ərizəsi rədd edilir. Göstərilənlərə əsasən məhkəmə cavabdehin iddianın müddətinin tədbiq edilməsinə dair ərizəsini nəzərə almayaraq təmin etmir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, qanunvericiliyin tələbləri əsasında müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdeh Süleymanova Dilguşə Cəmiyyət qızına qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar