Məhkəmə qərarları › İş №e-2(012)-5291/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5291/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5291/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1183/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat miqdarında müəyyən edilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat haqqın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53- cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1183/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat miqdarında müəyyən edilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat mediasiya xərci və hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat haqqın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 07 dekabr 2011-ci ildə rəsmi nikaha girməklə ailə qurmuş və birgə nikahlarından iki övladları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1496/2022 saylı qətnaməsi ilə tərəflər aradında bağlanmış xx.xx.2011 -ci il tarixli nikahın ləğv edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat miqdarında alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)- 1183/2022 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1496/2022 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməsi, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 ehtiyaclarının təmin edilməsi Cavabdeh birbaşa vəzifəsidir və buna görə də hesab edir ki, təyin edilmiş alimentin miqdarı dəyişdirilməlidir. X9 Adıgözəlovun mediatorluğunda mediasiya sessiyasında iştirak etmişlər. Lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə tam mediasiya sessiyasına keçməyə iddiaçı razı olmamışdır. Buna görə iddiaçıya xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bütün uşaqlar kimi xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 da normal geyinməyə, qidalanmağa, istirahət etməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüququ vardır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına Cavabdeh izahatında və etirazında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (105) - 1183/2022 nömrəli qətnaməsi ilə ondan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı verilməsi qət edilmişdir. O, iddiaçı ilə nikahları pozulduqdan sonra ailə qurmuş və kirayədə yaşayır, işləmir, işsiz kimi qeydiyyatdadır. Onun heç bir gəliri yoxdur. İddiaçı isə “Bol Mart” mağazalar şəbəkəsində müdir müavini vəzifəsində işləyir. Bundan başqa 2021-ci ildə Bakı şəhəri Masazır yaşayış massivindən 3 otaqdan ibarət ev alıb iddiaçıya vermişdir. Halbuki iddiaçı həmin evi kirayəyə verib və oradan da gəliri var. Özü isə Masazırda atası evində yaşayır. O, 300 manat alimenti imkansızlıqdan hissə-hissə ödəyir. Belə ki, hər ayın əvvəlindən başlayaraq ayın sonuna kimi alimenti cavabdehə ödəyir. Həmçinin qeyd edir ki, uşaqları ilə imkansızlıqdan görüşə bilmir. Belə ki, uşaqlarıyla görüşə getmək üçün xərcləyəcəyi yol pulunu və digər xərcləri nəzərə alıb aliment kimi cavabdehə ödəyir. Belə olan halda, o, iddiaçıya tələb etdiyi məbləğdə, yəni 500 manat aliment ödəmək onun imkanları xaricindədir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AZE seriyalı, 11873545 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynli Hüseyn xx.xx.2013-cü ildə anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdir. -İmişli rayon qeydiyyat şöbəsi tərəfindən 05/69-370 saylı, 09 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X7 12 aprel 2018-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2018-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən 524 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1496/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 778 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 boşanmadan sonra anaları cavabdeh İddiaçı yanında qalmaları, iddiaçı Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin 14 fevral 2022-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)-1496/2022 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməsi, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı verilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 670 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(012)- 1496/2022 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməsi, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, iddiaçının rəsmi iş yerinin olmasını, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 № Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Bundan əlavə iddiaçının vəkil ilə müqavilə bağlamasına görə 220 manat məbləğində ödəniş etməsi iş materiallarında olan qəbz ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, 220 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (200-150=50 manat, 50 manat x 2 (uşaq)=100 manat, 100 manat x 12 ay = 1200 manat) ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1183/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 32 (otuz iki) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçının vəkil ilə bağladığı müqaviləyə əsasən ödədiyi 220 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar