Məhkəmə qərarları › İş №e-2(012)-532/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-532/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-532/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11938,94 manat əsas borc, 1157,4 manat faiz borcu və 280,35 manat cərimə borcu olmaqla, cəmi 13376,69 manat borcun və 130,13 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 16000 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2023-cü il oktyabrın 6-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11938,94 AZN əsas borc, 1157,4 AZN faiz borcu və 1121,41 AZN cərimə borcu olmaqla, cəmi 14217,75 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1121,41 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 280,35 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayıb mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini və iş üzrə ekspertiza keçirilməsinə ehtiyac olmadığını bildirdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-dən illik 17 %-lə 36 ay müddətinə ödəmək şərtilə 16000 manat kredit götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh həmin tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11938,94 manat əsas borc, 1157,4 manat faiz borcu və 1121,41 manat cərimə borcu olmaqla, ümumilikdə 14217,75 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə hesablanmış 280,35 manat dəbbənin məbləği azaldılmalı və 3,66 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 11938,94 manat əsas borc, 1157,4 manat faiz borcu, 3,66 manat cərimə borcu olmaqla, cəmi 13100 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 130,13 manat pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11938,94 manat əsas borc, 1157,4 manat faiz borcu və 3,66 manat cərimə borcu olmaqla, cəmi 13100 manat pul və ödənilmiş 130,13 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar