Məhkəmə qərarları › İş №e-2(012)-551/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-551/2023

27.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-551/2023 27.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərcin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 üçün aliment məbləği artırılaraq yetkinlik yaşına çatanadək hər ay 193 manat məbləğində pul vəsaitini və saxlanmasından irəli gələn əlavə xərclərinin ödənilməsi ilə bağlı yetkinlik yaşına çatdıqdan sonra 23 yaşına çatanadək (əyani ali təhsil aldığına görə) hər il 1000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 12 avqust 2004-cü il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin artırılaraq, yetkinlik yaşına çatanadək hər ay 193 manat məbləğində pul vəsaitini və saxlanmasından irəli gələn əlavə xərclərinin ödənilməsi ilə bağlı yetkinlik yaşına çatdıqdan sonra 23 yaşına çatanadək (əyani ali təhsil aldığına görə) hər il 1000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə onun nikahı Suraxanı Rayon Məhkəməsinin 2-1378/2005 nömrəli 17 aprel 2006-cı il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Onun 1 noyabr 2003-cü ildə bağlanmış nikahlarından 12 avqust 2004-cü il təvəllüdlü X5 doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin 2-1378/2005 nömrəli 17 aprel 2006-cı il tarixli qətnaməsi əsasında övladları onun himayəsindədir və atası Cavabdeh alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(010)-2346Z2014 saylı qətnaməsinə əsasən hər ay 103 manat miqdarında, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-2839/2019 saylı qətnaməsinə əsasən isə həmin alimentin miqdarının dəyişdirilərək 160 manata çatdırılması qət edilmişdir. Bildirir ki, 12 avqust 2022-ci il tarixində övladlarlnın 18 yaşı tamam olacaqdır, yəni o yetkinlik yaşına çatdığına görə atası tərəfindən saxlanması üçün ödənilən aliment dayandırılacaqdır. Qeyd edir ki, X5 hazırda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsidir. O həmin universitetdə 1 oktyabr 2021-ci il tarixindən Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsində əyani, ödənişli əsaslarla təhsil alır, illik təhsil haqqı 2000 manat təşkil edir. Bu faktı təsdiq edən müvafiq arayışlar iddia ərizəsinə əlavə olunur. Qeyd edir ki, ali təhsil aldığına görə övladının bütün xərclərini qarşılamaqda çətinlik çəkir (təhsil xərcləri, geyim, yemək və s). Əyani təhsil alması X4 yetkinlik yaşına çatdıqda belə əmək fəaliyyəti ilə məşğul olaraq öz xərclərini qarşılamasına ağlabatan maneədir. Odur ki, atası olaraq Cavabdeh bu xərclərdə iştirakı labüddür. Əlavə xərclərdə iştirakla bağlı mediasiya prosesi keçirilmişdir və cavabdehin qanunvericiliyə uyğun olaraq lazımi formada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh bu prosesdə iştirak elməmişdir. Məhkəməyə bildirir ki, onun aylıq gəliri aşağı miqdardadır. Onda olan məlumata əsasən isə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur, hər ay 2000-2500 manat pul qazanır. Lakin buna baxmayaraq məhkəmə qətnaməsi əsasında tutulan alimentlə bağlı artıq cavabdehin ona 4000 manat aliment borcu vardır. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 539712 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X5 12 avqust 2004-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2-1378/2005 saylı, 17 aprel 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh va X3 arasında 010 nömrə ilə qeyd edilmiş 01 noyabr 2003-cü il tarixdə bağlanmış nikah qeydinin pozulması, azyaşlı X4 anası X2 himayəsinə verilməsi, Cavabdeh hər ay sabit məbləğdə uşağın saxlanılmasına görə 30 manat, aylıq qazancı müəyyən edilərsə onun 1/4 hissəsi həcmində alimentin tutulması, alimentin tutulmasının başlanğıcının 01 sentyabr 2005-ci il tarixdən başlayaraq azyaşlı uşaq həddi buluğa çatana qədər davam etdirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2346/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 12 avqust 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment hesablanaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb və toplanmış mötəbər sübutların məcmusuna hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır. Belə ki,məhkəmədə müəyyən edilir ki, 12 avqust 2004-cü il təvəllüdlü X5 xx.xx.2022-ci 2022-ci il tarixində 18 yaşına çatdığından hal-hazırda tam mülki prosessual fəaliyyərt qabiliyyətli şəxsdir və onun hüquq və mənafeləri məhkəmədə özü tərəfindən və ya qanunvericiliklə müəyyən edilmiş onun tərəfindən verilmiş səlahiyyətli nümayəndəsi tərəfindən müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2839/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 12 avqust 2004-cü il təvəllüdlü X1 üçün təyin edilmiş aliment məbləğinin artırılaraq, yetkinlik yaşına çatanadək hər ay 193 manat məbləğində pul vəsaitini və saxlanmasından irəli gələn əlavə xərclərinin ödənilməsi ilə bağlı yetkinlik yaşına çatdıqdan sonra 23 yaşına çatanadək (əyani ali təhsil aldığına görə) hər il 1000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar