Məhkəmə qərarları › İş №e-2(012)-551/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-551/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-551/2025 27.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 79100 manat pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 327 manatın ümumilikdə 79,427 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 38100 manat, xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 41000 min manat, ümumilikdə 79100 manat pul vəsaiti "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi ilə bağlı etibar edərək, cavabdehə məxsus şirkətin və daimi gəlirləri olmasını nəzərə alaraq, külli miqdarda rəsmi qəbzlər əsasında borc pul vəsaiti verilmişdir. Cavabdehin borcunun olmasına dair, əlyazma ilə yazılmış möhürlü ərizəsi vardır. Cavabdeh ilə iddiaçı arasında olan razılaşmaya əsasən, ümumilikdə 79100 manat pul məbləğini geri qaytaracağına dair razılaşma olmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirməmiş qeyd olunan pul külli miqdarda vəsaitini geri qaytarmağdan qəsdən boyun qaçırmışdır. Hazırda cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, sözügedən 38000 və 41000 manat məbləğləri Kapital Banka olan ipoteka kreditinin faiz və gecikdirilmiş cərimə məbləğinə ödənilmişdir. Bundan əlavə qeyd edir ki, AR MPM-nin 739.2-ci maddəsinə əsasən, borc məbləği 3000 manatdan yuxarı olduqda yazılı qaydada müqavilə bağlanılmalıdır. Lakin göründüyü kimi tərəflər arasında heç bir yazılı müqavilə yoxdur. Bu səbəbdən də, bu əhəmiyyətsiz əqd hesab edilməlidir. Əhəmiyyətsiz əqdlərdə iddia müddətinin 1 il olduğu nəzərə alınsa, iddia ərizəsi 2023-cü ilin may ayınadək verilə bilərdi. Bundan əlavə iddia əsl cavabdehə qarşı, yəni Kapital Banka qarşı yönəlməmişdir. Burada cavabdehin məqsədi əsassız varlanma deyildir, banka olan borcun ödənilməsidir. Yəni sözügedən məbləğlər cavabdehə deyil, banka ödənilmişdir. Bundan başqa AR Mülki Məcəlləsinin öhdliklə bağlı 385 və 442-ci maddələri bu münasibətə tətbiq edilə bilməz. Belə ki, burada cavabdehin heç bir öhdəliyi yoxdur. Odur ki, qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, o, 2019- 2023-cü illərdə Cavabdeh şirkəti olan "xxxx" MMC-də işləmişdir. Bu şirkət dayanacaqlar, köşklərin istehsalı məşğul olmuşdur. Lakin sonradan İddiaçı gələrək, "xxxx" MMC-nin ləğv edilərək, MMC Yapı formasına keçəcəyini bildirmişdir. İddiaçı tərəf bununla bağlı şirkətdə bir neçə ay qalmışdır. Həmin müddət ərzində şirkət İddiaçın, istehsal isə Mayıs adlı şəxsə tapşırılmışdır. Bundan əlavə o, 2-3 aydır ki, əmək haqqını almamışdır. Bu səbəbdən şirkət tərəfindən ona 1800 manat məbləğində pul verilmişdir. Bu zaman otaqda Cavabdeh olubolmadığını dəqiq xatırlamır. Məhkəmədə şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində bildirmişdir ki, o, Cavabdeh şirkəti olan "xxxx" MMC-də 2019-2022-ci illərdə mühəndis olaraq işləmişdir. O, ilk əvvəl İddiaçı bir sifarişi ilə bağlı tanımış, daha sonra da şirkətdə görmüşdür. Belə ki, artıq Cavabdeh işçilərin maaşını verə bilmirdi. Bu dövrdə 2022-ci ilin aprel-may aylarında o, ofisə gələrkən İddiaçı görmüş və artıq şirkətin idarəsini İddiaçı davam etdirəcəyi deyilmişdir. Onu da bildirir ki, İddiaçı ona verilməli olan 4000 manatın 200 manatını ona Kafedə vermiş, qalan 3800 manatını isə ofisdə vermişdir. O, pulları alarkən Cavabdeh da orada olmuşdur. Onu da bildirir ki, həmin dövrdə şirkət Türkiyədən avadanlıqlar almışdır və buna görə də şirkətin çox borcu var idi. Bundan sonra şirkət Kapital Bankdan kredit götürmüşdür. Bununla əlaqədar Kapital Bankın kredit şöbəsinin əməkdaşı da şirkətə gəlmişdir. O, İddiaçı şirkətin kreditinə görə banka ödəniş etdiyini eşitmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 37/107 saylı əlavədən görünür ki, ban borcalana 15 % dərəcəsi ilə 3 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. -xx.xx.2022-ci il tarixli, TT**********89638100 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 38100 manat məbləğində pul köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli, TT**********62841000 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 41000 manat məbləğində pul köçürülmüşdür. -Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, e-2(012)-551/2025 saylı iş üzrə iddiaçı X2 2022-ci ilin 24 fevral və 27 may aylarında "xxxx" MMC-nin X1 vasitəsi ilə Kapital Bank MMC-dən götürdüyü 400.000 (dörd yüz min) manatlıq kredit borcunun ödəmək üçün 41.000 və 38100 manat olmaqla ümumilikdə 79100 manatı həmin kredit hesabından silinməsi üçün onun aralıq hesabına köçürmüşdür. Belə ki, onların aralarında borc müqaviləsi olmamış, həmin vəsait ona ödənilməmiş, şirkətin öhdəliklərinin ödənilməsi üçün bank tərəfindən hesabdan çıxılmışdır. Hazırda iddiaçının tələbi əsassız varlanma hesab olunursa, o halda, əsassız varlanma üçün 2 illik müddətin keçməsi səbəbindən o, tələb hüququnu itirmiş hesab olunmaldır. Həmin müddət kəsici müddətdir. Həmçinin iddia tələbi də əsl cavabdehə qarşı qaldırılmamışdır. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırki iddia tələbi üzrə iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanmışdır. Halbuki tərəflər arasında ümumiyyətlə borc münasibətləri olmamışdır. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsipredmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Plenum Qərarına əsasən, tərəflər əhəmiyyətsiz əqdlə əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərindən biri kimi göstərir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Həmin qərara əsasən, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Odur ki, o, hazırki iş üzrə iddia müddətinin bitməsi ilə əlaqədar olaraq iddianın rədd edilməsini xahiş etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, məhəllə 3130, mənzil 32, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 38100 manat, xx.xx.2022-ci il tarixdə Kapital Bank vasitəsi ilə bank qəbzi əsasında 41000 min manat, ümumilikdə 79100 manat pul vəsaiti "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi ilə bağlı etibar edərək, cavabdehə məxsus şirkətin və daimi gəlirləri olmasını nəzərə alaraq, külli miqdarda rəsmi qəbzlər əsasında borc pul vəsaiti verilmişdir. İddia ərizəsidə göstərilənlərə əsasən, Cavabdeh ilə iddiaçı arasında olan razılaşmaya əsasən, ümumilikdə 79100 manat pul məbləğini geri qaytaracağına dair razılaşma olmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtı-vaxtında yerinə yetirməmiş qeyd olunan pul külli miqdarda vəsaitini geri qaytarmaqdan qəsdən boyun qaçırmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 79100 manat pul vəsaitini onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin -1091. maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1 maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -135.1. maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. -157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə belə qeyd edir ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə 38100 manat, xx.xx.2022-ci il tarixdə 41000 min manat, ümumilikdə 79100 manat pul vəsaitini "xxxx" MMC-nin direktoru vəzifəsində işləməsi ilə bağlı etibar edərək pul vəsaiti verməsi iş materiallarında olan qəbzlərlə öz təsdiqini tapmışdır. Tərəflər arasında bu vəsaitin ödənilməsi gəlir əldə edilməsi ilə bağlı işgüzar münasibətlərdən irəli gəlmişdir. Lakin cavabdeh iddiaçıya həmin vəsaiti ödəməmiş və bununla da vəsaiti özündə saxlamaqla əsassız varlanmışdır. Ümumilikdə 79100 manat vəsaitin cavabdehin xeyrinə iddiaçı tərəfindən köçürülməsi ilə bağlı qəbzlər həmin məbləğin köçürülməsini təsdiq edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, təmin edilməlidir. Əsassız varlanma ilə bağlı 2-illik kəsici müddət nəzərdə tululmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə qeyd edir ki, iddiaçı ona pulun qaytarılmaması və bununla da hüququnun pozulmasını pulun köçürüldüyü vaxt deyil xeyli sonra bilmişdir. Belə ki, tərəflər arasında işgüzar münasibətdən irəli gələn pulun qaytarılmamsı müvafiq vaxtın xeyli müddət keçməsindən sonra iddiaçıya məlum olmuşdur. Çünkü gəlirin əldə edilməsi üçün ən azı 6aydan 1 ilədək vaxt lazım olur. İddiaçı həmin müddəti gözlədikdən sonra pulun ona verilməməsini anlayaraq hüquqlarının pozulduğunu bilmiş və məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə 2 illik kəsici müddətin keçməməsi qənaətinə gəlir. Cavabdeh məhkəməyə iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunduğu kimi iddiaçıya hüquqlarının pozulması iddiaçıya ödənişləri etdikdən sonra, yəni 2024-cü ildən məlum olmuşdur. Eyni zamanda tərəflər arasında mübahisə əsassız varlanmadan irəli gəlir. Buna isə 3 illik müddət tədbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllsinin 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Odur ki, məhkəmə hesab edir k, iddia müddəti hazırkı iddia tələbinə tədbiq edilə bilməz. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 79100 (yetmiş doqquz min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 327 (üç yüz iyirmi yeddi) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar