Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5513/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 1177,48 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1227,48 manat kredit borcunun və 33,40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsində bildirmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2024-cü il tarixli, BAKU0-10462-3642 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 0 faizlə 18 ay müddətinə 1220 manat kredit verilmiş (kreditin təyinatı – Vestel qabyuyan və Samsung mikrodalğalı soba alışı) və kreditin aylıq 68 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İddiaçı şirkət kredit məbləğinin 976 manat təşkil edən hissəsini kredit müqaviləsinin 3.1.1-ci bəndində qeyd edilmiş "xxxx" MMC-yə (VÖEN: **********) məxsus AZ09PAHA40060AZNHC********** saylı hesabına köçürməklə, 244 manat təşkil edən hissəni isə xx.xx.2024-xx.xx.2024-cü il tarixi dövrünü əhatə edən xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00639920 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura ilə köçürməklə vermişdir. Belə ki, qeyd edilən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində xx.xx.2024-cü il tarixli “Üzləşdirmə Aktı”nda göstərilən müştərilər barəsində "xxxx" MMC ilə iddiaçı arasında aparılmış qarşılıqlı hesablaşmadan cavabdehlə bağlı Əməkdaşlıq müqaviləsinin 3.3-cü bəndinə əsasən "xxxx" MMC Əməkdaşlıq müqaviləsinin 1 saylı Əlavəsində müəyyən edilmiş mükafat məbləğini ödəməlidir, iddiaçı isə Əməkdaşlıq müqaviləsinin 3.2-ci bəndinə əsasən kredit məbləğini mükafat məbləğini çıxmaqla ödəyir, yəni tərəflər arasında aparılacaq hesablaşmalar və kredit üzrə köçürmələr qarşılıqlı hesablaşmalar qaydasında aparılır. Cavabdeh 24 sentyabr 2024-cü il tarixinədək verilmiş kredit üzrə 1177,48 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 1227,48 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli, BAKU0-10462-3642 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh illik 0 faizlə 18 ay müddətinə 1220 manat kredit verilmiş (kreditin təyinatı – Vestel qabyuyan və Samsung mikrodalğalı soba alışı) və kreditin aylıq 68 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan 24 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh verilmiş kredit üzrə üzrə "xxxx" BOKT MMC-yə 24 sentyabr 2024-cü il tarixinə 1177,48 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1227,48 manat borcu mövcuddur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin 16 aprel 2024-cü il tarixli, BAKU0-10462- 3642 saylı kredit müqaviləsinə əsasən hesablanmış 50 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 5 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 33,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1177,48 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 1182,48 manat və dövlət rüsumu olaraq ödənilmiş 33,40 manat məbləğində vəsait iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5513/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5513/2024
28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver