Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5629/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6599,92 manat məbləğində əsas borcun, 767,6 manat məbləğində faiz borcunun, 175,42 manat məbləğində cərimə borcunun, cəmi 7542,94 manat borcun və 97 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 22 % olmaqla 12000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqаviləsinə əsаsən zaminlər bаnk qаrşısındа öz üzərlərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyırlar və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddia tələbini tam qəbul etdiklərini, borcun müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməsinə zərurət olmadığını bildirdilər. Onlar bu barədə məhkəməyə ərizə təqdim etdilər. Məhkəmə cavabdehləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə imzalanmış MK/53450/86/23 saylı kredit sazişindən (müqaviləsindən) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 % hesablanması şərti ilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin təminatçısı kimi zaminlər Cavabdeh3 və Cavabdeh2 bu sazişi imzalamışlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 6599,92 manat məbləğində əsas borcu, 767,6 manat məbləğində faiz borcu, 175,42 manat məbləğində cərimə borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, bank tələbin məbləğini özünün verdiyi maliyyə arayışı ilə müəyyən etmiş, Cavabdeh1 bu məbləği mübahisələndirməmişdir. Məhkəmə bankın təqdim etdiyi maliyyə arayışını mötəbər sübut kimi qəbul edərək belə hesab edir ki, müqavilə üzrə tutulmalı olan əsas və faiz borcu məhz həmin arayışda göstərilən məbləğdədir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 175,42 manat dəbbənin məbləği azaldılmalı və 7,48 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında məlum kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh1 müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, habelə zaminlik müqaviləsi də qüvvədə olduğundan, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6599,92 manat məbləğində əsas borc, 767,6 manat məbləğində faiz borcu, 7,48 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7375 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 93,75 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6599,92 manat məbləğində əsas borc, 767,6 manat məbləğində faiz borcu, 7,48 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7375 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 93,75 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5629/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5629/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver