Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5646/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300,43 manat məbləğində əsas kredit borcunun, 5,59 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 1306,02 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 33,03 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-ci il tarixli Rest 006CASA191440007 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti tətbiq edilməklə 1376,49 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında 006FİZAM12748402 sayıl xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 onunla bağlanmış güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 1300,43 manat məbləğində əsas kredit borcu, 5,59 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 1306,02 manat məbləğində borcu qalmaqdadır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İşdə olan Cavabdeh1 İddiaçı ASC ilə xx.xx.2019-cu il tarixdə bağladığı Rest 006CASA191440007 saylı güzəştli kredit müqaviləsindən görünür ki, 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti tətbiq edilməklə 1376,49 manat məbləğində kredit verilmişdir. İşdə olan 006FİZAM12748402 sayıl xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə xx.xx.2019-cu il tarixdə bağladığı Rest 006CASA191440007 saylı güzəştli kredit müqaviləsi üzrə banka 1300,43 manat məbləğində əsas kredit borcunun, 5,59 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 1306,02 manat məbləğində borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh1 həmin müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Eləcə də, Cavabdeh2 bu kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün İddiaçı ASC-nin ondan öhdəliyin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 1300,43 manat əsas kredit borcu, 5,59 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 1306,02 manat pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 33,03 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1300,43 manat əsas kredit borcu, 5,59 manat kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 1306,02 manat və ödənilmiş dövlət rüsumu üçün 33,03 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5646/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5646/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver