Məhkəmə qərarları › İş №e-2(012)-5772/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5772/2022

26.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5772/2022 26.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1921/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2009-cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində qeydə alınmış, tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflər arasındakı nikah Abşeron rayon Məhkəməsinin 2(012)- 920/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən uşaqlar ananın himayəsində saxlanılmışdır. Həmin qətnamə ilə hər uşağın saxlanılması üçün 108 manat olmaqla, cəmi 216 manat alimentin tutulması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1921/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 30 manat olmaqla, cəmi 60 manat alimentin tutulması qət edilmişdir. 2 azyaşlı məktəbli uşaq hər biri günə 1 manata, ayda 30 manata yaşayıb, təhsil alıb, sağlam və tərbiyəli böyüməlidir. 1 ədəd çörəyin qiyməti ölkədə hazırda, 70 qəpik, 1 ədəd yumurtanın qiyməti 30 qəpik olarsa, aliment ödənişinin məbləği də bitmiş olur. Heç də sirr deyil ki, həmin məbləğ uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh uşaqlarına baxmır, onların xərclərini qarşılamır. Boşandıqdan 7 il ərzində bir dəfə də maraqlanmamışdır. Boşanma vaxtı uşaqların 3 və 5 yaşları var idisə, hazırda, uşaqların 10 və 12 yaşı var, təbii ki, tələbatları da dəyişmiş və artmışdır. Aliment təyin olunarkən, azyaşlılar heç məktəbə getmirdi. İndi isə iki azyaşlı yeniyetmə oğlan uşağının bütün təminatı iddiaçının üzərindədir. İddiaçı heç bir yerdə işləmir, maddi durumu acınacaqlıdır. Bu səbəbdən də, alimentin miqdarının artırılması mühüm və zəruridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsində olan məhkəmə iclasına görə hazırki iclasda iştirak edə bilməmiş, iddiaçı cavabdehin verdiyi etiraz və ərizələrlə tanış olmuş, cavabdehin İ qrup əlil olması barədə məlumatlıdır, iddia tələbini müdafiə etmiş, cavabdehin etirazında qeyd olunan əsasların nəzərə alınıb-alınmamasını isə məhkəmənin mülahizəsinə buraxmış, bu səbəbdən də, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə etirazdan görünür ki, İddiaçı ərizəsində iki azyaşlı məktəblinin saxlanılması üçün 60 manatın yetərli olmamasını, özünün heç yerdə işləməməsini və maddi durumunun acınacaqlı olmasını əsas gətirərək aliment miqdarının artırılmasını və hər bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə, 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiklərini əsassız sayır. Cavabdeh iddiaçı ilə evli olduğu vaxt ağır avtoqəza keçirmiş və bu qəza nəticəsində İ qrup əlil olmuşdur. Sənəddən də göründüyü kimi, hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması, ataksiya hiperkinetik sindrom, hərəkət və ayaqüstə durmağa imkan verməyən amiostatik sindrom, kəllə-beyin travması, baş beynin əzilməsi, sağ almazı və burun sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə İ qrup əlil olmuşdur. Cavabdeh xəstə olaraq huşsuz, hərəkətsiz halda evdə yataqda yatdığı vaxt iddiaçı qonşuluqda işləyən usta ilə xəyanət etmiş və bunu yaxınlıqda yaşayan valideynləri hiss etdikdən sonra iddiaçı uşaqlardan birini götürərək atası evinə getmişdir. Bundan sonra cavabdeh nikahın pozulması, uşaqların onun himayəsində qalması tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda, İddiaçı isə yetkinlik yaşına çatmayan uşaqların ananın himayəsində qalması və sabit pul məbləğində alimentin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını araşdırmadan cavabdehin İ qrup əlil və əmək qabiliyyətsiz olmağını nəzərə almadan hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat alimentin tutulması barədə ədalətsiz qərar qəbul etmişdir. Sonradan cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək İ qrup əlil olmağını, işləmək qabiliyyətində olmamağını və daim həkim nəzarətində olaraq müalicəyə ehtiyacı olmağını nəzərə alaraq aliment miqdarının azaldılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2015-ci il tarixli 2(105)-1921/2015 saylı qətnaməsi ilə şikayət qismən təmin edilmiş, hər uşağa görə 30 manat olmaqla, cəmi 60 manat aliment miqdarı müəyyən edilmişdir. Cavabdeh halhazırda əmək qabiliyyətsizdir, işləmək iqtidarında deyil, daim müalicələr alır və kənar şəxsin köməyinə ehtiyacı var. Dövlət tərəfindən cavabdehə İ qrup əlil olduğu üçün müddətsiz müavinət və təqaüd verilir. Ərizəyə əlavə edilmiş. 6 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından da göründüyü kimi, İ qrup əlilə görə aylıq 130 manat Prezident təqaüdü və 220 manat sosial müavinət alır. Ümumilikdə, cavabdehin aylıq gəliri 350 manat təşkil edir. Cavabdeh işləmək qabiliyyətində deyil, hər ay həkim müayinəsindən keçərək müalicə alır, ayda 150 manatdan yuxarı həkim və dərmanlara pul xərcləyir.Yerdə qalan pul isə cavabdehin kommunal və yemək-içmək xərclərinə kifayət etmir. İddiaçı isə sağlamdır, işləyə bilər, uşaqların ehtiyaclarını qarşılaya bilər. Ona görə də aliment miqdarının 30 manatdan 50 manata artırılmasına etiraz etmir, məhkəmə qətnamə qəbul edərkən cavabdehin İ qrup əlil və əmək qabiliyyətsiz olmağını nəzərə almalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin qismən təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 50 manat olmaqla, ümumilikdə, 100 manat sabit pul məbləğində alimentin artırılaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İİ № 290807 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 828 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X3r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 874289 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 812 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İ № 242883 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 136 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Ağayeva” soyadı verilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-3824/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(012)-774/2018 saylı qətnaməsi iddia tələbinin alimentin miqdarının artırılmasına aid hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən daha sonra görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-774/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. Qətnamədən daha sonra görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1921/2015 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-920/2015 saylı, 08 iyul 2015ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, 20 may 2009-cu il təvəllüdlü X4 və 20 fevral 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulmalı olan alimentin miqdarı hər ay hər bir uşağa görə 30 manat (2 uşağa görə cəmi 60 manat) həddində müəyyən edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 saylı arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Nazirliyin X1 sisteminə “Sosial ödənişlər” altsisteminə əsasən, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyə görə aylıq 130 manat Prezident təqaüdü və 220 manat sosial müavinət alır. -X1 Sistemi Əlillik haqqında arayışdan görünür ki, Cavabdeh hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması, ataksiya hiperkinetik sindrom, hərəkət və ayaqüstə durmağa imkan verməyən amiostatik sindrom, keçirilmiş ağır müştərək travmadan sonrakı vəziyyət, kəllə-beyin travması, baş beynin əzilməsi, sağ almacıq və burun sümüyünün yerdəyişmiş sınığına görə müddətsiz ümumi xəstəlik səbəbindən ona birinci dərəcəli əlillik təyin olunmuşdur. -Abşeron rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 00217 saylı vəsiqədən görünür ki, Cavabdeh ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlillik təyin olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Astara rayonu İ.Kaverin küçəsi 37A saylı evdə, Cavabdeh isə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1921/2015 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 30 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2022-ci il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1921/2015 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutları, Plenum Qərarının və qanunvericiliyin tələblərini rəhbər tutaraq, alimentin miqdarının dəyişdirilməsi tələbinə hüquqi qiymət verərkən tərəflərin maddi və ailə vəziyyətində dəyişikliyin olubolmamasını nəzərə alır. İddiaçı tərəfindən 2018-ci ildə məhkəməyə alimentin miqdarının artırılması tələbi ilə bağlı müraciət edilərkən Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-774/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-3824/2018 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-774/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin bununla belə, məhkəmə cavabdehin Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyə görə aylıq 130 manat Prezident təqaüdü və 220 manat sosial müavinət almasını, uşaqların saxlanılmasının hər iki valideyninin vəzifəsi olmasını nəzərə alaraq alimentin miqdarının artırılmasını zəruri hesab edir. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)- 1921/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni (80-30=50 manat, 50 manat x 2 (uşaq) = 100 manat, 100 manat x 12 ay = 1200 manat) ödənilməli olan 32 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(105)-1921/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 32 (otuz iki) manat tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar