Məhkəmə qərarları › İş №e-2(012)-583/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-583/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-583/2023 09.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər-vərəsələr Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2012-ci il tarixli BAL0358410/12 saylı kredit müqaviləsi üzrə 1095.01 manat əsas, 5.88 manat faiz olmaqla, ümumilikdə, cəmi 1100.89 manat borcun və 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL0358410/12 saylı müqaviləyə əsasən, bank tərəfindən ona 1000 manat kredit verilmişdir. Hazırda, mərhumun banka ümumi olaraq 1100.89 manat borcu vardır. X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 (arvadı), Cavabdeh3 (oğlu) və Cavabdeh1 (qızı) X2 qanuni vərəsələridir. X4 tərəfindən vərəsələrinə qalan miras əmlak "xxxx" ASC-də adına ayrılmış 235.6 manat pul kompensasiyasından ibarətdir. Hazırda, cavabdehlər miras qoyanın əmlakına münasibətdə vərəsə olduğundan bank qarşısında mərhumun kredit borcuna münasibətdə də cavabdehlik daşıyırlar. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh3 qanuni nümayəndəsi, eyni zamanda, Cavabdeh2 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mərhum X4 onun həyat yoldaşı olmuş və mərhum xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Mərhumun bankla kredit müqaviləsi bağlamasından məlumatı olmamışdır. Həyat yoldaşı vəfat edəndən sonra bank tərəfindən məktub gəlmiş və həmin zaman kredit borcu barədə məlumatlı olmuşdur. Mərhum tərəfindən sonuncu ödəniş tarixi barədə də məlumatı yoxdur və ölümündən sonra da vərəsə olaraq, onlar tərəfindən ödəniş edilməmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddia ərizəsini qəbul edərək digər Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat vermişlər. İddiaçı ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borcverən İddiaçı ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL0358410/12 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 1000 manat kredit verilmişdir. -xx.xx.2012-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, borcalan bir ədəd bolkart əşyasını təhvil almışdır. -1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ № 893335 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1409 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -xx.xx.2019-cu il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş mərhum X2 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras əmlakdan hər biri 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-də adına ayrılmış 235.6 manat pul kompensasiyasından ibarətdir. -İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borcalanın kredit müqaviləsi üzrə 1095.01 manat əsas, 5.88 manat faiz borcu olmaqla, cəmi 1100.89 manat borcu vardır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı ASC - adlı qurum VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2021-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1069, ünvan 1 Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 21-ci məhəllə 292 saylı mənzildə qeydiyyatdadır. İddia tələbinin cavabdehlərlə bağlı hissəsində məhkəmə qeyd edir ki, ilkin olaraq, iddia tələbinin yönəldiyi cavabdehlərin həmin iddia tələbi ilə bağlı subyektiv hüququnun olub-olmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi X4 vəfat etdiyindən onun varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yönəldilmişdir. xx.xx.2019-cu il tarixli 2V- 70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum X1 miras qalmış əmlaka dair onun vərəsələrinin adlarına vərəsəlik işi açılmış və həmin vərəsələr mərhumdan miras qalmış pul kompensasiyası məbləğindən hər biri 1/3 hissədə olmaqla pay almışlar. Göründüyü kimi, mərhum şəxsin vərəsələri artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 cavabdehlər kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin araşdırılan hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL0358410/12 saylı kredit müqaviləsi üzrə cavabdehlər-vərəsələr Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1095.01 manat əsas, 5.88 manat faiz borcu olmaqla, cəmi 1100.89 manat borc və 32 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli BAL0358410/12 saylı kredit müqaviləsi üzrə cavabdehlər-vərəsələr Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1095.01 (min doxsan beş manat bir qəpik) manat əsas, 5.88 (beş manat səksən səkkiz qəpik) manat faiz olmaqla, ümumilikdə, cəmi 1100.89 (min yüz manat səksən doqquz qəpik) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar