Məhkəmə qərarları › İş №e-2(012)-585/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-585/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-585/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin dəyişdirilərək, əmək haqqının və digər gəlirlərin 1/4 hissəsi miqdarında müəyyən edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 111 manat olmaqla, cəmi 161 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2014-cü il tarixdə X4 anadan olmuşdur. Sonradan ailə münasibətlərində problemlər yaranmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 337/2017 saylı qətnaməsi ilə nikah pozulmuş, uşaq onun yanında saxlanılmış və X1 üçün 137 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. 2017-2021-ci illər ərzində alimentin məbləği 137 manat qalmış və bir dəfə də olsa, cavabdeh bu məbləği könüllü olaraq artırmağa cəhd etməmişdir. Nəhayət o, məcbur olaraq məhkəmədə alimentin artırılması barədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2563/2021 saylı qətnaməsi ilə qeyd edilən alimentin məbləği 137 manatdan dəyişdirilərək, 175 manat müəyyən edilmişdir. Bundan sonra da uşaqlar üçün yaşayış minimumu artırılmış, ölkədə satış və xidmət sahəsində qiymətlər artmış və bütün bunlar uşağın da ehtiyaclarının ödənilməsinə mənfi təsir göstərmişdir. Lakin cavabdeh bu ehtiyacların artmasını nəzərə almamış, uşağın saxlanması üçün lazımi qaydada və miqdarda aliment ödəməmişdir. Nəticədə onun uşağı saxlamaq üçün vəziyyəti daha da ağırlaşmışdır. Belə ki, balaca uşaq orta məktəbə gedir və ona görə də onun məsrəfləri yetərincə artmışdır. Bundan başqa, uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək, tək qadın olaraq onun üçün çox çətindir. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkında baş mütəxəssis sürücü vəzifəsində işləməklə, orta aylıq əmək haqqı 2213 manat təşkil edir. Lakin cavabdeh rəsmi işlədiyini də gizlədərək uşağının maddi ehtiyaclarını lazımi qədər ödəməkdən yayınmışdır. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsinə etiraz etdi. O bildirdi ki, cavabdeh başqa nikahda da olmuşdur və bu nikahdan onun 1 uşağı vardır. Həmin uşağın saxlanılması üçün onun əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulmaqdadır. Hazırki qətnamə ilə də onun əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulacaqsa, cavabdehin özünün maddi vəziyyəti pisləşəcəkdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2563/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-337/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkının xx.xx.2022-ci il tarixli, 29/10 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Avtomobil Parkında baş mütəxəssis-sürücü vəzifəsində işləyir. Onun orta aylıq hesablanmış qazancı 2213 manat təşkil edir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 6119/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, X6 ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən 18 dekabr 2017-ci ıl tarixdə 3125 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, 24 may 2019-cu il təvəllüdlü X3 anası X5 yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 24 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X5 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş 175 manat sabit aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, aylıq gəlir və qazancın ¼ hissəsi miqdarında artırılmasını tələb edir. İşdən görünür ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 2213 manat təşkil edir. Bundan başqa, işdən görünür ki, cavabdeh sonradan yenidən nikaha girmiş, bu nikahdan da onun 1 uşağı olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6119/2022 saylı qətnaməsi ilə 24 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh X5 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Başqa sözlə, cavabdehin aylıq qazancının ¼ hissəsi hazırda məhkəmə qətnaməsinə əsasən aliment kimi tutulmaqdadır. Məhkəmə birgə nikahdan doğulmuş Məryəm adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2563/2021 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 175 manat sabit pul məbləğində aliment artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Bu nəticəyə gələrkən məhkəmə cavabdehin əvvəlki məhkəmə qətnaməsinə əsasən Milana adlı uşağın saxlanılması üçün aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasını nəzərə alır. Doğrudur, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşaq üçün ümumilikdə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi (hər uşaq üçün 1/6) miqdarında aliment tutulmalıdır. Lakin qeyd edildiyi kimi, azyaşlı Milana üçün bu hədd məhkəmə qətnaməsilə artıq ¼ nisbətində müəyyən edildiyindən, bərabərlik prinsipinə əsaslanaraq məhkəmə Məryəmin də saxlanılması üçün bu həddə alimentin tutulmasını məqbul hesab edir. Hazırki halda cavabdehin aylıq qazancının yarısının onun iki uşağının saxlanılması üçün tutulması Ailə Məcəlləsinin 76-cı maddəsinin ümumi prinsiplərinə zidd deyildir. Həmçinin məhkəmə hesab edir ki, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Hüquqi yardım üçün ödənilmiş 111 manat pulun tutulması hissəsində iddia təmin edilə bilməz, çünki iddiaçı bu barədə mötəbər sübutları (ödəmə qəbzini) məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar