Məhkəmə qərarları › İş №e-2(012)-586/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-586/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-586/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli MM/37608/50/23 saylı müqaviləyə əsasən 1347,28 ABŞ dolları əsas, 79,05 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1426,33 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Xankişiyeva Anaxanım Ağagül qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MM/37608/50/23 saylı müqaviləyə əsasən bank ona ümumilikdə 3895 ABŞ dolları kredit vermişdir. Hazırda mərhum Xankişiyeva Anaxanım Ağagül qızının banka 1426,33 ABŞ dolları borcu var. Xankişiyeva Anaxanım Ağagül qızı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh Xankişiyeva Anaxanım Ağagül qızının qanuni vərəsəsidir. Xankişiyeva Anaxanım Ağagül qızı tərəfindən vərəsələrinə qalan miras əmlak "xxxx" ASC-nin Səbail filialının 20 iyun 2016-cı il tarixli,1165 saylı məktubuna əsasən AZ071BAZ******************** saylı əmək haqqı kartında olan 4455,36 manat vəsaitdən ibarətdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, mərhum Xankişiyeva Anaxanım Ağagül qızının bankda digər kreditləri də olmuşdur. Belə ki, xx.xx.2014-cü il tarixli, BAL 1556723/13 saylı müqaviləyə əsasən bank mərhum Xankişiyeva Anaxanım Ağagül qızına 500 manat, xx.xx.2014-cü il tarixli DK9957123/14 saylı müqaviləyə əsasən 100 manat məbləğində kredit vermişdir. Həmin kreditlərə görə məhkəməyə müraciət üçün bank tərəfindən əlavə olaraq 30 manatdan olmaqla iki dəfə rüsum ödənilmişdir. Göstərilənlərə əsasən xx.xx.2015-ci il tarixli, MM/37608/50/23 saylı müqaviləyə əsasən 1347,28 ABŞ dolları əsas, 79,05 ABŞ dolları faiz, xx.xx.2014-cü il tarixli, DK9957123/14 saylı müqaviləyə əsasən 99 manat əsas, 12 manat faiz və 3 manat cərimə borcu, xx.xx.2014-cü il tarixli, BAL 1556723/13 saylı müqaviləyə əsasən 333,13 manat əsas, 32,93 manat faiz borcu olmaqla, cəmi 480,06 manat və 1426,33 ABŞ dolları borcun, həmçinin ödənilmiş 105 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. Məhkəmə cavabdehi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2014-cü il tarixli, BAL 1556723/13 saylı kredit xətti müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC ilə cavabdeh Xankişiyeva Anaxanım Ağagül qızı arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 5000 manat məbləğində kredit xətti ayrılmış və kredit xəttindən ilkin istifadə edilə biləcək məbləğ 500 manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli DK9957123/14 saylı kredit sazişindən müəyyən edilir ki, İddiaçı ASC cavabdeh Xankişiyeva Anaxanım Ağagül qızına kredit xətti üzrə 100 manat vermişdir. İşdə olan xx.xx.2015-ci il tarixli MM/37608/50/23 saylı kredit sazişindən müəyyən edilir ki, İddiaçı ASC cavabdeh Xankişiyeva Anaxanım Ağagül qızına illik 24 % olmaqla 29 ay müddətinə 3895 ABŞ dolları kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Xankişiyeva Anaxanım Ağagül qızının xx.xx.2015-ci il tarixli MM/37608/50/23 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1347,28 ABŞ dolları əsas, 79,05 ABŞ dolları faiz borcu, xx.xx.2014-cü il tarixli, DK9957123/14 saylı müqaviləyə əsasən 99 manat əsas, 12 manat faiz və 3 manat cərimə, xx.xx.2014-cü il tarixli, BAL 1556723/13 saylı müqaviləyə əsasən 333,13 manat əsas, 32,93 manat faiz borcu vardır. İşdə olan xx.xx.2016-ci il tarixli AZ-İ seriyalı 794809 saylı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, Xankişiyeva Anaxanım Ağagül qızı həmin tarixdə ölmüşdür. İşdə olan "xxxx" ASC-nin Səbail filialının 20 iyun 2016-cı il tarixli,1165 saylı məktubundan müəyyən edilir ki, bankın müştərisi Xankişiyeva Anaxanım Ağagül qızının adına AZ071BAZ******************** saylı əmək haqqı kartında olan 4455,36 manat məbləğində vəsait mövcuddur. İşdə olan AZ-İİİ seriyalı 278787 saylı doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh anası Xankişiyeva Anaxanım Ağagül qızıdır. İşdə olan xx.xx.2016-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh mərhum Xankişiyeva Anaxanım Ağagül qızının yeganə vərəsəsi kimi tanınmış və sonuncunun miras əmlakının "xxxx" ASC-nin Səbail filialının 20 iyun 2016-cı il tarixli,1165 saylı məktubuna əsasən AZ071BAZ******************** saylı əmək haqqı kartında olan 4455,36 manat məbləğində vəsait olması qeyd edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, hazırki iş üzrə kredit götürmüş şəxs Xankişiyeva Anaxanım Ağagül qızı öldüyü və ölümündən sonra ondan miras qalmış əmlakı qəbul edən yeganə vərəsə Cavabdeh olduğu üçün Cavabdeh xx.xx.2014-cü il tarixli, BAL 1556723/13 saylı müqaviləyə əsasən 333,13 manat əsas, 32,93 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, DK9957123/14 saylı müqaviləyə əsasən 99 manat əsas, 12 manat faiz və 3 manat cərimə borcu olmaqla, cəmi 480,06 manat, xx.xx.2015-ci il tarixli, MM/37608/50/23 saylı müqaviləyə əsasən 1347,28 ABŞ dolları əsas, 79,05 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1426,33 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində 105 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi məhkəməyə təqdim etməmiş, daha az məbləğdə dövlət rüsumu ödəmişdir. Ona görə də, həmin hissədə iddia qismən təmin edilməli, 49,05 manat dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 333,13 manat əsas, 32,93 manat faiz borcu, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 99 manat əsas, 12 manat faiz və 3 manat cərimə borcu olmaqla, cəmi 480,06 manat, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 1347,28 ABŞ dolları əsas, 79,05 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1426,33 ABŞ dolları pul ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə və dövlət rüsumu olaraq ödənilmiş 49,05 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar