Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-594/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh-vərəsə Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 1304,56 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 8350,75 manat əsas borc və ödənilmiş 130,05 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı "xxxx" ASC –nin nümyəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 8350,75 manat əsas borc və ödənilmiş 130,05 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulmasına dair qətnamə qəbul edəsiniz. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesanlanmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC-nin “Yasamal” filialı ilə X6 arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci nömrəli kredit müqaviləsinə əsasən,Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Abşeron 2 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X4 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2021-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 8350.75 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X4 BPM**********89 nömrəli, xx.xx.2021-ci tarixlikredit müqaviləsinə əsasən, tam kredit borcu üzrə, Banka ödənilməmiş 4999.02 manat əsas və 1304.56 manat faiz borcu qalmışdır. Cavabdeh X4 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfilərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 14654.33 manat olduğundan, tərəflərindən 130.05 manat dövlət rüsumu və 40 manat bank xidməti haqqı ödənilmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsində görünür ki, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesanlanmaqla 10000 manat məbləğində nağd kredit verilmişdir. -"xxxx" ASC-nin “Yasamal” filialı ilə X6 arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 5000 manat məbləğində kredit limiti açılmışdır. -Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 199255 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. -xx.xx.2021-ci il tarixli 2V-241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş mərhum X4 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. -"xxxx" ASC-nin arayışından görünür ki, borcalanın BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 8350,75 manat əsas borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddia tələbinin cavabdehlə bağlı hissəsində məhkəmə qeyd edir ki, ilkin olaraq, iddia tələbinin yönəldiyi cavabdehin həmin iddia tələbi ilə bağlı subyektiv hüququnun olubolmamağı müəyyənləşdirilməlidir. Belə ki, iddia tələbi X6 vəfat etdiyindən onun varisinə yönəldilmişdir. xx.xx.2021-ci il tarixli 2V-241 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış əmlaka dair onun vərəsəsinin adına vərəsəlik işi açılmış və həmin vərəsə mərhumdan miras qalmış pul kompensasiyası məbləğindən tam hissədə olmaqla pay almışdır. Göründüyü kimi, mərhum şəxsin vərəsəsi artıq müəyyən edilmişdir. Ona görə də iddia ərizəsində Cavabdeh kimi göstərilməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1133.1. maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri yaranmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiyanın 60-cı maddəsinə, Mülki Məcəllənin 1243 və 1306.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin araşdırılan hallarına, tədqiq edilmiş sübutlara, yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 8350,75 manat əsas borc cavabdeh-vərəsə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 4999,02 manat əsas və 17,64 manat faiz borcu, BPM**********89 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, banka ödənilməmiş 8350,75 manat əsas borc və ödənilmiş 130,05 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı cavabdeh-vərəsə Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-594/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-594/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver