Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5967/2023 29.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 560 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan 99KU288 dövlət qeydiyyat nişanlı “Mercedes Benz E240” markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış 77CE904 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı 77CE904 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. 77CE904 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 560 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən 560 manat məbləğində sığorta ödənişi məbləğində sığorta ödənişi sığortalının şəxsi hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2023-cü il tarixində 560 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh zərərçəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 560 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 15 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 22 noyabr 2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” sedan markalı, 77CE904 dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. xx.xx.2022-ci il tarixli, ƏN-Vİİİ 573157 saylı etibarnamənin surətindən görünür ki, X6 həmin etibarnamə ilə “Chevrolet Cruze” minik markalı, 77CE904 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipotekaya qoymağı, sərəncam verməyi və digər hərəkətləri, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi xx.xx.2023-cü il tarixədək X4 etibar etmişdir. İ-MİC-2224/22 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsinin və şəhadətnamənin ayrılmaz hissəsi sayılan 2 nömrəli əlavənin surətindən görünür ki, “Chevrolet Cruze” markalı, 2013-cü il buraxılışlı, qara metallik rəngli, 77CE904 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022 saat 00:00-dan xx.xx.2023 saat 23:59-dək sığortalanmışdır. Sığorta predmetinin dəyəri 16.000 manat, sığorta məbləği 16.000 manat, sığorta haqqı 663 manatdır. AD seriyalı 569251 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E240” minik markalı, 99KU288 dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. xx.xx.2022-ci il tarixli, ƏN-Vİİİ 381989 saylı etibarnamənin surətindən görünür ki, X5 həmin etibarnamə ilə “Mercedes Benz E240” minik markalı, 99KU288 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipotekaya qoymağı, sərəncam verməyi və digər hərəkətləri, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi xx.xx.2023-cü il tarixədək Cavabdeh etibar etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Zabrat qəsəbəsində mülkiyyətçisi X5 məxsus və sürücü Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, 99KU288 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi - toqquşma baş vermişdir. Sürücü avtonəqliyyat vasitəsini idarə edən zaman ayıq vəziyyətdə olmuşdur. Mülkiyyətçi X2 məxsus və X3 idarə etdiyi “Chevrolet Cruze” markalı, 77CE904 dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində zərər dəymiş - sağ yan hissəsi zədələnmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokulun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:45-də sürücü Cavabdeh idarə etdiyi “Mercedes Benz E240 minik” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə saat 14:45-də idarə etdiyi “Mercedes Benz E240 minik” markalı, 99KU288 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 168272 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, “Chevrolet Cruze” markalı, 77CE904 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan yekun olaraq 560 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Sığorta Aktının (CM-4659/2022 saylı) surətindən görünür ki, sığortalı X7, faydalanan şəxs X7, sığortanın müddəti xx.xx.2022 saat 00:00 - xx.xx.2023 saat 23:59, sığorta dəyəri 16.000 manat, sığorta məbləği və faizi 14.506,75 manat (100 %), azadolma məbləği 0 manatdır. Sığorta növü fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsidir, sığorta predmeti “Chevrolet Cruze” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobilə dəymiş zərər 560 manat, sığorta ödənişi 560 manat məbləğində müəyyən edilmişdir. 31 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 xx.xx.2023-cü il tarixli, CM-4659/2022 saylı sığorta aktına əsasən 560 manat sığorta ödənişi ödənilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 22 fevral 2023-cü il tarixli, 0937/L nömrəli məktubun surətindən görünür ki, Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E240” markalı, 99KU288 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 77CE904 dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 560 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata keçirdikdən sonra həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edilə biləcəyi bildirilmiş, subroqasiya hüququna əsasən 560 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “Chevrolet Cruze” sedan markalı, 77CE904 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz E240” markalı, 99KU288 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmiş, həmin yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli bilinmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Dəymiş zərərlə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən 560 manat sığorta ödənişi edilmişdir. Göründüyü kimi, sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 560 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 - 284-6, 358, 360 və 362-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 560 (beş yüz altmış) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-5967/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5967/2023
29.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver