Məhkəmə qərarları › İş №e-2(012)-6009/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6009/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6009/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 380 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də bağlanmış xx.xx.2021-ci il il tarixli PAA********** saylı sığorta müqaviləsinə əsasən “Kamaz 65115” markalı, 99KV469 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Kamaz 65115” markalı, 99KV469 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Hyundai Elantra” markalı, 90UX640 dövlət qeydiyyat nömrəli avtomobilə zərər vurmuşdur. Həmin zərərin aradan qaldırılması üçün "xxxx" ASC 380 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Abşeron RPİ DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdeh hadisə yerindən yayınmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki iş materiallarında olan və tədqiq olunmuş: -elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sakibib mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından çıxarışdan görünür ki, X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə “Kamaz 65115” markalı, 99KV469 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 250 manat, bonus-malus əmsalı 0.90, yekun sığorta haqqı 225 manat olmaqla əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, sığortalı X4 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hyunday Elantra” markalı, 90UX640 dövlət qeydiyyat nişanlı avtomobilə 380 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Kamaz 65115” markalı, 99KV469 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -Hesablama aktından görünür ki, “Hyunday Elantra” markalı, 90UX640 dövlət qeydiyyat nişanlı avtomobilə 380 manat dəymiş zərər hesablanmışdır. -"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli AS-23/352 saylı məktubdan görünür ki, cavabdehə 380 manat sığorta ödənişi ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, X2 mülkiyyətində olan “Hyunday Elantra” markalı, 90UX640 qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə baş verən anda X2 mülkiyyətində olan və həmin şəxs tərəfindən idarə olunmuş “Hyunday Elantra” markalı, 90UX640 qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 380 manat dəyərində ziyan dəymiş, həmin məbləğin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən, köçürmə yolu ilə ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində “Kamaz 65115” markalı, 99KV469 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və təqsirinin sübuta yetirilməsi öz təsdiqini tapmış, nəticədə, cavabdeh 100 manat dəyərində cərimə olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdeh hadisə yerindən yayınmışdır. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib hadisə yerindən yayındığından iddiaçı 380 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nun 25-ci və 63cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 63.1 maddəsidir ki, həmin maddələrə əsasən: 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən, başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Cavabdeh “Hyunday Elantra” markalı, 90UX640 qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 380 manat pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh “Hyunday Elantra” markalı, 90UX640 qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 380 (üç yüz) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 410 (dörd yüz on) manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar