Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6047/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Rizvan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Rizvan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 52500 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 248 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, iddiaçı ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayır. Cavabdehi uzun müddətdir ki, tanıyır. Tərəflərin arasında hər zaman xoş münasibət olmuşdur. xx.xx.2024-cü il tarixdə aralarında borc müqaviləsi bağlanaraq İddiaçı Cavabdeh 72100 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu xx.xx.2025-ci il tarixədək 3 ay 3000 manat, 4-cü ay 3100 manat, qalan 12 ay isə 5000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borcdan 19600 manat ödəmiş, qalan 52500 manat pulu ödəməmiş, ödəməkdən imtina etmişdir. Dəfələrlə borc tələb olunsa da, hər dəfə müxtəlif bəhanələrlə borcunu qaytarmamışdır. Ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Rizvan oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh Rizvan oğluna 72100 manat məbləğində borc verməyi, borcalan Cavabdeh Rizvan oğlu isə həmin məbləği faizsiz olaraq xx.xx.2025-ci il tarixədək 3 ay 3000 manat, 4-cü ay 3100 manat, qalan 12 ay isə 5000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən, borc verən İddiaçı borcalan Cavabdeh Rizvan oğluna 72100 manat məbləğində borc verməyi, borcalan Cavabdeh Rizvan oğlu isə həmin məbləği faizsiz olaraq xx.xx.2025-ci il tarixədək 3 ay 3000 manat, 4-cü ay 3100 manat, qalan 12 ay isə 5000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin məbləğdən 52500 manat məbləğini hələ də qaytarmamışdır. Hazırda iddiaçı 52500 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin borc müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan xx.xx.2024-cü il tarixli borc müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan borc verən İddiaçı və borcalan Cavabdeh Rizvan oğlu tərəfindən şəxsən imzalanmış, müqavilə 1 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə reyestrdə 3M-226 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq verilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borcalan kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borc müqaviləsi qanunun tələblərinə uyğun bağlanılmış, müqavilə notarius tərəfindən təsdiq edilərkən tərəflərə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barəsində xəbərdarlıq edilmiş, lakin cavabdeh borc müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməmiş, nəticədə iddiaçı ümüd etməyə haqqı çatanlardan məhrum olmuşdur. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 52500 manat Cavabdeh Rizvan oğlundan alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1. maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 248 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Rizvan oğlundan 52500 (əlli iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 248 (iki yüz qırx səkkiz) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov