Məhkəmə qərarları › İş №e-2(012)-617/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-617/2023

16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-617/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.000 manat pulun və 110 manat dövlət rüsumunun, cəmi 9.110 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh xalası qızıdır. Hazırda geri qaytarılmasını tələb etdiyi pulun bir hissəsini rəfiqəsindən alıb cavabdehə vermişdir. Lakin cavabdeh aldığı pulu geri qaytarmır. Cavabdeh ondan aldığı pulla dırnaq ləvazimatları satan mağaza açmışdır. Həmin dövrdə o, Memarlıq və Layihə institutunda işləmişdir. Həftənin cümə-bazar günləri həmin mağazada işləməli idi. Lakin cavabdeh onu işdən kənarlaşdırmışdır. Cavabdehdən verdiyi məbləği hissəli şəkildə qaytarmasını xahiş etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. 9.000 manat pulun 4.000 manatı onun, 5.000 manat hissəsi isə rəfiqəsindən alıb cavabdehə verdiyi puldur. Cavabdeh öz evini başqa şəxslərə olan borcunu ödəmək üçün satmışdır. Verilmiş suallara cavabında qeyd edir ki, o, 9.000 manat məbləğində pulu bütöv şəkildə 1 (bir) dəfəyə cavabdehə verməmişdir. Pulu 1.000 manat, 2.000 manat olmaqla hissəli şəkildə vermişdir. Son dəfə iddiaçıya pul məbləğini 2020-ci ilin yay aylarında vermişdir. Sözügedən məbləği hissəli şəkildə cavabdeh həmin dövrdə Bakı şəhərində 28 may metrosunun yanında yerləşən işlədiyi Memarlıq və Layihə institutunun yanında ondan almışdır. Qeyd edilən məbləği cavabdehə verəndə ondan pulun verilməsi ilə bağlı hər hansısa bir sənəd almamışdır. Sübut kimi ancaq səs yazıları mövcuddur. Həmçinin cavabdeh xalası qızı olduğuna görə ondan imzalı sənəd almamışdır. Hazırda verdiyi pulu cavabdehdən geri istədiyinə görə münasibətləri pozulmuşdur. Cavabdehin qeyd etdiyi kimi ona əvvəl hər hansısa böyük məbləğdə pul verməmişdir. Həmin vaxta qədər aralarında 100-200 manata qədər birbirilərinə borc vermək münasibətləri olmuşdur. Cavabdeh aldığı pula görə ona 15.000 manat qaytarmamış, bu həqiqətə uyğun deyildir. Cavabdeh özünə məxsus evi satmasının səbəbi isə onun başqa şəxslərə borclu olması ilə bağlı olmuş və o evini sataraq həmin borclarını qaytarmışdır. Belə ki, atası başqa bir şəxsdən borc alaraq qızı olan hazırki cavabdehə vermişdir. Həmçinin anası da bankdan kreditə pul götürərək qızına-cavabdehə vermişdir. Borc sahibləri pullarını tələb etdiklərindən cavabdeh məcburiyyət qarşısında qalaraq özünə məxsus evi satmalı olmuşdur. Ev satıldıqdan sonra atası qızının-cavabdehin borclarını qaytarmışdır. Evi satıldıqdan sonra cavabdeh Xırdalan şəhərinə kirayə köçmüş və həmin vaxtı ona şərikli mağaza açmağı təklif etmişdir. Onun da əmək haqqı az olduğundan cavabdehlə razılaşmışdır. Razılaşmalarına əsasən həftənin cümə günü işdən çıxdıqdan sonra cavabdehlə birlikdə işləməli idilər. Lakin mağazaya getdikdən sonra cavabdehin digər şəxsləri də özü ilə işə qoşduğunu görmüşdür. Bir neçə dəfə həmin yerə getdikdən sonra şərikli işlərinin alınmayacağını görüb verdiyi pulu geri istəmişdir. Cavabdeh isə ilk əvvəl çətinliyi olduğunu və pulu qaytaracağına söz versə də, bu günə kimi aldığı pulu geri qaytarmamışdır. X3 ilə birlikdə cavabdehin iş yerinə gedərək pulu 100-200 manat olmaqla geri qaytarmağını belə istəsələr, o pulu qaytarmayacağını bildirmişdir. Hazırki geri istədiyi məbləğdən başqa cavabdehə əvvəllər hər hansısa məbləğdə faizə pul verməmiş və həmin pulu da cavabdehin ona artıqlaması ilə qaytarması halı olmamışdır. Hətta cavabdehə 9.000 manat pulun 4.000 manatının ona məxsus olmasını, həmin pulu aralarındakı münasibətlərə görə istəmədiyini, ona bağışlayacağını bildirərək, İlhamə Məhərrəmovadan alaraq ona verdiyi 5.000 manat pulu qaytarmağı təklif etmişdir. Lakin cavabdeh yenə də pulu qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tərəflərindən məhkəməyə disk təqdim edilmişdir. Həmin diskə tərəfindən dəfələrlə baxış keçirilmişdir. Həmin səs yazılarında İddiaçı verdiyi pul məbləğini Cavabdeh geri istəsə də, cavabdehin dəfələrlə və israrla pul məbləğini geri qaytarmayacağı qeyd olunmuşdur. Həmçinin həmin səs yazılarında iddiaçı cavabdehə pulu başqa şəxsdən borca alıb ona verdiyini, həmin şəxsin artıq ondan borca verdiyi məbləği geri tələb etdiyini və hər ay 200 manat ödəməklə borcu qaytarmasını təklif etsə də, cavabdeh yenə də təkliflə razılaşmamış, pulu geri qaytarmayacağını və iddiaçıya istədiyi orqana şikayət edə biləcəyini bildirmişdir. Həmçinin digər bir səs yazısında iddiaçı cavabdehə borcunun 9.000 manat olduğunu və ödəməsini xahiş etsə də, cavabdeh borcu ödəməyəcəyini və videoçəkilişdən xəbəri olduğunu bildirmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh dırnaq qaynağı fəaliyyəti ilə məşğuldur və İddiaçı ona şərik və kömək etməsi məqsədi ilə iş təklif etmişdir. İddiaçı bu məqsədlə hətta bir neçə gün belə cavabdehin yanında işləmiş və sonradan yollarını ayırmışlar. Cavabdeh hazırda da dırnaq qaynağı işi ilə məşğuldur. Bununla bağlı cavabdehin “instagram” səhifəsi də mövcuddur. O, həmin “instagram” səhifəsindən çıxarışı məhkəməyə təqdim edə bilər. Lakin bu mübahisə predmeti olmadığından “instagram” səhifəsindən çıxarışı məhkəməyə təqdim etmir. İddiaçı 9.000 manat pul məbləğini öyrənmək və işləmək üçün gözəllik salonu açmaq məqsədi ilə cavabdehə vermişdir. Həmin məbləği də iddiaçı bir dəfəyə olmaqla bütöv şəkildə verməmişdir. 2020-ci ildə bir neçə dəfəyə olmaqla hissəli şəkildə cavabdehə vermişdir. Verilən məbləğin az hissəsi iddiaçıya məxsusdur. Qalan məbləğ isə məhkəmədə şahid qismində dindiriləcək İlhamə Məhərrəmovaya məxsusdur. İlhamə Məhərrəmovadan alınaraq cavabdehə pul məbləğinin verilməsində İ.Məhərrəmovanın özü də iştirak etdiyindən onun şahid qismində məhkəmədə dindirilməsini xahiş etmişlər. Cavabdeh iddiaçıdan qeyd olunan məbləği almamışdan əvvəl Valeh adlı şəxsdən də borca pul almışdır. Cavabdeh Valeh adlı şəxsə də borclu olduğunu iddiaçı qeyd olunan hazırki mübahisənin predmeti olan məbləği verdikdən sonra bilmişdir. İddiaçı cavabdehə bir yerdə şərikli işə başlamamışdan əvvəl 9.000 manat məbləği tam şəkildə verməmiş, həmin məbləğin bir hissəsini vermişdir. Səs yazılarında cavabdeh 9.000 manat borclu olduğunu deməmiş, iddiaçı cavabdehə 9.000 manat borclu olduğunu bildirmişdir. Səs yazısında sadəcə olaraq cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyini bildirmişdir. Hazırki mübahisə ilə bağlı iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq hər hansı dövlət orqanına müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Tərəflərindən məhkəməyə səs yazısı olan disk təqdim edilmişdir. Həmin diskdən iddiaçı cavabdehdən ona borclu olduğu 9.000 manat məbləği tələb etmiş, cavabdeh isə cavabında pulu ödəməyəcəyini, hara istəyirsə şikayət edə biləcəyini, məhkəməyə müraciət ediləcəyi təqdirdə tutulacaq məbləği hissəli şəkildə ödəcəyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı iddia ərizəsində və hazırda iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi Valeh adlı şəxsin İddiaçı ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunan borc məsələsi Valeh ilə onun arasında olan məsələdir. Valehlə aralarında olan məsələ iddiaçı ilə aralarındakı mübahisədən çox əvvəl olmuş, həmin mübahisəni də Valeh ilə aralarında həll etmişlər və həmin məsələnin hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Hazırki mübahisə ilə bağlı qeyd edir ki, iddiaçı onun doğma xalası qızıdır. İddiaçı ona 9.000 manat məbləğində pul verməmişdir. Ona 7.000 manat məbləğində pul vermişdir. Həmin pulu da ehtiyacı olduğuna görə iddiaçıdan hissəli şəkildə almışdır. Pulu da iddiaçı ona 1 (bir) ayı 15 faizə olmaqla vermiş, o da hər ay götürdüyü pula görə faizləri ödəmişdir. Daha sonra isə o, Abşeron rayonu, Fatmayı kəndində yerləşən özünə məxsus evini satmış və evin satışından əldə etdiyi məbləğdən iddiaçıya başqa bir şahidin iştirakı ilə 15.000 manat məbləğində pul vermişdir. Həmin 15.000 manat məbləği iddiaçı aldadaraq ondan almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi onunla birlikdə şərik olaraq gözəllik salonu açmaları barədə yazdıqları da həqiqətə uyğun deyil, yalandır. O, gözəllik salonu açmamış, sadəcə “AAAF Park” yaşayış kompleksində gözəllik salonuna aid ləvazimatların satışı ilə məşğul olan kiçik bir yer açmışdır. Bunu təsdiq edəcək şahid qismində iştirak edə bilən müştəriləri vardır. Gəlib yerində baxa da bilərlər. Həmin yerdə sadəcə bir stul və stol qoymuş, 10 manata dırnaq qaynağı işi görmüşdür. Həmin vaxtı iddiaçı özü ondan dövlət işində işlədiyini və qazancının az olduğunu bildirərək, bu səbəbdən də öz yanında hər günü qazancı 5-10 manat olsa belə ona xadimə işi verməsini xahiş etmişdir. O da buna etiraz etməmiş, iddiaçı ilə razılaşmışdır. İddiaçı bundan sonra onun yanına təxminən 10 gün işləməyə gəlmiş, daha sonra gəlməmişdir. Həmin 7.000 manat pulu da 3 nəfər - iddiaçı, hazırda şahid qismində dindirilməsi xahiş edilən onun rəfiqəsi olan “AZAL” şirkətində işləyən İlhamə adlı şəxs və İlhamənin bacısı ona vermişdir. Bu 3 şəxs faizə pul verməklə məşğuldurlar. O, şəxsən özü iddiaçıdan ona faizə pul verilməsini xahiş etmiş və götürdüyü pula dair faiz ödəməklə razılaşmışdır. İddiaçı ona pul verəndə çatdırmasa pulu necə qaytaracağını soruşmuş, o da cavabında çətinlik çəksə evini satıb pulu geri qaytaracağını bildirmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçı səs yazısında bunu qeyd etməsə də, ondan verdiyi pulun aylıq faizini istəyir. Səs yazısı yazılan vaxt boşandığına, kirayədə qaldığına, valideynlərinin ona dəstək olmamasına, tək olduğuna, ətrafında heç kim olmadığına, nəticə etibarı ilə çətinlik çəkdiyinə və aylıq 15 faizə pul verilmədiyini bilməməsinə görə hər dəfə iddiaçıya pulu qaytaracağını bildirmişdir. Lakin sonradan ona həqiqi vəziyyəti izah edənlər olmuşdur. Belə ki, ona aldığı pulu artıqlaması ilə, hələ 1.000 manat da artıq şəkildə geri qaytardığını demişlər. Aldığı pulu 2 (iki) qat geri qaytarmışdır. Yenidən nəyə görə iddiaçıya 9.000 manat pul verməli olduğunu başa düşmür. İddiaçı ona heç vaxt 9.000 manat məbləğində pulu borca verməmişdir. Hissəli şəkildə cəmi 7.000 manat vermişdir. Həmin aldığı pulu da 2 (iki) qat şəkildə qaytarmışdır. İddiaçı dəfələrlə ona pulun qaytarılması barədə hədə-qorxu gəlmiş və bununla bağlı zənglər etdirmişdir. Həmçinin İlhamə adlı şəxs də telefon zəngi ilə pulun qaytarılmasına görə ona hədə-qorxu gəlmişdir. Nəticə etibarı ilə o da gedib məhkəmədə iddia qaldırmalarını demişdir. İddiaçıya olan borcunu qaytarması ilə bağlı sübut kimi yalnız Alidə adlı 1 (bir) nəfər şahidi vardır. Həmin şahidin yanında iddiaçıya olan borcunu qaytarmışdır. Onu da məhkəmə iclasına şahid qismində gətirə bilər. Pulu qaytarandan sonra iddiaçı ilə heç bir əlaqələri olmamışdır. İddiaçıya xalası qızı kimi ona maddi köməklik göstərməsi ilə bağlı müraciət etmişdir. İddiaçı dövlət işçisi və əmək haqqının az olmasına baxmayaraq, ətrafında faizə pul verən tanışlarının olduğunu bilmişdir. Bu səbəbdən də iddiaçıya müraciət etmişdir. Təxminən 2-3 il olar iddiaçıdan hissəli şəkildə pul almışdır. İlk dəfə iddiaçıdan 2.000 manat pul almışdır. Həmin pulun bir hissəsindən lotereya oynuna olan borcunu ödəmiş, digər hissəsi ilə də onlayn satmaq üçün dırnaq ləvazimatları almışdır. Belə ki, həmin vaxtı dırnaq qaynağı işi ilə məşğul deyildi, “Sədərək” ticarət mərkəzindən dırnaq ləvazimatlarını ucuz qiymətə alaraq, evdə “instagram” səhifəsində onlayn satışı ilə müştərilərə yerində çatdırmaq işi ilə məşğul idi. Bu işdən yaxşı qazanc əldə etmişdir. O iddiaçıdan təxminən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel-may aylarına qədər hissəli şəkildə cəmi 7.000 manat olmaqla pul almışdır. 2021-ci ilin aprel-may aylarında isə evini 28.000 manata sataraq Alidə adlı xanımın şahidliyi və iştirakı ilə 15.000 manat pul verməklə borcu qaytarmışdır. İddiaçı pulu ona aylıq 15 faiz ödəmək şərti ilə borca vermişdir. Hər 1.000 manata görə ayda 150 manat faiz ödəmişdir. 2021-ci ilin may ayında gözəllik salonunu açandan sonra iddiaçıya faiz ödəməmişdir. Belə ki, iddiaçı ilk əvvəl telefonda ona 13.000 manat əsas borcu və 2.000 manat yığılmış faiz borcu olduğunu demişdir. İddiaçı ona faizlərlə birlikdə 15.000 manat məbləğində borclu olduğunu bildirdiyinə görə, o da iddiaçıya 15.000 manat pul vermişdir. Onunla iddiaçı arasında olan səs yazıları 15.000 manat məbləğində pulu qaytarandan sonrakı dövrə aiddir. Belə ki, o, evini satıb borcunu qaytarandan sonra İddiaçı təxminən 2021-ci ilin yay aylarında yenidən 7.000 manat məbləğində borca pul götürmüşdür. İddiaçı hazırda verdiyi həmin pulu ondan istəyir. İkinci dəfə 7.000 manat məbləğində pulu gözəllik salonu açmaq üçün iddiaçıdan almış və həmin pula gözəllik salonu üçün avadanlıqlar almışdır. İlk dəfə aldığı 7.000 manat pula görə faiz ödəmək şərti ilə özü razılaşmışdır. İkinci dəfə götürdüyü 7.000 manat pula görə 2021-ci ilin avqust ayına qədər iddiaçıya faiz ödəmişdir. Lakin həmin vaxtdan sonra iddiaçıya faiz ödəməmişdir. İlk əvvəl aldığı 7.000 manat borc pula görə əsasız olaraq faizi ilə birlikdə 15.000 manat ödədiyindən ikinci dəfə aldığı 7.000 manat məbləğini iddiaçıya geri ödəməmişdir. Çünki ona artıq pul ödədiyini izah etmişdilər. Bu səbəbdən də sonradan iddiaçıdan aldığı 7.000 manat pulu geri qaytarmamışdır. Çünki iddiaçıya artıq ödədiyi pul idi və həmin pulu iddiaçıdan geri almışdı. Həmçinin onunla iddiaçı arasında olan səs yazısında iddiaçıya 9.000 manat borclu olduğunu etiraf etməsi öz əksini tapmamışdır. Daha sonra Cavabdeh izahatında bildirdi ki, İddiaçı ikinci dəfə 7.000 manat məbləği yenidən borc qismində götürmüşdür. Lakin ətrafı ona əvvəlki borcunu artıqlaması ilə qaytardığını, bu səbəbdən də sonradan götürdüyü 7.000 manat məbləği qaytarmamağı izah etmişlər. Yəni əvvəlki götürdüyü 7.000 manat məbləğində pulu faizi ilə artıqlaması ilə qaytarmışdır. İlk əvvəl götürdüyü 7.000 manat pulu ona verəndə orda iddiaçı, İlhamə Məhərrəmova və o, olmuşdur. Həmin vaxtı ondan pulun qaytarılmasında çətinlik olarsa, borcu necə qaytaracaqlarını soruşmuşlar. O, da çətinlik yaranarsa evini satıb borcu qaytaracağını bildirmişdir. Çətinlik yaranmış və evini satıb borcunu qaytarmışdır. Lakin hazırda iddiaçı tərəf bunu etiraf etmir. Bir daha qeyd edir ki, iddiaçıdan hissəli şəkildə aldığı bütün məbləğlər ona faizə verilmişdir. Hazırda iddiaçı bunu inkar etsə də, o, aldığı pulu geri qaytarmışdır. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin mart-aprel aylarına qədər iddiaçıdan hissəli şəkildə aldığı məbləği evi sataraq faizi ilə birlikdə 15.000 manat olmaqla geri qaytarmışdır. Daha sonra isə yenidən aldığı 7.000 manat məbləğin bir müddət faizlərini ödədikdən sonra ödəmə qabiliyyəti olmadığından faiz ödənilməsini dayandırmışdır. Hər 1.000 manat pula görə hər ay 150 manat faiz ödəmişdir. İddiaçıdan və İlhamə Məhərrəmovadan faizdən endirim etmələrini xahiş etsə də, onlar bununla razılaşmamışlar. İddia ərizəsində qeyd edildiyi kimi iddiaçı ilə arasında şərikli iş birliyi olmamışdır. İddiaçı pulu ona mağaza açmaq məqsədi ilə vermişdir. Pulu verəndə iddiaçı ondan həmin mağazada hər günü 10 manata olmaqla xadimə işi olsa belə ona iş verməsini xahiş etmişdir. O da iddiaçı ilə razılaşmışdır. Bundan sonra iddiaçı bir neçə dəfə işlədiyi yerə gəlsə də, sonradan gəlməmişdir. Nəticə etibarı ilə iddiaçının onunla şərikli iş birliyi olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı onun sinif yoldaşıdır. 25 ildən çoxdur ki, bir-birilərini tanıyırlar, rəfiqədirlər. İddiaçı bir neçə il bundan əvvəl yanına gələrək xalası qızı Cavabdeh iş qurmaq istədiyini və bu məqsədlə ona pul lazım olduğunu, özünün köməklik etdiyini, imkanı varsa onun da maddi köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxtı iddiaçının xalası qızı olan cavabdehin boşanmadığını və onun həyat yoldaşının işləmədiyini, maddi çətinliklərinin olduğunu eşitmişdir. O, cavabdehi şəxsən tanımır. Pulu iddiaçıya vermiş və pulunu ondan tələb edir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçıya 2020-ci il tarixdə hissəli şəkildə cəmi 5.000 manat pul vermişdir. Verdiyi həmin puldan bu günə kimi hər hansısa məbləğ ona qaytarılmamışdır. O, 5.000 manat pulu iddiaçıya vermişdir. Aralarında verdiyi pula görə faiz ödənilməsi ilə bağlı hər hansısa razılaşma olmamışdır. O və iddiaçı sadəcə olaraq verilən pulu cavabdehdən tələb etmişlər. Pulun ona qaytarılması ilə əlaqədar cavabdehə telefonla da zəng edərək pulu geri qaytarmasını tələb etmişdir. İlkin olaraq iddiaçı ondan 2.000 manat pul istəmişdir. Daha sonra isə mağaza açmağa pul çatmadığından iddiaçı yenə də ondan pul istəmişdir. O, da istənilən pulu vermişdir. Çünki iddiaçı ona xalası qızının dırnaq qaynağı ustası olduğunu, dırnaq ləvazimatları satmaqla və dırnaq qaynağı xidməti göstərməklə pul qazanacağını və alınmış pulu geri qaytaracağını bildirmişdir. Bildiyinə görə iddiaçı ilə cavabdeh mağazanı şərkli açmalı idilər. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılığı ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia ərizəsində və məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh şərikli gözəllik salonu açmaq üçün 9.000 manat məbləğində pul verdiyini, lakin şərikli iş birliklərinin alınmadığını, verdiyi pulu cavabdehdən geri tələb etsə də, bu günə kimi cavabdehin həmin məbləği qaytarmadığını, nəticədə cavabdeh tərəfindən ona 9.000 manat maddi zərər vurulduğunu bildirsə də, proses iştirakçılarının izahatları əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan özünə gözəlik salonu açmaq məqsədi ilə hissəsli şəkildə olmaqla cəmi 7.000 manat məbləğində borc almış və bu günə kimi həmin aldığı borcu geri qaytarmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid ifadəsi isə iddiaçının cavabdehə gözəllik salonu açmaq üçün 9.000 manat verməsini təsdiq etmədi. Məhkəmə baxışı zamanı cavabdeh iddiaçıdan ilk əvvəl 7.000 manat borc aldığını, evini sataraq onu faizi ilə birlikdə 15.000 manat olmaqla iddiaçıya qaytardığını, daha sonra gözəllik salonu açmaq məqsədi ilə aldığı 7.000 manat borc pulu əvvəl götürdüyü 7.000 manat borc pula görə əsassız olaraq faizi ilə birlikdə 15.000 manat ödədiyinə görə geri qaytarmadığını, ilk əvvəl götürdüyü 7.000 manat borc pula görə əsassız olaraq faizi ilə birlikdə 15.000 manat ödədiyinə görə hazırda iddiaçıya borcunun olmamasını bildirsə də, məhkəməyə buna dair hər hansı bir sübut təqdim edə bilmədi. Göründüyü kimi, proses iştirakçılarının izahatları əsasında müəyyən edilmişdir ki, cavabdehin hazırda iddiaçıya 7.000 manat məbləğində borcu vardır və cavabdeh həmin məbləği bu günədək iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 110 manat məbləğində pul vəsaitinin 85 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 110 (yüz on) manat pul vəsaitinin 85 (səksən beş) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar