Məhkəmə qərarları › İş №e-2(012)-622/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-622/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-622/2022 25.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 573,4 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40,26 manat, habelə vəkil xərci kimi 65 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB 25.05.2020-ci il tarixli, 14/1628 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edib. Həmin ünvana İddiaçı İB tərəfindən **********00002 nömrəli abonent kodu verilmişdir. Qeyd edilən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 40017544 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdeh sayğacdan kənar qaz istifadə etməklə iddiaçıya ümumilikdə 583,2 manat ziyan vurmuşdur. Cavabdeh tərəfindən 60,2 manat ödəniş edilməsi nəticəsində iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 573,4 manat təşkil edir. Cavabdehə pulun könüllü ödənilməsi təklif olunsa da, cavabdeh heç bir ödəniş həyata keçirməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, onun yaşadığı fərdi yaşayış evində təbii qaz sayğacı əvvəldən olmamışdır. Sayğac 2020-ci ilin aprel ayında quraşdırılmışdır və məhz həmin ayın sonunda onun təbii qazdan qeyri-qanuni istifadəsinin aşkarlanması inandırıcı deyildir. O, qazdan qeyri-qanuni istifadə etməmişdir, 30 aprel 2020-ci il tarixdə tərtib edilmiş aktdan məlumatı yoxdur, aktın tərtib olunmasında iştirak etməmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında təbii qazdan istifadəyə dair 25.04.2020-ci il tarixli, 14/1628 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə» müqavilə Həmin müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. İşin materiallarında olan İddiaçı İB-nin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli, ******* saylı aktdan müəyyən edilir ki, Abşeron rayonu, Hökməli kəndində (abonent kodu: **********00002) yaşayan istehlakçı Cavabdeh sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə etdiyi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamamışdır. İş materiallarında olan 30 aprel 2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi əsası ilə hesablanmış zərərin miqdarı 5832 kub-metrdir. İş materiallarında olan “Abonentin saldosu”ndan görünür ki, 2020-ci ilin aprel ayında iddiaçı tərəfindən cavabdehə 583,2 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı tərəf tərtib olunan aktda əks olunan pozuntuların mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh aktın tərtibində iştirak etməmiş və akt iddiaçı qurumun əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar