Məhkəmə qərarları › İş №e-2(012)-640/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-640/2024

31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-640/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Kiçik Müəssisəsinə və Cavabdeh2 MMC-yə qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" Kiçik Müəssisəsinə qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Kiçik Müəssisəsindən 2130 manat maddi zərərin əvəzi, 300 manat nümayəndəyə çəkilən xərcin əvəzi, 41.30 manat dövlət rüsumunun əvəzi, 17.25 manat etibarnaməyə çəkilmiş xərcin əvəzi olmaqla, cəmi 2488,55 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, ”Səhliyalı” Kiçik Müəssisəsinin işçisi X4 002020 saylı yol vərəqəsinə əsasən idarə etdiyi “Ford Transit” markalı, ** AD *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə hərəkətdə olan zaman İddiaçı məxsus “Chevrolet Malibu” markalı, ** FH *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yolnəqliyyat hadisəsi zamanı avtomobilin sahibinə 7130 manat maddi zərər dəymişdir. Məlum hadisə ilə bağlı cavabdehin işçisinə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sürücü İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Zərərvuran avtomobilin icbari sığortası tərəfindən 5000 manat iddiaçıya ödənildiyi üçün hazırda zərərin yerdə qalan hissəsi, yəni 2130 manat pul, hüquqi xidmətə görə ödənilən 300 manat, dövlət rüsumunun əvəzi 41,30 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat pul olmaqla, cəmi 2488,55 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Bununla əlaqədar cavabdehə vurulmuş maddi zərərin ödənilməsi barədə təklif edilsə də, cavabdeh bundan imtina etmiş, iddiaçı məcbur qalıb hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, "xxxx" Kiçik Müəssəsindən və "xxxx" MMC-dən müştərək qaydada 2130 manat maddi zərərin əvəzi, 300 manat nümayəndəyə çəkilən xərcin əvəzi, 41,30 manat dövlət rüsumunun əvəzi, 17,25 manat etibarnaməyə çəkilmiş xərcin əvəzi olmaqla, cəmi 2488,55 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O bildirdi ki, qəza törədən avtomobil icarə əsasında başqa qurum tərəfindən idarə edildiyindən hazırki iddianın onlara aidiyyəti yoxdur. Digər cavabdeh "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndələrini göndərməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X5 qeyd etdi ki, o, "xxxx" MMC-nin direktoru olmuşdur. Təsdiq edir ki, X4 da həmin Cəmiyyətdə işləmişdir. Məhkəmə proses iştirakçılarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:00-da X4 “Ford Transit” markalı, ** AD *** dövlət nömrə nişanlı avtomobili Sabunçu rayonu, Maştağa-Zabrat yolunda idarə edərkən ara məsafəsi qaydalarını pozmuş və İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Sabunçu rayon X9 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, “Chevrolet Malibu” markalı, ** FH *** dövlət nömrə nişanlı avtomobilin təmirbərpa edilməsi üçün cəmi 7130 manat tələb olunur. İşdə olan 002020 saylı yol vərəqəsindən görünür ki, ** AD *** dövlət nömrə nişanlı avtomobili X6 çıxaraq Respublika ərazisində idarə etmək üçün "xxxx" Kiçik Müəssisəsi tərəfindən X2 icazə verilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı, ** AD *** dövlət nömrə nişanlı avtomobilin sahibi "xxxx" Kiçik Müəssisəsidir. İşdə olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi balansında olan 15 ədəd avtomobili (o cümlədən “Ford Transit” markalı, ** AD *** dövlət nömrə nişanlı) "xxxx" MMC-yə 3 il müddətinə icarə vermək barədə razılığa gəlmişlər. Avtomobillər təhvil-təslim edilmişdir. İşdə olan "xxxx" Kiçik Müəssisəsinin "xxxx" MMC-yə göndərdiyi xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xitam verilmiş, bu müqavilə ilə təhvil verilmiş bütün avtomobillərin geri qaytarılması tələb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" Kiçik Müəssisəsi balansında olan “Ford Transit” markalı, ** AD *** dövlət nömrə nişanlı avtomobil qəzalı vəziyyətdədir və cərimə meydançasında yerləşdirilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/2300/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Chevrolet Malibu” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 5740 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 3560,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 2180,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5083,00 manat. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 2903,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 2180,00 manat. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X4 xx.xx.2023-cü ildə idarə etdiyi “Ford Transit” markalı, ** AD *** dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Maştağa-Zabrat yolunda yol-hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının mülkiyyətindəki idarə etdiyi avtomobilə zərər dəymişdir. Bakı şəhəri Sabunçu rayon X9 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokola və qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. DSK Şirkəti tərəfindən dəymiş ziyana görə ona 5000 manat pul ödənilmişdir. Hazırda iddiaçı avtomobilinin xərcinin ödənilməmiş hissəsi olaraq 2130 manat pulu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 5740 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən xx.xx.2023-cü il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2300/2024 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Dəymiş zərərin 5000 manat hissəsi sığorta qurumu tərəfindən iddiaçıya ödənildiyindən, məhkəmə hesab edir ki, qalan 740 (5740-5000) manat pul delikt törətmiş şəxsin işlədiyi Cavabdeh2 MMC-dən tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, iş materialları ilə tamamilə təsdiq olunur ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs həmin dövrdə Cavabdeh2 MMC-də işləmişdir. Eyni zamanda, işdəki mötəbər sənədlərdən görünür ki, qəza törədilərkən sürücünün idarə etdiyi avtomobil "xxxx" Kiçik Müəssisəsinin balansında olsa da, müqavilə əsasında Cavabdeh2 MMC-nin icarəsində olmuşdur. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 6.2-ci maddəsinə görə müqavilənin müddəti imzalandığı gündən etibarən 3 il qüvvədə qalacaq. Bu müddətdə tərəflərin bir-birinə iradı olmadıqda, müqavilənin müddəti 1 il müddətinə uzadılmış hesab olunur. Bu qayda növbəti illərə də şamil olunur. Müqavilənin 3.11-cü maddəsinə əsasən avtomobil təhvil-qəbul aktı əsasında icarəçiyə verilir və bu müqaviləyə hər hansı səbəbdən xitam verilərsə və ya qüvvədən düşərsə, Avtomobil təhvil-qəbul aktı əsasında icarəyə verildiyi vəziyyətdə İcarəyə verənə geri qaytarılmalıdır. Müqavilənin 3.15-ci maddəsinə görə icarəçi icarə müddətində yol qaydalarını pozarsa, buna görə birbaşa İcarəçi tam maddi və mənəvi məsuliyyət daşıyır. Belə pozuntularla bağlı bu Müqavilənin müddəti ərzində müvafiq nəqliyyat orqanlarından gələn sorğulara vaxtında cavab vermək, çağırıldıqda müvafiq ünvana vaxtında getmək, cərimə yazıldıqda onu vaxtında ödəmək üçün icarəçi birbaşa və tam maddi və mənəvi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 740 manat pul vəsaitinin Cavabdeh2 MMC-dən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 41,30 manat məbləğində dövlət rüsumu, hüquqi xidmətə görə 300 manat, vəkilə etibarnamə verilməsi üşün 17,25 manat pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 41,30 manat dövlət rüsumunun 30 manat hissəsi, habelə vəkil xidməti üçün ödənilmiş 300 manat, etibarnamə verilməsi üçün ödənilmiş 17,25 manat cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə Cavabdeh2 MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən maddi zərərin əvəzi kimi 740 manat, dövlət rüsumu kimi 30 manat, vəkilin hüquqi xidməti üçün ödənilmiş 300 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17,25 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh2 MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar