Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6408/2025 05.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı1 cavabdeh X1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsini Xırdalan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh X1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1). İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı (149.2.1), iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) (149.2.2), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb (149.2.3), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlərlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat (149.2.4), “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat (149.2.4-1), ərizəyə əlavə edilən sənədlərin siyahısı (149.2.5) göstərilməlidir. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir (149.4). Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən onun istinad etdiyi konkret fakt və halları sübut edən sənədlər – şəxsiyyət vəsiqəsinin surətləri, doğum və nikah haqqında şəhadətnamələrin surətləri, dövlət rüsumunun ödənilməsinə dair qəbz qoşma qismində sübutlar siyahısında göstərilməsinə baxmayaraq, iş materiallarına əlavə edilməmiş, həmçinin iddiaçının üzərində istifadə hüquqlarının tanınmasını xahiş etdiyi mənzilə dair hər hansı sənəd ərizəyə əlavə edilmiş sənədlər arasında və qoşma qismində sübutlar siyahısında öz əksini tapmamış, bununla da ərizə iddia ərizəsinin forma və məzmununa riayət edilməməklə məhkəməyə verilmişdir. Odur ki, sözügedən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsinin elektron qaydada (elektron kabinet vasitəsilə) təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdeh Elektron Məhkəmə İnformasiya Sisteminə cavabdeh qismində əlavə edilməmiş, həm iddiaçı, həm cavabdeh bölməsinə öz məlumatlarını əlavə etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir; 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” AR Qanununun: 2.0.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur. 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə edilən ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə cavabdehin ona qarşı cehiz əşyalarının mənzildən çıxarılmasına dair məhkəmədə qaldırdığı iddia zamanı iddiaçı qarşılıqlı iddia ərizəsi vermiş, bu zaman qarşılıqlı iddia ərizəsi icraata götürülməmiş və rüsum geri qaytarılmışdır. Hazırda iddiaçı həmin qarşılıqlı ərizə üçün verilmiş 20951 nömrəli, ********** GPP nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzləşdirilməsini, yəni hazırki iş üzrə dövlət rüsumu kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, rüsumun mötəbərliyini yoxlayarkən iddiaçının qeyd etdiyi dövlət rüsumunun artıq istifadə olunduğu və Abşeron Rayon Məhkəməsinin e-2(012)- 4467/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə dövlət büdcəsindən iddiaçıya geri qaytarıldığı müəyyən olunmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbz artıq istifadə edilmiş (e- 2(012)-4467/2025 saylı iş üzrə) və məhkəmə qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 cavabdeh X1 qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-6408/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6408/2025
05.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver