Məhkəmə qərarları › İş №e-2(012)-641/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-641/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-641/2025 07.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 416834-CNS-52061 saylı nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən xx.xx.2024-cü il tarixinə banka borclu olduğu 21595,76 manat məbləğində əsas borc, 1162,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 22758,22 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 158,27 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 416834-CNS-52061 saylı nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması bağlanılmış və illik 14,5 faiz hesablanması şərti ilə 59 ay müddətinə 30000 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 22758,22 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2024-cü il tarixli 416834-CNS-52061 saylı kredit müqaviləsindən müəyyən edilir ki, illik 14,5 faiz hesablanması şərtilə 59 ay müddətinə 30000 manat məbləğində kredit vəsaitinin verilməsinə dair Cavabdeh İddiaçı ASC qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli 416834-CNS-52061 saylı müqaviləyə əsasən həmin tarixə olan borcu 21595,76 manat məbləğində əsas borc, 1162,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 22758,22 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli 416834-CNS-52061 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə olan borcu 21595,76 manat məbləğində əsas borc, 1162,46 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 22758,22 manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2- 9/1357/2025 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 30.01,2024-cü il tarixli 416834-CNS- 52061 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc 21586,74 manat, faiz borcu 1165,08 manat. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Bank yaranmış borcu özünün xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə əsaslandırmışdır. Lakin cavabdehin iddianı qəbul etməməsini (bu barədə ərizə var) və mübahisənin daha obyektiv həll edilməsini nəzərə alan məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizasının aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 416834-CNS-52061 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə 21586,74 manat əsas borcu və 1165,08 manat faiz borcu vardır. Məhkəmə ekspertin həmin rəyini kredit borcunun tutulması üçün daha mötəbər sübut hesab edir və yaranmış əsas borcun məhz bu məbləğdə olması qənaətinə gəlir. Bununla belə, tələb edilən faiz borcu rəydəki faiz borcundan daha az olduğundan məhkəmə MPM-nin 218.3-cü maddəsinə istinad edərək belə hesab edir ki, cavabdehdən məhz 1162,46 manat faiz borcu tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2024cü il tarixli 416834-CNS-52061 saylı kredit müqaviləsi üzrə 21586,74 manat əsas borc və 1162,46 manat faiz borcu olmaqla, cəmi 22749,2 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 158,27 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul isə ondan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21586,74 manat əsas borc və 1162,46 manat faiz borcu olmaqla, cəmi 22749,2 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 158,27 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar