Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-645/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 410 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-in xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** XY *** dövlət qeydiyyat nişanlı Daewoo Matiz markalı avtonəqliyyat vasitəsilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı ızibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx"-ya zərərçəkən müraciət etmişdir. ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat asitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 2730 manat məbləğində müəyyən edilmişdir. "xxxx"-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı” na əsasən 2730 manat məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi hesaba köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2022-ci il tarixində 2730 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh 2320 manat məbləğini ödəmiş yerdə alan 410 manat məbləğini isə ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 2730 manat məbləğin yerdə alan 410 manat vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixində ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçı şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli MC-Mİ-1339/22 saylı nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsinin surətindən görünür ki, ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. -xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də MC-Mİ-1339/22 saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 11700 manat dəyərində sığortalanmış, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ak H.Əliyev küçəsi-M.Qaşqay kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsiə 2730 manat manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 2730 manat manat pul vəsaiti avtomobilin təmiri üçün fiziki şəxs Cavabdeh hesabına köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli #001XOAT222590132 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdehnn hesabına sığorta ödənişi olaraq 2730 manat manat köçürülmüşdür. -"xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2022-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubdan görünür ki, ASC tərəfindən 410 manat sığorta ödənişinin 15 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak H.Əliyev küçəsi-M.Qaşqay kəsişməsində Cavabdeh tərəfindən idarə olunmuş ** XY *** dövlət qeydiyyat nişanlı Daewoo Matiz markalı avtonəqliyyat vasitəsini idarə edərkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərlən yol hərəkəti qaydalarını pozması nəticəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsiə dəymiş zərər olaraq 2730 manat manat hesablanmışdır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli 3-16-16/2-9/1104/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”-da 2006-ci il buraxılışlı, “Toyota Prius” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci təxminən 2420 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 08:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak H.Əliyev küçəsi-M.Qaşqay kəsişməsində Cavabdeh tərəfindən idarə olunmuş ** XY *** dövlət qeydiyyat nişanlı Daewoo Matiz markalı avtonəqliyyat vasitəsini idarə edərkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş, mülki iş materiallarında olan dəymiş zərərin qiymətləndirilməsinə dair hesabata əsasən, ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə 2730 manat manat dəymiş zərərin olması müəyyən edilmişdir. Qeyd olunan zərərin 2320 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş və iddiaçı şirkətin ərizəsi ilə də təsdiq olunmuşdur. Hazırda, iddiaçı "xxxx" ASC qalıq qalmış 410 manat dəymiş zərərin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş TP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, cavabdehin yol hərəkət qaydalarını pozması nəticəsində X1 tərəfindən idarə olunmuş Audi A4 markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən, əməli sübuta yetirilərək təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində ** PZ *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 2730 manat hesablanmışdır. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı tərəfindən zərər 2730 manat hesablansa da, məhkəmə hesab edir ki, ekspert rəyinə əsaslanaraq, dəymiş zərər 2420 manat kimi qiymətləndirilməlidir. Odur ki, zərərdən 2320 manat ödəniş edildiyini nəzərə alaraq, (2420-2320=100) 100 manat pul vəsaitinin cavabdehdən tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 100 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 100 (yüz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat (otuz manat qırx qəpik) pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.