Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-65/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 731,50 manat məbləğində əsas, müddəti sonuna hesablanan 1010,92 manat faiz, 546,24 manat məbləğində cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 205,80 manat məbləğində faiz borcu, cəmi 2494,50 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 45 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan Zaminbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-nin “Masallı” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 701 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik faiz dərəcəsi 28 % ödənilmək şərtilə 3300 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh1 və Cavabdeh3 ilə həmin tarixdə 666 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə müvafiq olaraq zamin Cavabdeh1 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borcluların banka ödənilməmiş 731,50 manat məbləğində əsas, müddətin sonuna hesablanan 1010,92 manat faiz, 546,24 manat məbləğində cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 205,80 manat məbləğində faiz borcu, cəmi 2494,50 manat kredit borcu mövcuddur. Cavabdeh2 kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-3256/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasivası məqsədilə veni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, Zaminbank ASC-dən 3300 manat məbləğində kredit götürmüşdür və banka 3800 manat pul qaytarmalı idi. Krediti oğlu üçün götürmüş, lakin oğlu krediti ödəmədiyi üçün sonradan özü ödəməli olmuşdur. O, əsas məbləğə görə banka 3800 manat pul ödəmişdir. Beləliklə o, ekspert rəyi ilə razılaşır. Lakin bank tərəfindən onu məhkəməyə verəcəkləri ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq olunmamışdır. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, o, ekspert rəyi ilə razılaşır. Belə ki, o, Zaminbank ASC ilə bağlanılan kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh2 zamin dayanmışdır. Odur ki, iddia tələbini qəbul edir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə digər cavavdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, ekspert rəyini, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən Zaminbank ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 701 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 12 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 3300 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2011-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il tarixinə kimi hər ay banka 318,47 manat ödəməklə qaytarmalıdır. -Kredit verən Zaminbank ASC ilə kredit alan Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 666 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Ləğv prosesində olan Zaminbank ASC-yə xx.xx.2022-ci il tarixinə 731,50 manat məbləğində əsas, müddəti sonuna hesablanan 1010,92 manat faiz, 546,24 manat məbləğində cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 205,80 manat məbləğində faiz borcu, cəmi 2494,50 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 4/1285 saylı rəyindən görünür ki, 2(012)-414/2023 nömrəli mülki işin 80-ci vərəqəsində olan Zaminbank ASC ilə Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 666 saylı zaminlik müqaviləsində “Zamin 1 Cavabdeh1” qrafasındakı imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 4/1721 saylı rəyindən görünür ki, 2(012)-414/2023 nömrəli mülki işin 80-ci vərəqəsində olan Zaminbank ASC ilə Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 666 saylı zaminlik müqaviləsində “Zamin 1 Cavabdeh1” qrafasındakı imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2024-cü il tarixli, 9/1823 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2011-ci il tarixli, 701 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 28 %-lə, müqavilə dövründən sonra illik 5 %lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2012-ci il tarixə (müqavilənin son tarixi) banka olan faiz və əsas borcu 1.855,84 manat məbləğində və xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan faiz, əsas və əldən çıxmış fayda borcu 389,11 manat məbləğində müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Bilalov X3 rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi, ev 88, Nəsirov X2 rayonu, Fatmayı Ə/D, Fatmayı kəndi, Q.Qarayev küçəsi, ev 61, Cavabdeh3 isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı ilə imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 666 saylı zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını bildirmiş, məhkəmə obyektiv həqiqətə nail olmaq üçün məhkəmə xətşünaslıq və təkrar məhkəmə xətşünaslıq ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2023-cü il tarixli, 4/1285 saylı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 4/1721 saylı rəylərindən göründüyü kimi 2(012)- 414/2023 nömrəli mülki işin 80-ci vərəqəsində olan Zaminbank ASC ilə Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 666 saylı zaminlik müqaviləsində “Zamin 1 Cavabdeh1” qrafasındakı imza-Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəylərinə istinad edərək, hesab edir ki, Nəsirov X1 ASC ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 666 saylı zaminlik müqaviləsi üzrə zamin olması heç bir şübhə yaratmadığından, zaminlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2024-cü il tarixli, 9/1823 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları, xx.xx.2011-ci il tarixli, 701 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 28 %-lə, müqavilə dövründən sonra illik 5 %lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2012-ci il tarixə (müqavilənin son tarixi) banka olan əsas borc 1790.40 manat faiz borcu 65.45 manat məbləğində və xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borc 225.69 manat, faiz borcu 0 manat və əldən çıxmış fayda borcu 163.42 manat məbləğində müəyyən edilir. Məhkəmə iddia tələbi ilə ekspert rəyini paralel şəkildə qiymətləndirib, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, ekspert rəyini əsas sübut növü kimi qiymətləndirib nəzərə alır və cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 225,69 manat, faiz borcuna görə 0 manat tutulmasını daha məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 546,24 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də, məhkəmə kredit müqaviləsi üzrə hesablanmış 546,24 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh2 ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 205,80 manat faiz borcunun hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqeyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2024-cü il tarixli, 9/1823 saylı rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, əldə çıxmış fayda borcu üzrə 163,42 manat borc cavabdehlərdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunün iddianın təmin edilmiş hissəsinə mütənasb olaraq 7 (yeddi) manat məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xətşünaslıq, təkrar xətşünaslıq və mühasibatlıq ekspertizaları üçün olan cəmi 352 manat ekspertiza xərcinin iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 56 (əlli altı) manat məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 225,69 manat (iki yüz iyirmi beş manat, altmış doqquz qəpik) məbləğində əsas, müddəti sonuna hesablanan 0 (sıfır) manat faiz, 5 (beş) manat məbləğində cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 163,42 manat (yüz altmış üç manat, qırx iki qəpik) məbləğində faiz borcu (əldən çıxmış fayda), cəmi 394,11 (üç yüz doxsan dörd manat, on bir qəpik) manat kredit borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 225,69 manat (iki yüz iyirmi beş manat, altmış doqquz qəpik) məbləğində əsas, müddətin sonuna hesablanan 0 (sıfır) manat faiz, 5 (beş) manat məbləğində cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 163,42 manat (yüz altmış üç manat, qırx iki qəpik) məbləğində faiz borcu (əldən çıxmış fayda), cəmi 394,11 (üç yüz doxsan dörd manat, on bir qəpik) manat kredit borcu və 7 (yeddi) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cəmi 56 (əlli altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-65/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-65/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver