Məhkəmə qərarları › İş №e-2(012)-651/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-651/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-651/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəm MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 7203,2 manat əsas, 1178,13 manat faiz, 179,98 manat cərimə olmaqla, cəmi 8561,31 manat borcun və 106,02 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1613micXRD/22-EM saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 8000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər borclu Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 7203,2 manat əsas, 1178,13 manat faiz, 179,98 manat cərimə olmaqla, cəmi 8561,31 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, borcun Cavabdeh2 tərəfindən ödənilməsi ilə əlaqədar borclunun evinə gedərkən, orada onların arasında borcla bağlı mübahisə yaranmışdır. Borcun əslində Elnurun olduğunu, o isə dost olduğundan həmin məbləğə zamin dayandığını bildirdi və əlavə olaraq borc məbləğinə etirazı olmadığını, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1613micXRD/22-EM saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 24 ay müddətinə, illik 25 faiz ödənilmək şərtilə 8000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -»Unibank KB» ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcluya kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kreditalanın "xxxx" ASC-yə 7203,2 manat əsas, 1178,13 manat faiz, 179,98 manat cərimə olmaqla, cəmi 8561,31 manat borcu vardır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclular Cavabdeh2 və Cavabdeh1 iddiaçı bank qarşısında öhdəlikləri yaranmış və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclular Cavabdeh2 və Cavabdeh1 kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 179,98 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 7203,2 manat əsas borc üzrə hesablanmış 179,98 manat cərimənin azaldılaraq 5 (beş) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 106,02 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1613micXRD/22-EM saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7203,2 manat əsas, 1178,13 manat faiz, 5 manat cərimə olmaqla, cəmi 8386,33 manat borc və ödənilmiş dövlət rüsumuna görə 106,02 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli, 1613micXRD/22-EM saylı kredit müqaviləsi üzrə 7203,2 (yeddi min iki yüz üç manat iyirmi qəpik) manat əsas, 1178,13 (min yüz yetmiş səkkiz manat on üç qəpik) manat faiz, 5 (beş) manat cərimə olmaqla, cəmi 8386,33 (səkkiz min üç yüz səksən altı manat otuz üç qəpik) manat borc və 106,02 (yüz altı manat iki qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar