Məhkəmə qərarları › İş №e-2(012)-656/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-656/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-656/2023 07.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASCnin xeyrinə 8769,55 manat məbləğində əsas borcun, 762,72 manat məbləğində faiz borcunun, cəmi 9532,27 manat borcun və 116 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 23% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdilər. Nümayəndə bildirdi ki, yaranmış borc bankın iddia etdiyi məbləğdə deyildir. Müqavilə üzrə borc bank tərəfindən şişirdilmişdir. Məhkəmə cavabdehi və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixdə imzalanmış CP/93457/80 saylı kredit sazişindən (müqaviləsindən) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 23 % hesablanması şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli kassa məxaric orderinə əsasən kredit bankdan götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə 8769,55 manat məbləğində əsas borcu və 762,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 9532,27 manat borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1788 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 25 oktyabr 2022-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı ASC olan borcu 9089,87 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə - 8727,82 manat, faiz borcu üzrə - 362,05 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 3743 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən 3743 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş materiallarından görünür ki, bank tələbin məbləğini özünün verdiyi maliyyə arayışı ilə müəyyən etmişdir. Mübahisənin daha ədalətli və obyektiv araşdırılması məqsədilə Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 8727,82 manat məbləğində əsas borcun və 362,05 manat məbləğində faiz borcunun olduğu müəyyənləşdirilmişdir. Bununla belə, həmin tarixdən sonra da cavabdeh tərəfindən 3743 manat ödəniş edildiyi müəyyən edilir. Məhkəmə ekspertin bu rəyini daha mötəbər sübut kimi qəbul edərək hesab edir ki, müqavilə üzrə faiz borcu tam ödənilmişdir, cavabdehdən tutulmalı olan əsas borc isə hazırki tarixə 5346,87 manat (9089,87-3743) məbləğindədir. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC ilə bağlanan müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan və iddiaçı müqavilənin ləğvini xahiş etdiyindən tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında məlum kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 5346,87 manat əsas borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 116 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, ekspertizanın xərci kimi 100 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CP/93457/80 saylı kredit müqaviləsi (saziş) ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5346,87 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 116 manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh 100 manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar