Məhkəmə qərarları › İş №e-2(012)-659/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-659/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-659/2023 31.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 10048 manat əsas, 1059,47 manat faiz, 11,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11119,19 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 123,78 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 22 % dərəcəsi olmaqla 60 ay müddətinə 10048 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi müəyyən olunmuş müddətdə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixinə 10048 manat əsas, 1059,47 manat faiz, 11,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11119,19 manat borcu təşkil etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC Cavabdeh ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqqaviləsinə əsasən 60 ay müddətinə illik 22 % ödəmək şərtilə 10048 manat məbləğində cavabdehə kredit vermişdir. xx.xx.2022-ci il tarixində cavabdeh götürdüyü istehlak kreditini qəflətən sağlamlığında yaranmış problemlə əlaqədar olaraq ödəməsi mümkün olmamışdır. Belə ki, 2022-ci ilin may ayında cavabdeh öd kisəsi əməliyyatı olması ilə əlaqədar olaraq əməliyyat xərclərinə görə və sonradan ağırlaşan səhhətinə görə krediti ödəyə bilməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixinə iddiaçı "xxxx" ASC-yə 10048 manat əsas, 1059,47 manat faiz, 11,72 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11119,19 manat borcunun olduğu məhkəməyə verilən iddia ərizəsində göstərilmişdir. Xüsusi olaraq bildirir ki, Cavabdeh İ Qarabağ müharibəsində şəhid olmuş X2 həyat yoldaşı olmaqla, şəhid ailəsinin üzvüdür. Onlarla əlaqə saxlayan "xxxx" ASC-nin əməkdaşlarına dəfələrlə həm mövcud maddi çətinliyi, həmdə şəhid ailəsi olduğunu bildirmiş və həmin borcu hər ay 100 manat olmaqla ödəyəcəyini bildirmiş, lakin buna heç bir məhəl qoyulmamışdır. O, cavabdehin adına hesablanmış 1059,47 manat faiz, 11,72 manat cərimə borcunun silinməsini xahiş edir. Odur ki, cavabdeh hər ay 150 manat məbləğində ödəniş edə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 502nkXRD/22 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh illik 22 % dərəcəsi olmaqla 60 ay müddətinə 10048 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 26 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 502nkXRD/22 saylı kredit müqaviləsi üzrə 26 oktyabr 2022-ci il tarixinə Cavabdeh 10048 manat əsas, 1059,47 manat faiz, 11,72 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 11119,19 manat borcu vardır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 502nkXRD/22 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2022-ci il tarixli, 502nkXRD/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 123,78 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 502nkXRD/22 saylı kredit müqaviləsinə əsasən, 10048 manat əsas, 1059,47 manat faiz, 11,72 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 11119,19 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,78 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar