Məhkəmə qərarları › İş №e-2(012)-668/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-668/2025

08.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-668/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5480/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən qət edilmiş 120 manat məbləğində alimentin miqdarının dəyişdirilərək Cavabdeh mediasiya barədə arayışın verildiyi xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1654/2012 saylı, xx.xx.2012-ci il tarixli qiyabi qətnaməsinə əsasən Kərimova (Rzaquliyeva) Günel Dilavər qızı ilə Cavabdeh arasında bağlanmış nikah qeydi ləğv edilmiş, xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının anası Kərimova (Rzaquliyeva) Günel Dilavər qızının yanında qalması müəyyən edilmiş, xx.xx.2009-cu il təvəlldlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün 87 manat məbləğində aliment müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5480/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün 120 manat məbləğində aliment müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun rəsmi iş yeri yoxdur, həmçinin yenidən ailə həyatı qurmuşdur və iki övladı vardır. Bundan əlavə övladlarından birinin xəstəliyi olduğundan həmin övladına xüsusi qayğı göstərmək məcburiyyətindədir. İddiaçı övladı xx.xx.2009-cu il təvəlldlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün məhkəmə tərəfindən təyin edilmiş aliment miqdarının artırılmasını tələb etsə də o, övladı ilə görüşə bilmir. Bildirir ki, onun tərəfindən Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanması üçün alimentin ödənilməsində gecikməyə yol verilməmişdir. O, alimentin miqdarının artırılmasına etiraz etmir, lakin övladı üçün aliment olaraq hər ay 160 manat ödəməyə imkanı çatır. İş materiallarında olan AA4739694 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızı 19 sentyabr 2009-cu ildə doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1654/2012 saylı, 21 sentyabr 2012-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, X1 iddiası qismən təmin edilmiş, X2 ilə Cavabdeh arasında bağlanmış, Abşeron rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 586 saylı nikah qeydinin ləğv edilməsi, 19 sentyabr 2009-cu il tarixdə anadan olmuş Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının anası X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 19 sentyabr 2009-cu il tarixdə anadan olmuş Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının saxlanılması üçün X1 xeyrinə hər ay 87 manat məbləğində alimentin tutulması, alimentin tutulma müddətinin 30 iyul 2012-ci il tarixdən Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızı yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 154331 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 200 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Kərimova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-5480/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1654/2012 saylı, 21 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulması qət edilmiş 87 manat miqdarında alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Kərimova (Rzaquliyeva) Günel Dilavər qızına ödənilməsi, alimentin bu məbləğdə tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaitinin tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 143760 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 19 sentyabr 2016-cı il tarixdə nikahlarını bağlamışlar və bu nikah 448 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Rzaquluyeva” soyadı verilmişdir. İş materiallarında olan AA4388243 saylı şəxsiyyət vəsiqəsinin və Quba rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İV № 053737 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından olan X7 20 yanvar 2018-ci ildə doğulmuşdur. İş materiallarında olan AA6680230 saylı şəxsiyyət vəsiqəsinin və Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən AZ-İV № 340148 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından olan X5 13 noyabr 2019cu ildə doğulmuşdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 81.1-ci, 81.2-ci, 110.2-ci və 112.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə bu normalardan çıxış edərək, cavabdehin yenidən ailə qurduğunu və cavabdehin gəlirlərində dəyişiklik olması ilə bağlı sübutlar təqdim edildiyini nəzərə alaraq iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Yuxarıda qeyd olunan normalara istinad edərək məhkəmə hesab edir ki, artırılmış aliment məbləği iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2024-cü ildən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 41,6 (qırx bir manat, altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5480/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 sentyabr 2009-cu il təvəllüdlü Rzaquliyeva (Rzaquluyeva) Selcan Zaur qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Cavabdeh 41,6 (qırx bir manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar