Məhkəmə qərarları › İş №e-2(012)-6718/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6718/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6718/2025 28.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1310 manat məbləğində pulun və 33 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 1343 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən, “Spar” marketə məxsus məişət tullantılarının saxlanılması yerində yanğın baş vermiş, nəticədə iddiaçının mülkiyyətində olan Honda Accord markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ziyan dəymişdir. Hadisədən dərhal sonra hadisə yerinə cəlb edilmiş Sumqayıt regional DYNİ tərəfindən akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, yanğın nəticəsində avtomobilinə zərər dəymişdir, yanğın baş verdiyi anda obyektin yanğına qarşı vəziyyəti qeyri-kafidir, məişət tullantılarının saxlanıldığı məntəqədə mövcud məişət tullantıları vaxtında daşınmır. Göründüyü kimi əslində təqsirin “Spar” marketi həmin ünvanda işlədən sahibkara aid olduğu məlumdur. Daha sonra Sumqayıt Regional DYNİ tərəfindən cavabdehin barəsində İXM-in 518.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokoldan sonra Sumqayıt Regional DYNİ-nin rəisi tərəfindən ona yazılı məktubla bildirilmişdir ki, sözügedən “Spar” marketə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, obyekt yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır. Obyektdə keçirilən yanğın texniki müayinə zamanı aşkar edilmiş nöqsanlarla bağlı protokol tərtib edilmişdir. Göründüyü kimi delikt münasibətləri tam təşəkkül tapmışdır. Ziyanla ziyan vuranın təqsiri arasında birbaşa əlaqə mövcuddur. İdeal Motors tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli preyskuranta əsasən iddiaçının avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün 1310 manat ödəniş tələb edilir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, idman zalında olarkən ona avtomobilinin yandığı bildirilmişdir. Tullantılar yanmış və alov maşına keçmişdir. Yoxlamaya əsasən cavabdeh 150 manat cərimə edilmişdir. Həmin vaxt obyekt sahibi zərəri ödəyəcəyini qeyd etməsinə baxmayaraq, lakin ödəniş edilməmişdir. 1200 manat xərci çıxmışdır. Sənədlə sübutu 1120 manatdır. 900 manat servisə ödənişdir, ancaq rənglənmədir, digər ödəniş ehtiyyat hissəsinin alınması üçün olmuşdur. Qəbzlərdən başqa ödənişlər əlbəəl olmuşdur. Belə ki, avtomobilin ehtiyat hissələrin qeyri-rəsmi satıldığı yerlərə də müəyyən ödənişlər etmişdir. Ümumilikdə 1310 manat xərci çıxmışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Spar” marketdə planlı YQM-nin keçirilmiş, müayinə zamanı bir sıra yanğın təhlükəsizliyi qaydalarının pozuntusu aşkarlanmış, nəticədə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə olunması qərara alınmışdır. -"xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli preyskurantdan görünür ki, İddiaçı məxsus “Honda Accord” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinə dəymiş zərər - material və ehtiyat hissələri üçün 410 manat, görüləcək işlər üçün 900 manat olmaqla, ümumilikdə yekun məbləğ 1310 manat təşkil edir. -Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Spar” marketdə xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa (KY2********) və Sumqayıt Regional DYNİ-nin xx.xx.2025-ci il tarixli, 0611 nömrəli Qərarına əsasən yanğın texniki müayinə keçirilmiş, müayinə zamanı şikayət məktubunda qeyd olunan nöqsanlar öz əksini tapmışdır. Belə ki, obyekt yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmır. Obyektdə keçirilən yanğın-texniki müayinə zamanı aşkar edilmiş nöqsanlarla bağlı “Spar” marketin cavabdeh şəxsi barədə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilərək, yanğın təhlükəsizliyi tələblərinə əməl olunması tələb olunmuşdur. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətі Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-18- 64/2-Ә-94-100/2025 saylı cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Spar” marketdə xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa (KY2********) və Sumqayıt Regional DYNİ-nin xx.xx.2025-ci il tarixli, 0611 nömrəli Qərarına əsasən yanğın texniki müayinə keçirilmiş və inzibati xəta törətdiyinə görə “Spar” marketin cavabdeh şəxsi, vəzifəli şəxs, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2025-ci il tarixli yanğın aktdan görünür ki, “Spar” market Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşir. Məişət tullantıları “Spar” market sağ tərəfindən təqribən 0.5-1 kv.m-lıq ərazini əhatə edir. Yanğından zərər çəkən minik avtomobil İddiaçı məxsusdur. Minik avtomobil Sedan tipli, 2019-cu il istehsalı, “Honda Accord minik” markalı, **-SH-*** dövlət nömrə nişanlıdır. Məişət tullantısının saxlanıldığı məntəqədə mövcud məişət tullantıları vaxtında daşınmamışdır. -xx.xx.2025-ci il tarixli, 64923 nömrəli ödəniş qəbzindən görünür ki, "xxxx" MMC-yə 900 manat ödəniş edilmişdir. -174 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC-yə 220 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2025ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayonda yerləşən “Spar” marketdə keçirilən planlı YQM nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəydiyini irəli sürərək ümumilikdə 1310 manat məbləğində maddi ziyanın əvəzini məhkəmə qaydasında “Spar” marketin direktoru Cavabdeh tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən cavabdeh tərəfindən onların iddiaçı barəsində yaydığı və işin materiallarında olan məlumatların və ifadələrin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın əsassız olması qənaətinə gəlir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Mülki Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. İş materiallarına əlavə edilmiş qiymətləndirmə aktına (preyskuranta) əsasən dəymiş ziyanın məbləği 1310 manat dəyərində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Sultanlı X1 Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 manat məbləğində cərimə olunması qərara alınmışdır. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb, cavabdehin təqsiri nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq qiymətləndirmə aktı (preyskurant) ilə müəyyən edilmiş 1310 manat pul vəsaitinin tutulmasını əsaslı hesab edərək iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1310 manat pul vəsaiti və ödənilmiş 33 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1310 manat pul vəsaiti və ödənilmiş 33 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar