Məhkəmə qərarları › İş №e-2(012)-68/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-68/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-68/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, 21000 manat məbləğində pulun və iddia qаldırmaq üçün dövlət nəfinə keçirdiyi 153 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı borclu olan şəxs Cavabdeh iddiaçının dostu Cavidin vasitəsilə tikinti şirkətinin sahibi kimi tanımış, münasibəti normal olmuşdur. Həmin şəxs evin layihəsini əvvəldən sonuna qədər hazırlayıb təhvil verməklə özünün usta briqadası vardır. İddiaçı 2020-ci ilin sentyabr ayında Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən dostu Cavidin evinə qonaq gedib gələn zaman Cavidin evinin yaxınlığında 10 sot torpaq sahəsinin satılmasını görmüş, həmin torpaq sahəsinin sahibini taparaq, həmin torpaq sahəsini almışdır. Bundan sonra iddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. İddiaçı Cavabdehla danışıb öz istəyinə uyğun evin layihəsini təqdim etmişdir. Cavabdeh evin layihəsinə baxdıqdan sonra evin tam tikilərək, 89000 manata başa gələcəyini bildirmişdir. İddiaçı 2021-ci ilin fevral-mart ayları ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə 63000 manat pul vermişdir. İddiaçı pulu verməklə həmin şəxs öz usta briqası ilə birlikdə evin ancaq beton və hasar işlərini görüb qurtarmışdır. Bundan sonra evin dam və pəncərə hissəsi quraşdırılmalı idi. 2021-ci ilin mart ayında Cavabdeh iddiaçıdan Abşeron rayonu, Novxanı qəsəbəsində tikdirdiyi evin qabağında iddiaçıya evin quraşdırılacaq dam və pəncərə hissəsinin eskiz layihəsini göstərib həmin formada evin tikiləcəyini bildirmişdir. İddiaçının xoşuna gəldikdən sonra iddiaçıdan yerdə qalan pulu istəmişdir. Cavabdeh onu da əlavə etmişdir ki, evin tikilməsində istifadə olunan tikinti materiallarının qiymətinin bahalaşması ilə əlaqələndirib iddiaçıdan pulu almağa inandırmışdır. İddiaçı isə bundan əlavə Rəfailə 21000 manat pul vermişdir. Lakin pulu verdikdən sonra Rəfail iddiaçının evinin tikinti işlərini yarımçıq saxlamasını bir müddət müxtəlif bəhanələr gətirməyə başlamışdır. İddiaçı ümumilikdə evinin tikintisi üçün 84000 manat pul vermişdir. Lakin Rəfail iddiaçının evinin işlərini yarımçıq qoyub getmişdir. Hər dəfə ondan işlərini yekunlaşdırılmasını xahiş etsə də, iddiaçını aldatmış, eyni zamanda pulunu Rəfaildən tələb etdikdə başına iş gəldiyini deyib pulu qaytarmaq üçün iddiaçıdan vaxt istəmişdir. Lakin hazıra qədər iddiaçının nə pulunu qaytarmış, nə də evini tam tikib təhvil vermişdir. İddiaçı bundan sonra Cavabdeh 21000 manat borcunun olması barədə Abşeron rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron rayon Polis İdarəsinin istintaq Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi icraata qəbul edilərək, istintaqı aparılmışdır.14 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs Cavabdeh barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh özünü qismən təqsirli bilmiş, iddiaçının dediklərini təsdiq etmiş, həmçinin iddiaçıya həqiqətən 21000 manat borclu olduğunu etiraf etmiş və borclu olması barədə qəbz yazaraq görə bilmədiyi işin pulunu hissə-hissə qaytaracağına söz vermişdir. Lakin cavabdeh həmin pulu indiyədək ödəyə bilməmişdir. Cinayət işi üzrə şahid ifadələri də Cavabdeh təqsirli olduğunu bir daha sübuta yetirmişdir. İstintaq dövründə evin tikintisi ilə bağlı çəkilən xərclərin dəqiqləşdiriləməsi məqsədilə xx.xx.2022-ci il tarixdə məhkəmə tikinti- texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 10 sot torpaq sahəsində yerləşən yaşayış evinin inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 64688 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına xitam verilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı cavabdehə evin tikintisi üçün ümumilikdə 84000 manat pul vermişdir. Lakin cavabdeh həmin pulun 81000 manatını tikintiyə xərcləmişdir. Qalan 3000 manatını isə iddiaçıdan borc olaraq almışdır. Lakin bu ifadələr təhrif olunaraq ümumi şəkildə cinayət işinin başlanmasının rədd olunmasına dair qərarda göstərilmişdir. Bununla bağlı o, qeyd verərək, şikayətini də bildirmişdir. İddiaçının tələbində göstərdiyi 21000 manatı isə iddiaçı cavabdehə verməmişdir, sadəcə orada 21000 manatlıq işin qaldığını demişdir. Lakin iddiaçı əvvəlcə 15000 manat işin qaldığını, daha sonra isə 21000 manatlıq işin qaldığını bildirmişdir. Həmçinin cavabdeh iddiaçının dediyi qədər iş görmüşdür. Bundan əlavə ekspert rəyində göstərilən hasar deyil, yalnız 5182 manat dəyərində müəyyən olunmuş yarımtikili cavabdeh tərəfindən tikilmişdir və cavabdehə məxsusdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında iddianı qismən qəbul etmiş, Vəkil2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəməyə şahid qismində cəlb olunmuş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının qardaşıdır və Cavabdeh tanıyır. İddiaçı torpağı alarkən ora boş olmuş və hasar olmamışdır. Ev sıfırdan cavabdeh və təxmini 6 nəfərdən ibarət briqadası tərəfindən tikilmişdir. Ev tikilməzdən qabaq pəncərə və suvaxının olacağı da danışılmışdır. İddiaçı cavabdehə evin tikintisi üçün əvvəlcə 63000 manat vermişdir. Sonradan iddiaçı cavabdehə 21000 manat versə də, cavabdeh tikintini başa çatdırmamış nə də pulu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidi dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, F.Xoyski küçəsi, ev 42 də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq usta kimi işləyib ailəmini dolandırmışdır. İddiaçı əvvəllər tanımamış, onunla hər hansı münasibəti olinamışdır. O, həmin şəxsin evini tikdiyi Cavid adlı şəxsin vasitəsi ilə tanımışdır. Cavid adlı şəxsin Abşeron rayonu, Novxanı qəsəbəsində tikmişdir. Cavid adlı şəxsin evini 2020-ci ilin sentyabr ayında tikib təhvil vermişdir. Həmin vaxtı İddiaçı ona yaxınlaşaraq özünə məxsus 10 sot torpaq sahəsinin olmasını bildirmiş və həmin torpaq sahəsində özünə məxsus ev tikdirmək istədiyini bildirmişdir. Bundan sonra Hafiz 2021-ci ilin fevral ayında ona evinin eskiz lahiyəsini təqdim edib evin hansı qiymətə başa gələcəyini soruşmuşdur. O, həmin layihəyə baxaraq hesabladıqdan sonra ümumilikdə 89000 manata başa gələcəyini bildirmişdir. Həmin miqdarda pula ancaq evi tikib, suvaq, pəncərələrin qoyulması və dam örtüyünün qoyulmasını təmin etməli idi. O, 2021-ci ilin mart ayının əvvəllərində həmin tikinti işlərinə başlamış və həmin ilin may ayıda isə həmin evi yarımçıq formada təhvil vermişdir. O, həmin evi təhvil verənə kimi ümumilikdə ayrı-ayrı vaxtlarda Hafizdən 84000 manat pul almışdır. O, evi Hafizə təhvil verən zaman evin dam örtüyü, evi bütün pəncərələri və evin suvaq işləri qalmışdır. O həmin şəxsdən tikinti materiallarının qiymətlərinin qalxması ilə əlaqədar tikinti işlərini dayandırdığını bildirmişdir. Sonradan həmin şəxsə 21000 manat qəbz yazaraq görə bilmədiyi işin pulunu hissə-hissə qaytaracağına söz vermişdir. Lakin həmin pulu ödəyə bilməmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Mehdiyev X2 rayonu, Y/Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 5, 40, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/386 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu Novxanı qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 137256 manat məbləğində, hasarın tikintisinə çəkilən xərcin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 13601 manat məbləğində, Həyətyanı sahədə inşa edilmiş köməkçi tikilinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 5182 manat məbləğində olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı Cavabdeh Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən ərazidə ev tikintisi üçün 63000 manat pul vermiş, daha sonra 21000 manat məbləğində pul versə də, cavabdeh tikintini başa çatdırmamış yaxud 21000 manat məbləğini iddiaçıya qaytarmamışdır. İddiaçı evin tikintisinə xərclədiyi 21000 manat pulunu cavabdehdən alınaraq ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaçının ona evin tikintisinə görə 84000 manat pul verdiyini, sonradan tikintini materialların bahalaşması ilə əlaqədar işi dayandırdığını qəbul etmiş və evin tikintisinə görə verilən 21000 manatı bugünə kimi vermədiyini bildirmişdir. Bu hal Abşeron RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/972-8/383/2024 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu Novxanı qəsəbəsində inşa edilmiş fərdi yaşayış evinin fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 137256 manat məbləğində, hasarın tikintisinə çəkilən xərcin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 13601 manat məbləğində, Həyətyanı sahədə inşa edilmiş köməkçi tikilinin tikintisinə və təmirinə çəkilən xərcin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 5182 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyində göstərilmiş məbləğ mübahisəli evə çəkilmiş xərcdən daha çox olduğu göstərmişdir. Tərəflərin bildirdiyinə görə isə mübahisəli evə ümumilkdə 84000 manat xərc çəkilmişdir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda cavabdehin izahatını, cavabdehin etirafını, ekspertizanın rəyini qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 21000 (iyirmi bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 153 (yüz əlli üç) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ödənilmiş 153 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarınının ümumi dəyəri olaraq 50 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 153 (yüz əlli üç) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarıına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar