Məhkəmə qərarları › İş №e-2(012)-689/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-689/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-689/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1400 manat, ödənilmiş 34 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 250 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı həmin bankda olan depozitinin altında cavabdehə kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinə əlavə olaraq iddiaçı ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ləğv prosesində olduğundan bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin iddiaçının əmanəti (depozit) əsasında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə əmanətin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb iddiaçı cavabdehin banka olan 2030.4 manat borcunu ödəmişdir. Cavabdehə bir neçə dəfə müraciət edərək pulun qaytarılmasını xahiş etmiş, lakin hal-hazıra kimi pul ödənilməmişdir. Zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən, “Bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş zaminə bankın həmin öhdəlik üzrə hüquqları və banka girovsaxlayan kimi mənsub hüquqları zaminin bankın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, zamin həmçinin, borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər.” Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh iddiaçıya olan borcundan ödənişlər etmiş və 1400 manat borc qalmışdır. Ümumilikdə, 2030.4 manat borc yaranmışdır. Hesablamalara görə, təxminən, 630 manata yaxın pul vəsaiti ödənilmişdir. Cavabdeh iddiaçının sırf özünə 851 manat pul vəsaiti ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzləri də vardır ki, həmin qəbzlərin mötəbərliyi şübhə doğurur və təcrübədə ödəniş qəbzlərinin saxtalaşdırılması hallarına rast gəlinir. 651 manat pul vəsaitinin ödənilməsinə dair sübutu olmasa da, təxmini hesablamalar əsasında belə nəticəyə gəlmişdir. Cavabdehin təqdim etdiyi ödəniş qəbzləri əsasında X3 və X2 adına olan hesab nömrələrinə ödənilmiş ödəniş qəbzlərini qəbul etmir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddiaçının özünü deyil, iddiaçının həyat yoldaşını tanıyır. İddiaçının həyat yoldaşı X5 iddiaçının adına bankda depozit qoymuş və vətəndaşlara kredit verərək əlavə olaraq faiz tuturdu. İddiaçının yoldaşı ona ev kreditinə görə kömək etmiş, lakin bununla yanaşı, faizi də almışdır. Kredit müqaviləsi bağlanan zaman da iddiaçı iştirak etməmiş və onu ümumiyyətlə, görməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahat ilə razı deyildir. Belə ki, o, iddiaçıya 630 manat deyil, 1000 manata yaxın pul qaytarmış və həmin pulları iddiaçının kartına ödəmişdir. İddiaçının kartının şəklini isə onun həyat yoldaşı atmışdır. ***-**-** nömrəli whatsap nömrəsinə isə ödəniş qəbzlərinin şəklini atmışdır. O, 1950 manat pul vəsaitini iddiaçının həyat yoldaşı Cəfər Hüseynova ödəmişdir. O, təxmin etmişdir ki, iddiaçı həyat yoldaşından ayrılmış, lakin bu barədə dəqiq məlumatı yox idi. Onun iddiaçıya olan borcundan 80 manat borcu qalmışdır. Həmin pulu da ödəyə bilməməsinin səbəbi avqust ayının 17-dən işdən çıxmasıdır. Hazırda, o, işsizdir. Məhkəmə iclasına görə isə müsahibəyə gedə bilməmişdir. O, əvvəl “Sumqayıt Texnologiyalar” parkında anbardar vəzifəsində çalışmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04/3850/DİK saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən kredit alana şəxsi istehlak məqsədilə 12 ay müddətinə illik 17 faiz ödənilmək şərtilə 2280 manat kredit verilmişdir. -Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit alan 2280 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə hər ay 32.3 manat, sonuncu ay isə 2312.3 manat pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. -Kredit verən "xxxx" ASC, kredit alan Cavabdeh, girov qoyan İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04/3850/DİK saylı “pul vəsaitinin girovu haqqında” müqavilədən görünür ki, xx.xx.2020-ci il tarixli 04/3850/DİK saylı kredit müqaviləsinə əsasən, verilmiş pul vəsaitinin təminatı olaraq AZ45NBCB4111004AZN**********5 saylı depozit hesabına müvafiq olaraq 57000 manat pul vəsaiti girov olaraq qoyulmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilənədək girov qoyan müqavilənin 1.1-ci bəndində olan pul vəsaiti ilə bağlı hüquqları banka verir. -Kredit verən "xxxx" ASC, kredit alan Cavabdeh, zamin İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 04/3850/DİK saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, zamin borclunun bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliyi icra etmiş zaminə bankın həmin öhdəlik üzrə hüquqları və banka girov saxlayan kimi mənsub hüquqları zaminin bankın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, zaminin həmçinin, borcludan banka ödənilmiş məbləğdən faiz ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini tələb etmək hüququ vardır. -xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh banka olan borcundan 2030.4 manat pul vəsaiti ödəmişdir. -Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 150.11 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 100 manat olmaqla, cəmi 1951 manat ödəniş etmişdir. -Vəkil ilə hüquqi yardım göstərilən şəxs İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 852 saylı müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı ona göstərilən hüquqi yardıma görə vəkil bürosunun hesabına 250 manat pul vəsaiti ödəmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsi 25 saylı evin 14 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 4 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3 maddəsinə əsasən, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, borcalan, hazırki iş üzrə Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli 04/3850/DİK saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana şəxsi istehlak məqsədilə 12 ay müddətinə, illik 17 faiz ödənilmək şərtilə 2280 manat kredit verilmiş, kreditin təminatı olaraq İddiaçı borcalanın öhdəliklərinin icrasının təmini üsulu kimi bank qarşısında borcalan ilə birlikdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüş və bu barədə xx.xx.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlamış, eyni zamanda, pul vəsaitinin girovu haqqında müqaviləyə əsasən, 57000 manat pul vəsaitini banka girova qoyaraq həmin əmlaka münasibətdə hüquqları banka vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməyən cavabdehin kreditor qarşısında öhdəliyi yaranmış və həmin öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı cavabdehin bank qarşısında kredit öhdəliyini icra edərək xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən, Cavabdeh əvəzindən banka 2030.4 manat kredit borcunu ödəmişdir. Sözügedən pul vəsaitindən cavabdeh tərəfindən ödəniş edildiyindən iddiaçının, yəni, kredit müqaviləsi üzrə zamin dayanmış İddiaçı borcalanına münasibətdə reqres qaydasında borcu tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı cavabdeh tərəfindən ödənilməyən, qalıq qalmış 1400 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. 509.1. maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. maddəsinə əsasən, əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. maddəsinə əsasən, kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdehə kredit müqaviləsi ilə 2280 manat pul vəsaiti verilmiş və həmin pul vəsaitindən 2030.4 manat pul vəsaiti iddiaçı tərəfindən cavabdehin əvəzinə banka ödənilmişdir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə ödəniş edilmiş və hazırda, iddiaçı 630.4 manat pul vəsaitinin ödənildiyini iddia edərək qalıq 1400 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş ödəniş qəbzlərinə əsasən, cavabdeh tərəfindən ümumilikdə, 1951 manat pul vəsaitinin ödənilməsi müəyyən olunmuşdur. Lakin ödəniş qəbzləri əsasında tədqiq olunur ki, cavabdeh xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2021-ci il tarixdə 151 manat, xx.xx.2021-ci il tarixdə 150 manat olmaqla, cəmi 851 manat pul vəsaitini İddiaçı hesabına, xx.xx.2020-ci il tarixdə 150.11 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 100 manat pul vəsaitini iddiaçının keçmiş həyat yoldaşı X3, xx.xx.2020-ci il tarixdə isə 100 manat pul vəsaitini X4 adlı şəxsin hesabına köçürmüşdür. Cavabdehin digər şəxslərə münasibətdə reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilməsə də, pulun ödənilməsini tələb etmək hüququna malik olan şəxs müqavilə tərəfi olaraq İddiaçıdır. Ona görə də məhkəmə iddia tələblərini cavabdeh tərəfindən məhz həmin şəxsin hesabına ödənilmiş 851 manat pul vəsaiti ödənilməklə qalıq qalan 1179.4 (2030.4-851=1179.4) manat pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı cavabdeh tərəfindən 2030.4 manat pul vəsaitindən 630.4 manat pul vəsaitinin ödənilməklə qalıq 1400 manat pul vəsaitinin tutulmasını tələb etsə də həmin tələbin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, ödənilmiş pul vəsaitini isə “təxmini hesablama” əsasında gəlinmiş nəticə olduğunu qeyd etmişdir. Ona görə də iddia tələbləri qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, tərəflərin izahatını və tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1179.4 manat pul vəsaiti tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 34 manat və hüquqi yardıma görə ödənilmiş 250 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1179.4 (min yüz yetmiş doqquz manat qırx qəpik) manat, ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 1463.4 (min dörd yüz altmış üç manat qırx qəpik) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar