Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-706/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 02 may 2023cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “Yelo Bank" ASC arasında bağlanmış 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 14404.98 manat əsas borc, 1054.3 manat faiz borcu və 122.91 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15582.19 manat məbləğində borcun və 136.75 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 18000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il oktyabrın 28-dək Cavabdeh banka 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 14404.98 AZN əsas borc, 1054.3 AZN faiz borcu və 491.63 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 15950.91 AZN borcu vardır. Cavabdeh 09 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 491.63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 122.91 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh 28 aprel 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş qrafiki imkan vermədiyi üçün, yəni dənizdə 15 günlük növbəli iş rejimində işlədiyi üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş etdi və iş qrafiki xx.xx.2023-cü il tarixində bitəcəyindən növbəti məhkəmə iclası bu tarixdən sonraya salınarsa, iştirak etməyə hazır olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-Y-1-0-1772-21 saylı kredit müqaviləsindən və ödəniş qrafikdən görünür ki, bank borcalana 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 18000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan məxaric qəbzin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC-dən 18000 manat məbləğində vəsait götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan və poçt qaiməsindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 14404.98 manat əsas borc, 1054.3 manat faiz borcu və 491.63 manat cərimə borcu olmaqla, cəmi 15950.91 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 136.75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2(012)-706/2023 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış xx.xx.2023-cü il tarixli 9/1706 №-li ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli 22-Y-1-0-1772-21 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixinədək (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu əsas borc üzrə 14311.07 manat, faiz borcu üzrə 1064.98 manat kimi qeyd edilir və tərəflər arasında xx.xx.2021-ci il tarixli 22- Y-1-0-1772-21 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmamışdır. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Göründüyü kimi iddia tələbində Cavabdeh xx.xx.2022-ci il tarixinə xx.xx.2021-ci il tarixli 22-Y-1-0-1772-21 saylı kredit kartı müqaviləsinə əsasən Banka olan əsas borcu 14404.98 manat, faiz borcu 1054.3 manat göstərilməsinə baxmayaraq, ekspert rəyində Cavabdeh xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı tarixə) banka olan əsas borcu xx.xx.2021-ci il tarixli 22-Y-1-0-1772-21 saylı kredit müqaviləsinə əsasən, 14311.07 manat əsas, faiz borcu 1064.98 məbləğində müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli 22-Y-1-0- 1772-21 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Məhkəmə qeyd edir ki, xüsusi biliyə malik ekspertin rəyi daha əsaslı obyektiv olduğundan ekspert rəyindəki məbləğ əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit sazişi bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli 22-Y-1-0-1772-21 saylı müqaviləsinə əsasən, 14311.07 manat əsas, 1054.3 manat faiz borcu və 122,91 manat İddiaçı ASC-nə qaytarmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 136.75 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən, 136.75 manat dövlət rüsumunun 120 manatı Cavabdeh tutularaq İddiaçı ASCnə ödənilməlidir. Həmçinin, iş üzrə 100 manat məhkəmə ekspertizası xərci vardır ki, cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «Yelo Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22-Y-1-0- 1772-21 saylı kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə Cavabdeh 14311.07 manat əsas borc, 1054.3 manat faiz borcu, 122,91 manat cərimə borcu olmaqla, ümumilikdə 15365.37 manat borc cəmi 15.485,37 manat və 120 manat,rüsuma görə pul məbləği alınaraq alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-706/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-706/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver