Məhkəmə qərarları › İş №e-2(012)-730/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-730/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-730/2024 17.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadıq oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 14.200 (on dörd min iki yüz) manat borc, mənəvi zərərin əvəzi olaraq 2.000 (iki min) manat pul və məhkəmə xərclərinə görə ödənilmiş 138.6 (yüz otuz səkkiz manat altımış qəpik) manat pul olmaqla; cəmi 16338.6 (on altı min üç yüz otuz səkkiz manat altımış qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 3 ilə yaxındır ki, qonuşuluqda yaşadığı üçün tanımışdır. Cavadehlə tanışlıq onların ailəvi münasibətlərin yaranmasına səbəb olmuşdur. Cavabdeh Abşeron rayonu ərazisində boş torpaq sahələrini alıb, həmin torpaq sahələri üzərində fərdi yaşayış evləri tikərək satıb həmin satışdan əldə olunmuş pullar vasitəsi ilə qazanc əldə edilməsi işi ilə məşğul olurdu və bu səbəbdən 2021-ci ilin noyabr ayında cavabdeh ondan borc pul istəmişdir. Həmin pulu o, 1 il müddətinə qaytaracağı vədini vermişdir. Yaranmış ailəvi münasibətlər zəminində ona etibar edərək xx.xx.2021-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində 26.000 (iyirmi altı min) manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcalan borcu xx.xx.2022-ci il tarixə tam olaraq borc verənə qaytarmaq öhdəliyini götürmüşdür. Amma buna baxmayaraq, cavabdeh müqavilə tələbi üzrə öhdəliyini icra etməyərək ümumi borcunu qaytarmamışdır. Cavabdeh müqavilədə göstərilən 26.000 (iyirmi altı min) manat borc puldan bu günədək iddiaçıya 11.800 (on bir min səkkiz yüz) manatını qaytarmış, qalan 14.200 (ön dörd min iki yüz) manat borcu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. O və həyat yoldaşı Sartipzadeh Rahmatollah cavabdehlə dəfələrlə telefon əlaqəsi saxlayaraq və eyni zamanda görüşərək pulu ondan tələb etmələrinə baxmayaraq, cavabdeh həmin borcu qaytarmamaqla yanaşı, guya onun hədələnməsi ilə bağlı Abşeron rayon Polis İdarəsinədə şikayət etmişdir. Abşeron RPİ-nin Təhqiqat Bölməsi tərəfindən cavabdehin şikayəti araşdırılmış və nəticədə o və həyat yoldaşının cavabdehə hədə-qorxu gəlməsi faktı sübuta yetirilməmişdir. Eyni zamanda, borc tələbinin mülki mühakimə icraatı qaydasında həll olunması hər iki tərəfə izah olunmaqla xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəflər arasında Abşeron rayonu 1 saylı Notariat ofisində imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin tələbləri Cavabdeh tərəfindən tam icra edilməmiş, 14.200 (on dörd min iki yüz) manat borc ona ödənilmədiyindən həmin borc məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş, iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh bildirdi ki, həqiqətən də o, iddiaçıdan 26000 manat borc almış, bunun 11800 manatını qaytarmışdır. Sonra onun oğlu avtomobil qəzası keçirmiş, buna görə də borcu ödəməkdə çətinlik çəkmişdir. Daha sonra İddiaçı avtomobil və telefon almış, cəmi 10000 (6000+4000) manat pulu borcdan çıxacağını bildirmişdir. Lakin hazırki iddiada ondan 14200 manat tələb edilmişdir. Qətnamə çıxarılarkən bu hal nəzərə alınmalıdır. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron rayon 1 saylı Notariat Ofisində xx.xx.2021-ci ildə bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı 12 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixində qaytarmaq şərti ilə Cavabdeh 26000 manat məbləğində faizsiz borc pul vermişdir. İşdə olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı barəsində etdiyi şikayət ərizəsi əasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan 12 aya qaytarmaq şərtilə faizsiz olaraq 26000 manat borc götürmüşdür. Lakin borcun qaytarılması müddəti çatsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş, borcundan 11800 manat qaytarsa da, qalan 14200 manat borcu İddiaçı qaytarmamışdır. İddiaçının cavabdehə 26000 manat borc verməsi tərəflər arasında bağlanmış kredit müqaviləsi, və cavabdehin özünün etirafı ilə öz təsdiqini tapmışdır. Eyni zamanda həmin pulun bir qismi cavabdeh tərəfindən ödənilmiş qalıq borc 14200 manat olmuşdur ki, bunu cavabdeh izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14200 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin əvəzinin verilməsi barədə tələbi də əsaslı hesab etmir, çünki iddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia borc hissəsində təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 138.6 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14200 (on dörd min iki yüz) manat və dövlət rüsumu üçün 138.6 (yüz otuz səkkiz manat altmış qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar