Məhkəmə qərarları › İş №e-2(012)-744/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-744/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-744/2023 29.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə İddiaçı Qabil oğlu tərəfindən ödənilmiş 4725,11 manat məbləğində pul vəsaitinin və 68 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı oğlu "xxxx" Şirkətinə məxsus "Avropa Qapıları" sərgi salonunda satışda olan 13 ədəd mənzildaxili qapıları bəyənmiş və həmin qapıların alqı-satqı vasitəsi ilə əldə olunmasına cavabdehlə razılaşmışlar. Bunun müqabilində iddiaçı cavabdehə 3 dəfə olmaqla xx.xx.2022-ci il tarixdə toplam 4725,11 məbləğində ödənişlər etmişdir. Tərəflər razılaşdığı müddətdə sifariş edilmiş qapılar iddiaçının ünvanına çatdırılmışdır. Quraşdırma zamanı həmin qapıların nöqsanlı olduğu, üzərində cızıq və sınıqlar, ölçülərinin uyğun gəlmədiyi aşkar edildiyi üçün quraşdırmağa gələn şirkət işçiləri tərəfindən geri götürülmüş və yaxın zamanda əvəzlənməsi vəd edilmişdir. Lakin 7-8 aydan çox müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı addım atılmamış, sifariş edilən mallar çatdırılmamışdır. Sifarişin çatdırılması və ya pulun geri qaytarılması tələb edildikdən sonra cavabdeh ümumiyyətlə, iddiaçının telefonlarına cavab verməkdən və görüşərək mübahisənin sülhlə həll edilməsindən boyun qaçırmağa başlamışdır. Bununla bağlı İddiaçı “Antiinhisar və İstehlak Bazarına Nəzarət” Dövlət Xidmətinə müraciət etmişdir. Bir müddət sonra həmin qurumdan şifahi olaraq məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Sifariş edilmiş qapılar qüsurlu olduğundan, bunun nəticəsində isə ona ziyan dəydiyindən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli sifarişlərin surətindən görünür ki, İddiaçı "xxxx" Şirkətindən ümumi dəyəri 2485 ABŞ dolları olan 13 ədəd qapının istehsal edilməsini sifariş etmişdir. İşdə olan "xxxx" Şirkətinin satış üzrə meneceri Rəsmiyyə Məhərrəmovanın tərtib etdiyi xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı sifariş etdiyi 13 ədəd qapının ödənişi üçün qalıq qalan 1925 manat və aksessuarlar üçün 500 manat ödənişi etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, "xxxx" Şirkətinə cəmi 4725,11 manat ödəniş edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10/2834 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, rəydə göstərilənlər nəzərə alınaraq, İddiaçı yaşadığı ünvan 1 ünvanında cavabdeh tərəfindən istehsal edilərək quraşdırılmış 13 ədəd qapının üzərində boya çatları və cızıqların olduğu müəyyən edilmişdir. Lakin həmin zədənin istehsalat zədəsi və ya quraşdırma zamanı və ya sonradan kənar müdaxilə nəticəsində yaranmış zədə olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Şifariş verilmiş 13 ədəd qapının materialı və üzlüyünün müəyyən edilməsi mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından sualda göstərilən məsələ ilə bağlı tədqiqat aparılmamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında iddiaçıya məxsus mənzildə 13 ədəd qapının istehsal edilib quraşdırılması ilə bağlı münasibətlər yaranmışdır. İddiaçı bununla bağlı Şirkətə məxsus sərgi salonuna getmiş, 13 ədəd qapı barədə "xxxx" Şirkətinə sifariş vermiş, buna görə Şirkətin hesabına 4725,11 manat vəsait ödəmişdir. Şirkət tərəfindən 13 ədəd qapı iddiaçıya təhvil verilmişdir. İddiaçı qapıların qüsurlu olduğunu görmüş, buna baxmayaraq həmin qapılar mənzildə quraşdırılmış, həmin vaxt mübahisə olmamış, lakin sonradan İddiaçı verdiyi sifarişin lazımi qaydada yerinə yetirilməməsi qənaətinə gəlmişdir. O, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, 13 ədəd qapının mənzildə quraşdırılması barədə tərəflər arasında podrat münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 763.3-cü maddəsinə görə əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşdən görünür ki, iddiaçı tərəfindən sifariş edilmiş 13 ədəd qapıda qüsurlar aşkarlanmışdır. Bu fakt işdəki ekspertiza rəyi ilə təsdiq olunur. Məhkəmə iclasında İddiaçı bu qüsurların qapılar mənzilə quraşdırılmadan öncə mövcud olduğunu bildirmişdir. Hər bir halda, iş materialları ilə müəyyən olunur ki, sifarişçi kimi İddiaçı qeyd edilən qüsurların aradan qaldırılması üçün şirkətdən əlavə icra tələb etməmiş, birbaşa məhkəməyə müraciət edərək sifariş üçün ödədiyi vəsaiti cavabdehdən tələb etmişdir, halbuki qüvvədə olan qanunvericiliyə əsasən sifarişçi podratçıdan xərcləri əlavə icra yerinə yetirilmədikdən sonra tələb edə bilər. İşdən görünür ki, iddiaçı qüsurların aradan qaldırılması üçün cavabdeh şirkətə ümumiyyətlə, şərait yaratmamış, onun əməkdaşlarını mülkiyyətində olan mənzilə buraxmamışdır. Cavabdeh tərəfindən istehsal edilmiş 13 ədəd qapının iddiaçıya məxsus mənzildə quraşdırılması göstərilmiş xidmətin sifarişçi tərəfindən bəyənildiyini təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında podrat münasibətləri yarandığından, öhdəliyin icrası zamanı göstərilmiş xidmət barədə sifarişçinin narazılığı olmadan və sonradan mübahisəyə səbəb olmuş qüsurlu sifarişin aradan qaldırılması üçün əlavə icra tələb edilmədiyindən, bununla da hazırki mərhələdə cavabdeh öz hərəkətləri ilə iddiaçıya maddi zərər vurmadığından, İddiaçı "xxxx" Şirkətinə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar