Məhkəmə qərarları › İş №e-2(012)-760/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-760/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-760/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 14 mart 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun xeyrinə, borc müqaviləsi üzrə 5000 manat, gecikdirilmiş vaxt üçün 500 manat, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu 70 manat olmaqla, ümumilikdə 5570 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 06 Mart 2020-ci il tarixində Cavabdeh ilə borc müqaviləsi bağlamışdır. Borc müqaviləsinin predmetini isə onun tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində pulun verilməsi təşkil etmişdir və qeyd edilən müqavilə hər ikisinin iştirakı ilə Bakı şəhəri 5 saylı notariat ofisinda notarial qaydada bağlanmışdır. Qeyd edilən müqavilənin 2-ci bəndinə əsasən borc alan, Cavabdeh, borc aldığı pul məbləğini 2 ay ərzində, yəni 06 May 2020-ci il tarixinə qədər borc verənə tam formada qaytarmağı öhdəsinə götürmüşdür. Lakin artıq öhdəliyin son icra müddətindən 2 ildən çox müddətin ötməsinə baxmayaraq, Cavabdeh borc aldığı məbləği geri qaytarmamış və bu istiqamətdə heç bir addım atmamışdır.Bu müddət ərzində aralarında olan tanışlıq münasibətlərini nəzərə alaraq dəfələrlə ondan zəng vasitəsilə və şəxsi görüşləri zamanı borc məbləğinin ödənilməsini tələb etmiş, lakin o, hər dəfə borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Borc öhdəliyinin könüllü icra olunmayacağına tam əmin olduğu zaman isə artıq öhdəliyin məcburi qaydada icra olunması üçün hərəkətə başlamışdır. Bu məqsədlə də müvafiq sənədlərlə Abşeron rayonu 1 saylı notariat ofisinə müraciət etmiş və notarius kreditorun sənədləri əsasında icra qeydi qəbul edərək icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərmişdir. İcra qeyd icra məmuru tərəfindən icraata qəbul edildikdən sonra Cavabdeh borc məbləğini ödəyəcəyini və bunun üçün əlavə bir neçə ay müddət istədiyini ona bildirmişdir. Lakin bir müddət sonra o, müvafiq icra qeydinin ləğv edilməsi ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin № 2(012)-693/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi X1 8İ-10247 reyestr nömrəli xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilmişdir. Lakin məhkəmənin icra qeydini ləğv etməsinin əsası borc tələbi ilə bağlı olmamışdır və bu cür əsası notarius tərəfindən icra qeydi edilərkən icra qeydi ilə bağlı maddi norma tələblərinə tam əməl edilməməsi təşkil etmişdir. İcra qeydinin ləğv edilməsindən sonra isə Cavabdeh borcu qəbul etməkdən ümumiyyətlə imtina etdiyini və heç bir halda bu borcu ödəməyəcəyini bildirmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə əlavə olaraq təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, müvəkkili İddiaçı ilə Cavabdeh arasında 06 mart 2022-ci il taixli 3M-362 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən idddiaçı cavabdehə 5000 manat pul borc vermiş və cavabdeh də həmin borcu iki ay müddətində, yəni 06 may 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı bu müddət ərzində dəfələrlə cavabdehlə telefon əlaqəsi yaradaraq borcun qaytarılmasını tələb etmiş, lakin borcun qaytarılması süni şəkildə cavabdeh tərəfindən uzadılmışdır. Hətta, iddiaçı tərəfindən icra qeydi ilə bağlı müraciət etməmişdən öncə cavabdehə bildirilmişdir ki, halbuki, o bunu inkar edir, qeydiyyat ünvanına rəsmi bildiriş göndərilmiş və Bəxtiyar müəllimin qızı Lalə xanım ona özü watsapp üzərindən yazmışdır. Borc müqaviləsi bağlanmamışdan bir neçə dəqiqə öncə tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı bacısının adından etibarnamə üzrə çıxış edərək 4,0101 ha torpaq sahəsini Cavabdeh 40000 manat müqabilində satmışdır. Müqavilə bağlanmamışdan öncə Cavabdeh torpaq sahəsinin sənədi (çıxarış) ilə faktiki ölçülər arasında fərq olduğunu və qiymətin aşağı salınmasını tələb etmişdir. Müvəkkili bunu torpaq sahəsinin sərhədlərinin düzgün müəyyənləşdirilməməsi ilə əlaqələndirmişdir və sənəd üzrə sahib olduğu torpağın sərhədlərini müəyyənləşdirmək üçün mütəxəssis cəlb etməklə rəsmi qaydada müraciət etməyin lazım olduğunu bildirmişdir. Tərəflər belə razılaşmışlar ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra alqı-satqıdan alınan 40000 manat vəsaitdən müvəkkili Cavabdeh 5000 manat faizsiz borc olaraq verəcək ki, cavabdeh 2 ay ərzində torpağa dair sənədləşmə işinə xərc cəksin və bundan sonra Cavabdeh həmin pulu İddiaçı qaytaracaq. Həmin pul vəsaiti Cavabdeh notarius vasitəsilə notarisun depozit hesabına qoyulmuş və Cavabdeh həmin pulu şəxsən özü götürmüşdür. Həmin müqavilə onun iradəsindən kənar və ya zidd formada bağlanmamışdır. Ən əsası da cavabdehin etirazda qeyd etdiyi şərtlərrin heç biri həmin kredit müqaviləsində öz əksini tapmamışdır, halbuki qanun bunu ona qadağan etmir. Bundan başqa, cavabdeh müqavilədə qeyd olunan 2 ay keçdikdən sonra borc məbləğinin ilk əvvəl qaytarılmasından imtina etməmişdir, sadəcə ona bir az vaxt verilməsini xahiş etmişdir. Onun həmin pul vəsaitini sənədləşmə işinə xərclədiyini müəyyənləşdirmək onların aralarında bağlanmış müqavilənin predmeti olmamışdır. Etirazda qeyd edilmişdir ki, guya İddiaçı və Zaur adlı şəxs həmin sənədləşmə işini həll edəcəyini öz üzərlərinə götürmüşlər, halbuki Mülki Məcəllənin tələbinə əsasən daşınmaz əmlaka dair hər hansı tələb, irad, etiraz və müraciət yalnız mülkiyyətçi tərəfindən verilə bilər. Daşınmaz əmlakın alqı-satqısından sonra həmin 4,0101 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və bu kimi müraciətləri etmək yalnız onun iradəsindən asılı olmuşdur. Cavabdeh daşınmaz əmlakın alqı-satqısını vurğulayaraq kredit müqaviləsinə etibarsız əqd donunu geyindirmək istəyir. Halbuki borcun qaytarılması tələb olunan müddət ərzində iddiaçı dəfələrlə Cavabdeh bildirmişdir ki, sənədlə faktiki arasında mövcud olan torpaq sahəsini iddiaçıya satsın və iddiaçı artıq özü mülkiyyətçi kimi həmin məsələni həll etsin. Lakin, Cavabdeh buna razılaşmamışdır. Cavabdeh bu müddət ərzində iddiaçı ilə aralarında bağalnılmış kredit müqaviləsini mübahisələndirməmişdir, halbuki buna hüququ və imkanı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edib, yazılı izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, 15 noyabr 2022-ci il tarixində İddiaçı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3M-362 saylı borc müqaviləsi üzrə 5000 manat, gecikdirilmiş vaxt üçün 500 manat və dövlət rüsumu 70 manat olmaqla 5570 manat tutulmasını məhkəmədn xahiş etmişdir. İddia tələbinə etiraz edirlər. X10 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində saat 16:28-də Bakı şəhəri 5 saylı notariat ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə X8 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi kimi İddiaçı təmsil etmişdir və müqaviləni X6 əvəzinə o, imzalamışdır. Həmin müqavilənin şərtlərinə görə satıcı X3 rayonu Hacıəlibəy kənd ünvanında yerləşən, ümumi sahəsi 4,0101 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı Cavabdeh mülkiyyətinə vermiş, alıcı isə bunun müqabilində satıcıya 40000 manat ödəniş etmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan tam 7 dəqiqə sonra İddiaçı ilə Cavabdeh arasında 5000 manat dəyərində 3M-362 saylı kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında əsl razılaşmanın mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı X10 4,0101ha torpaq sahəsini satmağı və alıcı, yəni Cavabdeh torpağı 45000 manata almağı öz öhdəsinə götürmüşdür. Lakin alqı-satqı müqaviləsi bağlamazdan öncə tərəflər əraziyə mütəxəssis dəvət etmiş və torpaq sahəsini ölçdürmüşdür. Məlum olmuşdur ki, torpağın sənəddə olan sahəsi ilə faktiki sahəsi arasında 0,05 ha əskiklik var. Cavabdeh torpağı almaqdan imtina etmişdir. Bu zaman X6 oğlu Zaur cavabdehə təklif etmişdir ki, alqı-satqı müqaviləsi 40000 manata bağlansın, qalan 5000 manatı isə torpaq sahəsinin faktiki sahəsi ilə çıxarışında olan sahəsi arasında ziddiyyət qalxdıqdan sonra ödəsin. Həmçinin Zaur bildirmişdir ki, o, sənədləri düzəltdikdən sonra 5000 manatı cavabdehin verəcəyindən tam əmin olmaq üçün bu razılaşmanı pərdələmək məqsədilə formal olaraq borc müqaviləsi bağlanmalıdır. Namiq bu təkliflə razılaşdıqdan sonra həmin müqavilələr bağlanmışdır. Bütün bu hadisələr baş verən zaman İddiaçı orada sadəcə olaraq sənədləri imzalamışdır və əsl tərəfi etibarnamə üzrə təmsil etmişdir. Ondan əvvəl Cavabdeh İddiaçı tanımamış və onunla heç bir əlaqəsi olmamışdır. Tərəflər arasında razılaşma baş tutarkən torpaq sahəsinin ölçülməsi və digər proseslər zamanı X9 bütün proseslərdə şahid kimi iştirak etmişdir. Torpaq sahəsinin sənədlərində düzəliş edilməsi vəd edilsə də, qarşı tərəf bu vədə əməl etməmişdir və alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinin sənədləri çıxarışa uyğunlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixində isə cavabddehin xəbəri olmadan gizli şəkildə İddiaçı Abşeron rayon Notariat ofisinə müraciət edərək borcun ödənilməsi ilə bağlı icra qeydi aparılmasını xahiş etmişdir. Cavabdehin əmlakları üzərinə həbs qoyulduqdan sonra icra qeydindən məlumatı olmuş və bu barədə iddiaçıya dəfələrlə əlaqə saxlayaraq qanunsuz işlərdən əl çəkməsini bildirmişdir. Həmin icra qeydi cavabdeh tərəfindən mübahisələndirilmiş və qanunsuz aparıldığı üçün Abşeron rayon Məhkəməsinin 2(012)-693/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin vaxtı bağlanılmış borc müqaviləsinin başqa müqaviləni pərdələmək məqsədi daşıması və bunu təsdiq edəcək sübutəqdim edilmiş və məhkəmə sübutlara ümumi qiymət verərək icra qeydini ləğv etmişdir.İddiaçı tərəfindən iddia olunan tələb tam əsassızdır, bağlanmış borc müqaviləsi başqa müqaviləni pərdələmək məqsədi daşımışdır. Əslində tərəflər arasında əldə olunan razılaşma qarşılıqlı öhdəliklərin icra olunması ilə əlaqədar olmuşdur. Yəni daşınmaz əmlakın alqı-satqısı üzrə satıcı X10 alıcı Cavabdeh həmin torpaq sahəsi üzrə əskik olan ərazini çıxarışa uyğun olaraq bərpa edib alıcının faktiki mülkiyyətinmə keçirməyi və bununla bağlı bütün lazımi tədbirləri görməyi öz üzərinə götürmüş, alıcı Namiq isə satıcı tərəfindən bütün işlər tam icra olunduqdan sonra nəzərdə tutulan 5000 manatı alıcıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə sadəcə həmin razılaşma üzrə satıcını təmsil etmişdir. Heç vaxt tanımadığı insana faizsiz kredit verməkdə iddiaçının nə məqsədi olmuşdur? Həmçinin həmin gün Cavabdeh üzərində 45000 manat real pul ola-ola o, niyə iddiaçıdan 5000 manat borc pul alsın? Notariusun depozit hesabına qoyulan 5000 manat cavabdehin öz pulu olmuş, həmçinin aparılan bütün sənədləşmə formal olmuş və hər iki müqaviləni təsdiq edən notarius İlham Məmmədovda bütün bunlardan məlumatlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərinə uyğun olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 2-ci abzasda qeyd etdiyi kimi icra qeydinin ləğvi ilə bağlı Abşeron rayon Məhkəməsinin 2(012)-693 /2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilən zaman borc müqaviləsinin yalan əqd olmasına dair dəlillər məhkəməyə təqdim edilmiş və məhkəmə həmin sübutlara hüquqi qiymət vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əqd olması səbəbindən əhəmiyyətsiz əqddir və əslində real olan başqa əqdi pərdələmək məqsədi daşımışdır. İddiaçının alqısatqı müqaviləsi üzrə təmsil etdiyi tərəf öz vədinə əməl etməmişdir, bu əsasla hər hansı pul tələb etməsi də düzgün deyildir. Tərəflər arasında bağlanmış borc müqaviləsi yalan əqddir, alqı-satqı müqaviləsi üzrə tərəflərin qarşılıqlı öhdəliklərinin icrası barədə razılaşmanı pərdələmək məqsədi daşımışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraza uyğun izahatlar verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır. Namiq dostudur. İddiaçı torpaq sahəsi almışlar. Alqı-satqı zamanı Nizami rayonunda yerləşən Notariat kontorunda olmuşlar. Torpaq sahəsinin qiyməti olaraq 45000 manata razılaşmışlar. Sxem üzrə torpaq sahəsi əskik gəldiyindən Namiq pul məbləğinin 5000 manat hissəsini götürüb, torpaq sahəsinin əskik olan hissəsinin verilməsindən sonra pulu verəcəyini bildirmişdir. Torpağın sahibi torpaq sahəsini tam vermədiyindən 5000 manat pul ona verilməmişdir. Hal-hazıradək torpaq sahəsi verilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 06 mart 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Müslümov X4 Namiq İdris oğluna 5000 manat məbləğində borc pul verməyi, borc alan isə 06 may 2020-ci il tarixədək krediti borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. AN-İ 084224 saylı, 06 mart 2020-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X2 rayonu Hacıəlibəy kəndi ünvanında yerləşən 4,0101 ha torpaq sahəsini alıcı Cavabdeh satmış və sonuncu bunun müqabilində satıcıya 40000 manat məbləğində pul vəsaiti ödəmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 4,01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Müslümov X4 Namiq İdris oğlu arasında 06 mart 2020-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Müslümov X4 Namiq İdris oğluna 5000 manat məbləğində borc pul verməyi, borc alan isə 06 may 2020-ci il tarixədək krediti borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Hal-hazırda İddiaçı iddia qaldıraraq qeyd olunan müqavilə üzrə pul vəsaitinin ona qaytarılmasını məhkəmədən tələb edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarındakı mövqeyindən çıxış edərək hesab edir ki, hazırki mübahisə müqavilə üzrə mübahisə olduğundan, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Məhkəmə qeyd edir ki, müqavilənin bağlanması ilə bağlı mülki qanunvericilikdə müqavilə azadlığı prinsipi öz əksini tapsa da, yəni fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu sərbəst müəyyənləşdirməklə bağlı azadlıqlar verilsə də, müqavilə şərtləri qanunvericiliyin tələblərinə və müqavilənin etibarlılıq şərtlərinə uyğun olmalıdır. Azərbaycan Republikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələrin hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yuxarıda qeyd olunan normaların hazırki işə tətbiqi baxımından məhkəmə hesb edir ki, hazırki işdə də sözügedən müavilənin etibarlı olub-olmaması, qanunvericiliyin tələblərinə cavab verib-verməməsi, tərəflərin həmin müqavilənin bağlanması ilə bağlı iradə ifadələrinin nədən ibarət olması, müqavilənin bağlanması ilə bağlı hüquqi niyyətlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Hazırda iddiaçının tələbinin əsasını təşkil edən müqavilə tərəflər arasında pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə borc verilməsi ilə bağlı bağlansa da, məhkəmədə tərəflərin izahatlarından göründüyü kimi həmin müqavilə başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır. Belə ki, iddiaçının nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı izahatında 5000 manat pul vəsaitini cavabdehə torpaq sahəsinin sənədləşmə işlərini aparması üçün borca verdiyini, cavabdeh və onun nümayəndəsi isə torpaq sahəsinin alqı-satqısı müqabilində iddiaçıya 45000 manat vəsait verdiyi halda, torpaq sahəsinin sxem üzrə ölçüsünün razılaşdıqları ölçüdən əskik olması səbəbindən 5000 manat pul vəsaitini geri aldığını və torpaq sahəsinin əskik hissəsinin tam verilməsindən sonra həmin pul vəsaitini qaytaracağını və sözügedən müqaviləni bu məqsədlə bağladığlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 da ifadəsində cavabdehin izahatına uyğun izahat vermişdir. Məhkəmə iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əskik torpaq sahəsini tamamlaması üçün sənədləşmə işlərini aparmasına görə cavabdehə borca pul verməsi real görünmür. Çünki torpaq sahəsinin ölçüsünün əskik olan hissəsini tamamlanmasını tələb edən və bunda maraqlı olan tərəf cavabdehdir. Bu halda əskik hissənin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehə borca deyil, sənədləşmənin aparılmasının haqqı olaraq pul verilə bilər və bu isə tərəflər arasında borc münasibətlərinin yarandığını istisna edir. Digər tərəfdən tərəflər arasında bağlanmış AN-İ ******* saylı “Daşınmaz əmlakın alqısatqı müqaviləsinin və kredit müqaviləsinin tarixlərindən göründüyü kimi hər iki müqavilə eyni tarixdə bağlanmışdır. Bu isə tərəflərin arasında bağlanmış ikinci müqavilənin, yəni kredit müqaviləsinin məhz alqı-satqı müqaviləsi ilə əlaqədar bağlanması ilə bağlı cavabdehin dəlilinə uyğun gəlir. Eyni zamanda, iddiaçının və cavabdehin izahatlarından görünür ki, həqiqətən də tərəflər arasında torpaq sahəsinin ölçüsü ilə bağlı narazıçılıq olub və bağlanan digər müqavilə məhz bu narazıçılığın aradan qaldırılması səbəbilə bağlanmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış iddiaçının tələbinin əsasını təşkil edən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə müvafiq olaraq yalançı əqd olmaqla etibarsız əqddir. Həmin maddəyə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. İddiaçının hazırki tələbi əhəmiyyətsiz əqd olmaqla etibarsız olduğundan onun həmin müqaviləyə əsaslanmaqla pul tələb etməsinə dair iddiası da əsassızdır. Çünki etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.Əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh onun xeyrinə, borc müqaviləsi üzrə 5000 manat əsas borc tələbi hissədə iddia sübut edilmədiyindən, gecikdirilmiş vaxt üçün 500 manat hissədə isə əsas iddia tələbi təmin edilmədiyindən əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 70 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar