Məhkəmə qərarları › İş №e-2(012)-766/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-766/2025

03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-766/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 iyul 2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin əmək haqqından və digər gəlirlərindən 1/3 hissədə aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4163/2024 №li xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 1846/2018 №li, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 29 iyul 2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləği artırılmışdır. Cavabdeh 29 iyul 2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pulməbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət etmişdir. Beləliklə, 2021-ci ilin avqust ayından İddiaçı iki yetkinlik yaşına çatmayan uşağın saxlanmasına hər ay 350 (üç yüz) manat aliment alır. Əldə edilmiş məlumata görə, cavabdeh "xxxx" MMC-nin “Adora” mağaza şəbəkələrin birində direktor vəzifəsində işləyir və hər ay 3000 (üç min) manatdan çox maaş alır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq Ali Məhkəmənin yeni Plenium qərarına əsasən icraata xitam verməyi xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 315595 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 29 iyul 2009-cu il tarixdə Zaqatala rayonunda anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 609448 nömrəlidoğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 11 yanvar 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4163/2021 saylı qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1846/2018 saylı, 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə 29 iyul 2009-cu il təvəllüdlü X4 və 11 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh 29 iyul 2009-cu il təvəllüdlü X4 və 11 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanması, Cavabdeh 30 manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulması qət edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 1144 saylı məktubundan və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən "xxxx" MMC-nin Kommersiya departamentinin pərakəndə satış şöbəsinin mağaza direktoru vəzifəsində işləyir və onun aylıq əmək haqqı 3784 manat təşkil edir. Cavabdeh tərəfindən işə əlavə edilmiş AZ-İİ 440301 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində,1117 saylı akt qeydi ilə nikah qeyd edilmişdir. AZ İİ 880664 saylı doğum haqqında şəhadətnmaənin surətindən görünür ki, onların birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit aliment məbləğinin hazırda uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, cavabdehin aylıq gəlir və qazancının 1/3 hissəsi miqdarında artırılmasını tələb edir. Həmçinin tərəflərin birgə nikahı zamanı cavabdehin maddi durumunun hazırki əməkhaqqısından qat-qat aşağı olduğu məhkəmə iclası zamanı müəyyən edilmişdir. İşdən görünür ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 3784 manat təşkil edir. Bundan başqa, işdən görünür ki, cavabdeh sonradan yenidən nikaha girmiş, bu nikahdan da onun 1 uşağı olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə birgə nikahdan doğulmuş Aişə və Sabir adlı uşaqların mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4163/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə həmçinin cavabdehin ikinci nikahından doğulmuş Muhamməd adlı uşağın da mənafeyini nəzərə alır. Hazırki halda cavabdehin aylıq qazancının 1/3 hissəsinin onun əvvəlki nikahdan doğulmuş Aişə və Sabir adlı uşaqların saxlanılması üçün tutulması Ailə Məcəlləsinin 76-cı maddəsinin ümumi prinsiplərinə zidd deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsini xx.xx.2024-cü ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15 saylı 20 dekabr 2024-cü il tarixli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının “8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 85,41 manat məbləğində dövlət rüsumu (1261,33 manat (cavabdehin əmək haqqısının 1/3 hissəsi) x 12 ay = 135.41 manat – mediasiya üçün ödənilmiş 50 manat = 85.41 manat) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4163/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 29 iyul 2009-cu il təvəllüdlü X4 və 11 yanvar 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir (1/3) hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. 85,41 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar