Məhkəmə qərarları › İş №e-2(012)-78/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-78/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-78/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X5, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK -ya qarşı «mənzilə görə ödənilmiş pulun, təmir xərcinin qaytarılması və pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 114000 manat pulun və məhkəmə xərclərinə görə tərəflərindən ödənilmiş 404 manat dövlət rüsumunun Cavabdeh MTK-dan Cəmiyyətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki,cavabdeh satıcı qismində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı alıcı qismində İddiaçı arasında 21 fevral 2019-cu il tarixli müqavilə bağlanmış və İddiaçı ilkin ödənişli, daha sonra müəyyən müddət ərzində mənzilin tam dəyərinin ödənilməsi şərti ilə mənzil almışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən satıcıya məxsus yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106,06 m2-dən ibarət olan 2 otaqlı, 24 saylı mənzilin hər kvadrat metri 550 manata, cəmi 58333 manat olmaqla satılması barədə razılıq olmuşdur. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı ilkin ödənişi ödədikdən sonra ümumi məbləğin 100 faizini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüş, müqavilədə göstərilən qalan məbləğ tam ödənildikdən sonra isə mənzilin alıcının xüsusi mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı məlum COVİD-19 virusunun yayılması və həmin dövrlərdə gəlirlərinin azalması səbəbindən müqavilənin müvafiq bəndi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə aldığı mənzilə görə 35000 manat ödəniş etmiş, qalan 23333 manatı isə ödəyə bilməmişdir. Bundan sonra İddiaçı ödəniş etmək üçün Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlığına yaxınlaşmış, lakin orada pul qəbul etməkdən imtina etmişlər. İddiaçı 5000 manat pulu Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına qoymuş, lakin cavabdeh pulu götürməkdən imtina etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma” iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğvi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pul, cəmi 510 manatın alınaraq iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş. Cavabdeh MMC həmin qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin bütövlükdə təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 382/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3859/2021 saylı qətnaməsi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılmasının rədd edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbləri təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh İddiaçı aralarında bağlanmış 21 fevral 2019-cu il tarixli müqavilə ləğv edilməsi, İddiaçı Xırdalan şəhəri, Quba-Bakı magistiralının qərbində inşa edilmiş yaşayış binasının bina 2, 4-cü mərtəbədə yerləşən 24 saylı mənzildən çıxarılsı və mənzil boş vəziyyətdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. İddiaçı tərəfindən ödənişlər ödənilsə də bu ödənişlər Cavabdeh MMC tərəfindən qəbul edilməmişdir. Belə ki, iddiaçı 17 iyun 2021-ci il tarixdə 5000 manat ödəniş etmiş, bununla da cavabdehə ümumilikdə mənzilə görə 40000 manat pul vəsaiti ödənilmişdir.Tərəflər arasında müqavilə bağlanmış, müqavilə öhdəliyi iddiaçı tərəfindən vaxtında yerinə yetirilmiş və ödənişlər ödənilmişdir. İddiaçı qalan məbləği də tam olaraq ödəməyə hazır olduğu üçün müqavilənin ləğv edilməsinə razı deyildir. İddiaçı oğlu Elvin Yusubov ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında iş birliyi olmuş, o, 2020-ci il tarixdə Cavabdeh MMC-də satış üzrə menecer işləmişdir. Elvin Yusubov iddiaçıya tikinti materialları vermiş, iddiaçı mənzili təmir etmişdir və hazırda o, ailə üzvləri ilə birlikdə orada yaşayır. İddiaçının maddi imkanı mənzilin təmiri ilə bağlı və sonradan məlum pandemiya ilə əlaqədar müqavilə üzrə razılaşdırılmış öhdəliyi vaxtında yerinə yetirməyə imkan verməmişdir. Hazırda mənzilin qalan borcundan artıq 5000 manat ödənilmişdir və qalan borcu da bu yaxınlarda tam olaraq ödəməyə hazır olsa da cavabdeh buna şərait yaratmamışdır və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia ərizələri iddiaçı X1 həmin mənzildən çıxarılması məhkəmə qətnamələri ilə təmin olunmuşdur. İddiaçı X4 ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış müqavilənin tələblərinə əsasən həmin dövr üçün evin ümumi dəyəri 50333 manat müəyyən edilsə də həmin məbləğin 40000 manatı cavabdehə ödənilmiş və iddiaçının 18333 manat məbləğində qalıq borcu qalmışdır. İddia ərizəsinə əlavə olunmuş evin alqı-satqısına dair müqavilədən göründüyü kimi ev iddiaçıya tam təmirsiz satılmışdır, evin bütün təmir quraşdırma xərclərinin ödənilməsi öhdəliyi payçı kimi onun üzərinə qoyulmuşdur və bu səbəbdən də ev onun şəxsi vəsaiti hesabına tam təmir edilmişdir. İddia ərizəsinə əlavə olunmuş “Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli, 05- 128/22 saylı rəyindən göründüyü kimi ev iddiaçıya satılarkən hər kvadrat metrin qiyməti 550 manat, ümumi dəyəri 50333 manat müəyyən edilsə də hazırki qiymətlə evin təmirli vəziyyətdə hər kvadrat metrinin qiyməti 1245,7 manat müəyyən olunmuşdur. Eyni zamanda mütəxəssis tərəfindən verilmiş rəyə əsasən mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, binanın konstruksiyası, və s, xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən iddiaçıya məxsus Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən evin hazırki bazar dəyəri 132000 manat müəyyən olunmuşdur. Belə ki, 132000 manat mənzilin ümumi dəyərinin 40000 manatını mənzilin alınması üçün ödənilmiş pul, mənzilin təmiri üçün hər kv. metrə təxminən 500 manat hesablanmaqla ümumilikdə 50300 manat təmir xərcinə çəkilmiş, qalıq 41700 manat isə mənzilin alınan vaxtda dəyəri ilə hazırki bazar qiyməti ilə arasında yaranmış fərqidir. Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli, 05-128/22 saylı rəyindən göründüyü kimi əmlakın ümumi dəyərinin 132000 manat müəyyən edilməsinə baxmayaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə 18333 manat borcları qaldığı halda ümumi dəyəri 132000 manat olan evi iddiaçıdan alaraq evdən çıxmasını ondan tələb edərək onun və ailə üzvlərinin mülkiyyət hüququnu ələ keçirmişdir. Hesab edir ki, xx.xx.2019-cu il tarixə mənzil bazan ilə 2023-cü ilin mənzil bazarındakı qiymət fərqini müqayisə etsələr əgər 2019-cu ilin fevral ayı üçün mənzilin hər kv. metrin dəyəri 550 manat idisə, hazırki vaxtda mənzilin hər kv. metrinin dəyəri 1246 manatdan yuxarı məbləğdə müəyyənləşdirilmişdir. Belə ki, eyni şəraitli mənzillə təmin olunmaq üçün iddiaçı hazırki şəraitdə təxminən 132000 manat pul ödəməlidir. Cavabdeh hazırkı mənzili özgəninkiləşdirməklə təmirli vəziyyətdə hər kv. metrini 1246 manata satdığı halda minimum 92000 manat gəlir əldə edəcəkdir. Bu isə cavabdehin əsassız varlanmasına və hüquqdan sui-istifadəsinə gətirib çıxarmaqla iddiaçını mənzilsiz qoyub mülkiyyət hüquqlarını məhdudlaşdırmış olacaqdır. Qeyd etməyi zəruri hesab edir ki, mənzilin alınması üçün bugünədək ödənilmiş 40000 manat pulu, həmin tarixdə başqa bir MMCyə ödəmiş olsaydı, cavabdeh hal-hazırda borclu qaldığı 18300 manatı götürər və evi iddiaçının sərəncamına vermiş olardı. Göründüyü kimi cavabdeh iddiaçının faktiki sahibliyində olan mənzili özgəninkiləşdirməklə fayda götürərək əsassız varlanacaq və nəticədə iddiaçının qanun qorunan mülkiyyət hüquqları məhdudlaşdırılacaqdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının gələcəkdə mənzil şəraitinin təmin edilməsi üçün iddiaçı tərəfindən 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 58333 manat olan mənzilin alınması üçün ödənilmiş 40000 manat pul, mənzilin əsaslı təmir edilməsi üçün xərclənmiş 50300 manat pul və iddiaçı tərəfindən ödənilməmiş 18300 manat pul çıxmaqla qalıq 23700 manat pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə 24 yanvar 2023-cü il tarixdə, məhkəmə hazırlıq iclasında iştirak edərək,iddia ərizəsində göstərilənləri müdafiə etmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərmiş və ərizədə göstərmişdir ki, mənzilin alınması üçün cavabdehlə iddiaçı arasında imzalanmış müqavilənin tələblərinə əsasən həmin dövr üçün evin ümumi dəyəri 50.333 manat müəyyən edilsə də, bu günədək həmin məbləğin 40.000 manatı İddiaçı tərəfindən cavabdehə ödənilmiş və 18.333 manat borcu qalmışdır. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və mənzilin alqı-satqısına dair müqavilədən göründüyü kimi mənzil təmirsiz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "Coral Consulting" “daşınmaz əmlakın qiymətləndirməsi barədə” 10 noyabr 2022-ci il tarixli KC/N 05- 128/2022 saylı rəyindən göründüyü kimi ev iddiaçı tərəfindən bütövlükdə, tam olaraq təmir edilmiş və hal-hazırda da iddiaçı həmin mənzildə yaşayır. “Koral Consulting” qiymətləndirmə mərkəzinin xx.xx.2022-ci il tarixli 05-128/22 saylı rəyindən göründüyü kimi ev iddiaçıya satılarkən hər kvadrat metrin qiyməti 550 manat, ümumi dəyəri 50.333 manat müəyyən edilsə də, hazırki qiymətlə evin təmirli vəziyyətdə hər kvadrat metrinin qiyməti 1245.7 manat manat müəyyən olunmuşdur. Mənzilin ümumi dəyəri 132.000 (bir yüz otuz iki min) manat müəyyənləşdirilmişdir. Belə ki, 132.000 manat mənzilin ümumi dəyərinin 40.000 manatını mənzilin alınması üçün ödənilmiş pul, mənzilin təmiri üçün hər kv. metrə təxminən 500 manat hesablanmaqla ümumilikdə 50.300 manat təmir xərcinə çəkilmiş, qalıq 41.700 manat isə mənzilin alınan vaxtda kı, dəyəri ilə hal-hazır ki, bazar qiyməti ilə arasında yaranmış fərqidir. xx.xx.2019-cu il tarixə mənzil bazarı ilə 2023-cü ilin mənzil bazarındakı qiymət fərqini müqaisə etdik də əgər 2019-cu ilin fevral ayı üçün mənzilin hər kv. metrin dəyəri 550 manat idisə, hazır ki, vaxtda mənzilin hər kv. metrinin dəyəri 1246 manatdan yuxarı məbləğdə müəyyənləşdirilmişdir. Belə ki, məhkəməyə də məlumdur ki, eyni şəraitli mənzillə təmin olunmaq üçün iddiaçı hal-hazırki şəraitdə təxminən 132.000 manat pul ödəməlidir. Cavabdeh hazrkı mənzili özgənikləşdirməklə təmirli vəziyyətdə hər kv. metrini 1246 manata satdığı halda minimum 92.000 manat gəlir əldə edəcəkdir. Bu isə cavabdehin əsassız varlanmasına və hüquqdan sui-istifadəsinə gətirib çıxarmaqla iddiaçını mənzilsiz qoyub onun mülkiyət hüquqlarını məhdudlaşdırmış olacaqdır. Mənzilin alınması üçün iddiaçıdan bu günədək ödənilmiş 40.000 manat pulu, həmin tarixdə başqa bir MTK-nə ödəmiş olsaydı onlar hal-hazırda borclu qaldığı 18.300 manatı götürər və evi iddiaçının sərəncamına vermiş olardı. Göründüyü kimi, cavabdeh iddiaçının faktiki sahibliyində olan mənzili özgənikləşdirməklə fayda götürərək əsassız varlanacaq və nəticədə iddiaçının qanunla qorunan mülkiyyət hüquqları məhdudlaşdırılacaqdır. Hesab edir ki, iddiaçının gələcəkdə mənzil şəraitinin təmin edilməsi üçün iddiaçı tərəfindən 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ümumi dəyəri 58.333 manat olan mənzilin alınması üçün ödənilmiş 40.000 manat pul, mənzilin əsaslı təmir edilməsi üçün xərclənmiş 50.300 (əlli min üç yüz) manat pul və iddiaçı tərəfindən ödənilməmiş 18.300 manat pul çıxmaqla qalıq 23.700 manat pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılmalıdır. Mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 40.000 (qırx min) manat pulun və İddiaçı tərəfindən mənzilin təmir tikintisinə xərclənmiş 50.300 (əlli min üç yüz)manat və mənzilin alqı-satqı edildiyi dövr ilə hazırki dövr arasında ki, fərq olaraq 23.700 (iyitmi üç min yeddi yüz) manat cəmi 114.000 manat pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı vəkili-nümayəndəsi X7 xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edərək Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh MTK kimi qəbul edilməsi barədə ərizə vermiş,həmçinin iddia ərizəsində və iddia ərizəsinə dəqiqiləşdirmədə göstərilənlərlə eyni məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2019-cu il tarixində Cavabdeh MMC-yə məxsus 2 saylı yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı, 24 saylı mənzilin 58333 manat dəyərindən 35000 manatını ödəmiş, qalan 23333 manatı 12 ay ərzində, yəni xx.xx.2020-ci ilədək müddətdə ödəməyərək müqavilənin 2.2.2- ci bəndində nəzərdə tutulan öhdəliyini qəsdən yerinə yetirməmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya dəfələrlə edilmiş şifahi müraciətlərə baxmayaraq Cəmilə ödəniş etməkdən yayınaraq müqavilənin 2.2.2-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi qəsdən yerinə yetirməmiş, bu hal Cavabdeh MMC tərəfindən iddiaçının müqavilə öhdəliyinin icrasından imtina hesab edilmişdir. Cavabdeh MMC 1 il müddətində iddiaçının bu hərəkətlərinə dözmüş, nəhayət, 23 fevral 2021-ci il tarixdə ona rəsmi bildiriş göndərərək həmin müqavilənin ləğv edilməsi barədə məlumat vermişdir. Hansı ki, uzun müddət iddiaçı həmin bildirişə də heç bir reaksiya verməmiş, mənzili boşaldaraq iddiaçıya təhvil vermədiyindən Cavabdeh MMC məhkəməyə müraciət etmişdir. İddiaçı sözügedən müqavilə üzrə cavabdehə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətdə 23333 manat ödəməli olduğu halda, ancaq qəsdən ödəməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. İddia ərizəsində qeyd edilir ki, o, bu öhdəliyi, yəni qeyd edilən müddətdə 23333 manatı guya ölkədə olan pandemiya səbəbindən ödəyə bilməmişdir. Hansı ki bu, yalnız bəhanədir, ona görə ki, əvvəla pandemiya ölkəmizdə rəsmən 03 mart 2020-ci il tarixdən elan edilmiş və müəyyən məhdudiyyətlər başlamışdır. Daha sonra əgər pandemiya səbəbindən iddiaçı həmin məbləği cavabdehə ödəməkdə maddi çətinlik çəkibsə, onda özünə məxsus olmayan mənzili hansı pulla təmir edib? Demək ki, pandemiya yalnız bəhanədir və iddiaçının kifayət qədər maddi imkanı olub ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımınca yerinə yetirsin. İddiaçı cavabdehin 2021-ci ili fevral ayında ona ünvanladığı “müqaviləni ləğv etmək” barədə təklifinə heç bir reaksiya vermədiyindən mübahisə məhkəməyə çəkilmiş, işə Abşeron Rayon Məhkəməsində baxılarkən iddiaçı bank vasitəsilə cavabdehin hesabına 5000 manat ödəmiş, lakin sonuncu artıq müqavilə ləğv edildiyindən və ya mübahisələndirildiyindən həmin vəsaiti qəbul etməmişdir və hazırda da bu məbləğ bankın depozitindədir və iddiaçı istədiyi vaxt həmin məbləği bankdan qəbul edə bilər. İddiaçı guya COVİD-19 səbəbindən sözügedən müqavilənin 2.2.2-ci bəndi üzrə öhdəliyini vaxtında icra edə bilməmişdir. İddiaçı 17 iyun 2021-ci ildə - müqavilənin qeyd edilən 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdən 1 il 5 ay sonra ödəməli olduğu 23333 manatdan 5000 manat banka ödəmişsə, bu, onun müqavilə öhdəliyini vaxtında yerinə yetirməsi kimi qiymətləndirilə bilməz. İddiaçı hətta məhkəmə mübahisəsi zamanı da müqavilə üzrə ödəməli olduğu 23333 manatı yox, vəziyyəti öz xeyrinə dəyişmək üçün cəmi 5000 manat ödəməyə çalışmışdır. Həmçinin hansısa kommersiya qurumunun mülkiyyətçinin razılığı olmadan yaşayış sahəsinə dair bazar qiyməti təyin etməsi hər hansı qanuna uyğun deyil. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X4 cavabdeh olmuş və onun hazırkı mübahisə predmeti olan mənzildən çıxarılması qət edilmişdir. Təbii olaraq həmin məhkəmə aktları yaxın zamanda qanuna müvafiq olaraq icra ediləcəkdir. İddiaçı X4 ona məxsus olmayan mənzildən qanuni qüvvədə olan məhkəmə aktları ilə çıxarılmalıdır, bu hal heç bir müzakirə və mübahisə predmeti ola bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ona yönəlmişdir ki, cavabdehə məxsus mənzildən çıxmasın və ya çıxarılanda ona böyük məbləğdə pul verilsin. İddiaçı X1 əsassız yerə yaratdığı hazırkı mübahisənin həlli onunla Cavabdeh MMC arasında bağlanmış və hazırkı iş üzrə də məhkəməyə təqdim edilmiş, habelə bəndlərinə istinad edilmiş 21 fevral 2019-cu il tarixli müqavilədə öz əksini tapıb. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcı”ya hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1 faiz məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır, satıldıqdan sonra qalan məbləğ nağd və ya poçt vasitəsi ilə “Alıcı”ya geri qaytarılır. Ona görə də iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisənin həlli xx.xx.2019-cu il tarixli müqavilənin 3.1-ci maddəsi ilə həll edilməlidir və cavabdeh olaraq bu qaydada həll yoluna etiraz etmirlər. Belə ki, əvvəlki mövqelərində qalaraq hesab edir ki, hazırkı iddia tələbi, yəni məhkəmə aktı əsasında mənzildən çıxdıqdan sonra həmin mənzilin bazar dəyərini mənzilin sahibindən tələb etmək Mülki Məcəllənin hər hansı maddəsində nəzərdə tutulmamışdır. Lakin cavabdeh olaraq iddiaçının mənzilə görə ödədiyi ilkin 35.000 manatı, daha sonra ödənilən 5.000 manatı və təmirə çəkilmiş xərci, o cümlədən Əmlak Ekspert Mərkəzinin obyektiv rəyində göstərilən məbləği iddiaçıya ödəməyə razıyıq. Abşeron rayon İcra şöbəsinin icra məmuru tərəfindən müvafiq məhkəmə aktına əsasən oktyabr 2023-cü il tarixdə iddiaçı ailə üzvləri ilə birlikdə mübahisələndirilən mənzildən bütün ev əşyaları ilə çıxarılmış və mənzil boş vəziyyətdə MTK-ya təhvil verilmişdr. O, hazırkı iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki (qiymətləndirmə) ekspertiazasının rəyi ilə qətiyyən razılaşmır və rəyin əsassız, natamam və qeyri-mötəbər olması barədə dəlillərini elektron qaydada verdiyi vəsatətlərdə əsaslandırmışdır. Bundan başqa o, bilə-bilə yalan rəyi vermiş ekspertin barəsində tədbirlər görülməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinin rəhbərliyinə şikayətlər etmiş və buna dair şikayətlərini elektron qaydada iş materiallarına əlavə etmişdir. Cavabdeh olaraq məhkəməyə 2 (iki) ayrı-ayrı təmir və əmlak qiymətləndirməsi üzrə ekspertlərin rəylərini təqdim etmişlər. Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 nömrəli, 15 dekabr 2023-cü il tarixli rəyi kifayət qədər əsaslı və obyektivdir. Məhkəmədən iddia tələbinin mənzilin bazar dəyərinin iddiaçıya ödənilməməsi barədə qətnamə və bilə-bilə yalan rəy vermiş ekspert haqqında xüsusi qərardad çıxarılmasını xahiş edir. İş materiallarında olan 21 fevral 2019-cu il tarixli, 02/24/28 saylı müqavilədən görünür ki, satıcı Cavabdeh MMC ilə İddiaçı arasında mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmış və bu müqaviləyə əsasən satıcı Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilən yüksəkmərtəbəli yaşayış binasının bina 2, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106,06 kv.m-dən ibarət olan, 2 otaqlı, 24 saylı mənzili alıcı İddiaçı satmış, alıcı İddiaçı sözügedən mənzilin sahəsinin hər kvadratmetri üçün 550 manat olmaqla, cəmi 58333 manat ödəməyi, həmçinin ilkin ödənişi ödədikdən sonra, ümumi məbləğin 100 faizini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən qalan məbləği tam ödədikdən sonra mənzil “Alıcı”nın şəxsi mülkiyyətinə keçir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, müqavilə ilə müəyyən olunmuş müddətdə “Alıcı” pulu ödəmədikdə və ya mənzildən imtina etdiyi halda “Satıcı” müqaviləni birtərəfli qaydada pozmaq hüququna malikdir. Bu halda “Alıcı” “Satıcıya” hər bir gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1% məbləğində cərimə ödəyir. Mənzil isə satışa çıxarılır satıldıqdan sonra qalan məbləğ nəğd və ya poct vasitəsilə “Alıcı”ya geri qaytarılır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(12)-3859/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyən olunur ki, iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı müqavilənin ləğvi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı dəbbə puluna görə 400 manat, hüquqi yardım üçün 100 manat, 10 manat dövlət rüsumuna görə pul, cəmi 510 manat alınaraq iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4136/2022 saylı qərarı ilə müəyyən olunur ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin 2(12)-3859/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsini ləğv edib yeni qətnamə qəbul edən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-382/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - müqavilənin ləğv edilməsi və mənzildən çıxarılma tələblərinin təmin olunması hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 10/4487 saylı ekspert rəyindən və ona əlavə olunmuş şəkillərdən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Quba-Bakı magistralının qərbində inşa edilmiş yaşayış binasının dördüncü mərtəbəsində yerləşən, 24 saylı mənzil üzrə aparılmış təmir işlərinə sərf olunmuş vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 54990 manat məğləğində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan “Koral Konsaltinq” Hüquq və Qiymətləndirmə Mərkəzinin 10 noyabr 2022-ci il tarixli, KC/N05-128/22 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin bazar dəyəri 132.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən mənzilin təmirinə çəkilmiş xərc 20.950 manat təşkil edir. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, mübahisələndirilən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilin təmirinə çəkilmiş xərclərin məbləği (işçilik, avadanlıq və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla; 29465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının mübahisələndirdiyi və hazırda məhkəmə aktları əsasında boşaldaraq cavabdehə təhvil verdiyi mənzilə görə onun bazar dəyərini pul şəklində cavabdehdən tələb etməsi əsaslı və qanuni deyil. Ona görə ki, hazırkı mübahisədə mənzilin təhvil verilməsi müqabilində onun bazar dəyərinin tələb edilməsi iddia ərizəsində istinad edilən və digər maddi hüquq normalarının dispozisiyası ilə uyğunluq təşkil etmir. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 02/24/28 nömrəli müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilməlidir. Müəyyən olundu ki, iddiaçı mənzilə görə cəmi 40.000 manat ödəniş etmişdir və bu məbləği cavabdeh də etiraf edir və iddiaçıya qaytarmağa razıdır. Məhkəmə cavabdehin 28 noyar 2023-cü il və xx.xx.2024-cü il tarixlərdə “Elektron məhkəmə sisteminə” yerləşdirdiyi vəsatətlərinin dəlillərini işdə olan dügər sübut növləri, o cümlədən mütəxəssis rəyləri ilə birlikdə təhlil edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyi ilə razılaşmır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyini işdə olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2023-cü il tarixli, Rxx/xx/2023 nömrəli və Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyləri və işin faktiki halları, eləcə də işdə olan sübutlarla müqayisəli şəkildə təhlil edərək hesab edir ki, 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, rəydə mal-metarial və işçi pulu kimi qeyd edilən qiymətlər real olmamaqla əldə edilmə mənbəyi göstərilməmişdir. Habelə nəzərə alınmalıdır ki, həmin rəyi vermiş ekspert mühəndis olmaqla tikinti və ev əşyalarının qiymətləndirilməsi üzrə mütəxəsis deyil. Bu halda onun hər hansı qiymətləndirmə aparması yol verilməzdir. Bundan başqa hətta iddiaçı öz iddia ərizəsində mənzilin təmirinə 50.300 manat xərc çəkdiyini göstərdiyi halda ekspert rəyində 54990 manat təmir xərci göstərilməsi inandırıcı deyil. Məhkəmə iş materiallarında olan digər iki rəyi müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Əmlak Ekspert Mərkəzinin ƏEM/D 52-1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəyi mübahisələndirilən mənzilin təmir xərclərini özündə daha əsaslı, ətraflı və inandırıcı şəkildə əks etdirir. Belə ki, həmin rəy üzrə aparılmış tədqiqat işi Bеynəlхаlq Qiymətləndirmə Stаndаrtlаrınа (BQS) və «Qiymətləndirmə fəаliyyəti hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа uyğun оlаrаq аpаrılmış, təmirə çəkilmiş xərclərin məbləği, o cümlədən işçilik, avadanlıq və material xərci daxil olmaqla real bazar qiymətləri nəzərə alınmış və bu zaman konkret informasiya mənbələrinə istinad edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbi mənzilin hazırkı bazar dəyəri üzrə yox, iddiaçının mənzilə görə ödəmiş olduğu ilkin məbləğ 35.000 və daha sonra ödədiyi 5.000 manat, habelə təmirə çəkilmiş real xərcin məbləği ilə cəmlənərək ümumi məbləq, 40.000 manat + ƏEM/D 52- 1097/23 saylı, 15 dekabr 2023-cü il tarixli rəy ilə müəyyən olunmuş 29.465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik, cəmi 69.465,8 manat həçmində təmin edilməlidr. Bundan başqa məhkəmə iddia ərizəsində istinad edilən və tələbin hüquqi əsası kimi göstərilən maddi hüquq normalarının tətbiqinə dair qeyd edir ki, tərəflər arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 02/24/28 nömrəli müqavilə məhkəmə qaydasında ləğv edilsə də, həmin müqavilənin 3.1-ci bəndinin tələblərinə əməl edilməlidir və cavabdeh bu tələbi icra etməyə razılığını bildirmişdir. Belə ki, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi, yəni mənzil satıldıqdan sonra qalan məbləği, iddiaçının mənzilə görə ödədiyi və təmirə çəkdiyi xərci nağd və ya poct vasitəsilə iddiaçıya qaytarmağı razılığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4487 nömrəli məhkəmə mühəndis-texniki (qiymətləndirmə) rəyini vermiş ekspert Elməddin Aslanlının barəsində xüsusi qərardad çıxarılması müvafiq hesab etmir və hesab edir ki, bununla bağlı nümayəndənin şikayəti üzrə araşdırmaya uyğun məhkəmədən kənar qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edildiyindən iddianın təmin edilən hissəsinə uyğun olaraq mütanasib şəkildə iddiaçıya və cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatı isə cavabdeh tərəfin vəsatətinə əsasən təyin edildiyindən ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən Xırdalan şəhəri, 26-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi 10 ünvanında, 6 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 2 (iki), faktiki 3 (üç) otaqlı mənzilə görə ödənilmiş 40.000 manat və təmirə xərclənmiş 29.465,8 (iyirmi doqquz min dörd yüz altmış beş) manat, 0,80 qəpik, cəmi 69.465,8 manat həçmində pul Cavabdeh MTK-dan alınaraq iddiaçı X2 verilsin. Ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 246 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar