Məhkəmə qərarları › İş №e-2(012)-792/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-792/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-792/2025 18.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12.833,27 manat əsas, 929,93 manat faiz, cəmi 13.763,20 manat borcun və ödənilmiş 131,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK7712540B102 saylı kredit müqaviləsinə əsasən ona illik 21 faiz dərəcəsi ilə 72 ay müddətinə 12.833,27 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2024-cü il tarixli, Z- RGTK7712540B102 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Həmin müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 12.883,27 manat əsas, 929,93 manat faiz, cəmi 13.763,20 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12.833,27 manat əsas, 929,93 manat faiz, cəmi 13.763,20 manat borcun və ödənilmiş 131,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki yaşadığı yer məlum olmadığı üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül kəndi üzrə Nümayəndəliyinə və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilmiş, zəruri məlumatların cavabdehlərə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK7712540B102 saylı kredit müqaviləsinə əsasən kreditor borcluya 72 ay müddətinə, illik 21% ödəməklə 12.833,27 manat məbləğində kredit kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstəriən müddətdə və qaydada krediti və kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə borclu Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, Z-RGTK7712540B102 saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 08 may 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı ASC-nin Mərkəz filialından 08 may 2024-cü il tarixdə 12.833,27 manat pul götürmüşdür. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 12.833,27 manat əsas, 929,93 manat faiz borcu vardır. xx.xx.2024-cü il tarixdə bildiriş-xəbərdarlıqdan görünür ki, kredit borcunun ödənilməsi barədə kreditor tərəfindən borclulara xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ərizənin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 131,29 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. İddiaçı ASC ilə “Zamin” Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, Z- RGTK7712540B102 saylı zaminlik müqaviləsindən görünür ki, “Zamin” kredit müqaviləsi üzrə “Borcalan”ın Bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zamin bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının zaminə qarşı iddia tələbi əsaslıdır, zamin borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 08 may 2024-cü il tarixli, RGTK7712540B102 saylı kredit müqaviləsinə əsasən 12.833,27 (on iki min səkkiz yüz otuz üç manat, iyirmi yeddi qəpik) manat əsas, 929,93 (doqquz yüz iyirmi doqquz manat, doxsan üç qəpik) manat faiz borcu, cəmi 13.763,20 (on üç min yeddi yüz altmış üç manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 131,29 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 08 may 2024-cü il tarixli, RGTK7712540B102 saylı kredit müqaviləsinə əsasən 12.833,27 (on iki min səkkiz yüz otuz üç manat, iyirmi yeddi qəpik) manat əsas, 929,93 (doqquz yüz iyirmi doqquz manat, doxsan üç qəpik) manat faiz borcu, cəmi 13.763,20 (on üç min yeddi yüz altmış üç manat, iyirmi qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə dövlət rüsumu üçün ödənilmiş 131,29 (yüz otuz bir manat, iyirmi doqquz qəpik) manat pul vəsaitinin əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar