Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-802/2023 16.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 31272 manat pul və ödənilmiş 184 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə qaytarılmamış məbləğin illik 5 faizi olaraq 10374 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 26670 manat pul vəsaiti, illik 5 faiz olaraq 10374 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cəmiyyət Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsindəki bina 5, mərtəbə 11, ümumi sahəsi 31.2 kv.m olan 1 otaqlı, 87 saylı, təmirli və mebel ilə təchiz olunmuş mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, iddiaçıya bank tərəfindən 87 saylı mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi hesablanmaqla 26670 manat kredit verilmişdir. Bu fakt Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsi ilə də təsdiq edilir. Qeyd edilən qətnamədən kassasiya şikayəti verilmiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3879/2022 saylı qərarı ilə təmin edilməmişdir. Ali Məhkəmənin sözügedən qərarının 23-25-ci bəndində qeyd edilmişdir ki, “tərəflər arasında kredit müqaviləsinin bağlanması, kassatorun həmin müqavilə üzrə öhdəliklərinin yaranması və onun həmin öhdəlikləri tam yerinə yetirməməsi işin müəyyən olunmuş hallarıdır. Həmçinin, İddiaçı ilə "xxxx" MMC arasında mövcud olmuş müqavilə üzrə sonuncunun öhdəliklərini yerinə yetirməməsi kassatorun hazırki iş üzrə iddiaçıya qarşı öhdəliklərini yerinə yetirməsindən azad etmir. Eyni zamanda, icra olunmamış öhdəliyin yalnız zaminə aid olunması tələbinin hüquqi əsası yoxdur. Digər tərəfdən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamələri ilə iddiaçı tərəfindən verilmiş və mənzilə görə ödənilmiş vəsaitin bir hissəsi "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mənzilin alqı-satqı müqaviləsinə xitam verilmiş, müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin 4-cü səhifəsində qeyd edilmişdir ki, “tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun qarşılığında mənzilin dəyəri olan 29640 manatı cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən məbləğin 2970 manat hissəsini ilkin ödəniş kimi özü ödəmiş, 26670 manatı isə "xxxx" ASC-dən kredit götürərək ödəmişdir. İddiaçı tərəfindən banka xx.xx.2020-ci il tarixədək 11653.31 manat ödəniş edilsə də "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməmişdir. Hazırda, iddiaçı sözügedən mənzilə marağının itdiyini və ödəmiş olduğu pul vəsaitinin cavabdehlərdən tutulmasını tələb edir.” Daha sonra, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 11653.31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin 5-ci səhifəsində qeyd edilmişdir ki, “"xxxx" MMC mənzilin dəyərini əvvəlcədən və tam şəkildə almasına, həmçinin, həmin puldan tam şəkildə yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə, iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki, hər bir tərəf vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli idi.Belə olan təqdirdə, məhkəmə hesab edir ki, baxmayaraq ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsi tərəflər arasında bağlanmış müstəqil müqavilədir, həmin müqavilənin təyinatı sonda iddiaçının mənzil əldə etməsi olmuş, lakin faktiki hallardan göründüyü kimi, cavabdehin təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda, iddiaçının banka ödədiyi 11653.31 manat pulun cavabdeh "xxxx" MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır.” Yəni, iddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsindən təminatlı kredit müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə onun tərəfindən ödənilmiş 11653.31 manatın ona ödənilməsini, mənzilin alqı-satqı müqaviləsinə xitam verilməsini, həmin müqaviləyə əsasən, ödənilmiş 2970 manat pul vəsaitinin alınaraq ona ödənilməsini, Abşeron rayon Məhkəməsindən isə tərəfindən ödənilmiş 11653.31 manat pul vəsaitinin, dəymiş maddi zərərlə bağlı 12600 manat pul vəsaitinin və dəymiş mənəvi zərərlə bağlı 10000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsini və təminatlı kredit müqaviləsi üzrə hal-hazırda onun üzərinə qoyulmuş öhdəliklərin MMC-yə ötürülməsini xahiş etmişdir. Kredit müqaviləsinə əsasən 87 saylı mənzilin əldə edilməsi üçün "xxxx" ASC Müştəri Xidməti departamenti tərəfindən İddiaçı 26670 manat kredit rəsmiləşdirmişdir. Rəsmiləşdirilmiş kreditə görə 1 faiz komission haqqı tutularaq, qalan 26403 manat vəsait İddiaçı tərəfindən məxaric edilərək "xxxx" MMC-nin hesabına mədaxil edilmişdir. Göründüyü kimi, iddiaçı mənzilin alınması üçün "xxxx" ASC-dən müvafiq məbləğdə kredit götürmüş və ödəniş cədvəlinə uyğun olaraq vaxtında ödəmələri həyata keçirmişdir. Buna baxmayaraq, müqavilə ilə nəzərdə tutulan mənzil iddiaçıya təhvil verilməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 26670 manat pul vəsaitinin bank tərəfindən iddiaçının adından cavabdehin adına keçirməsi işin mübahisəsiz halıdır. Müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçının bank qarşısında öhdəliyinin yaranması səbəbi cavabdehin öhdəliyini icra etməməsi olmuşdur. Ali Məhkəmə müvafiq qərarında iddiaçının vurulmuş zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etməmişdir. Prosedur qaydalara əsasən, iddiaçı pulu bankdan götürmüş, lakin bank pulu vətəndaşa vermir, vətəndaşdan razılıq kağızı alaraq həmin vəsaiti "xxxx" MMC-nin hesabına köçürür. 26670 manat pul vəsaitinin qaytarılması işin mübahisəsiz halıdır. Belə ki, həmin pul vəsaiti "xxxx" MMC-dədir. İddiaçı ilk dəfə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsini düzgün verməmişdir. Belə ki, iddiaçı 26670 manat pul vəsaitini də tələb etməli idi. Beləliklə, iddiaçı dəfələrlə məhkəməyə müraciət etmiş və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçının iddia tələbinin əsası qismində istinad etdiyi işin hallarına artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh "xxxx" MMC-dən 31272 manat məbləğinin iddiaçının xeyrinə tutulmasının hüquqi əsası yoxdur, ümumiyyətlə, iddiaçının tələb etmək hüququ yaranmamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1461/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, müqavilə üzrə ödənilmiş 2970 manat vəsaitin MMC-dən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (2970 manat məbləğ ilkin ödəniş məbləğini təşkil edir). Abşeron rayon Məhkəməsinin 2(012)-280/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, MMC-dən 11653.31 manat məbləğin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (11653.31 manat borcalan tərəfindən "xxxx" ASC-nə ödənilmiş məbləğ təşkil edir). Abşeron rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327.23 manat əsas (əsas borcun 21984.46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla), 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat məbləğin "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-623/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə aktları ilə tərəflər arasında xx.xx.2015-ci il tarixli 6-29-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə ödənilmiş və ödənilməmiş kredit vəsaitinə görə vəziyyətləri müəyyən edilmişdir. Lakin iddiaçının cavabdeh MMC-dən tələb etdiyi 31272 manat məbləğinin əsasını, necə formalaşdığını və ya yarandığını müəyyən etmək mümkün deyildir. Çünki bank tərəfindən kredit müqaviləsi üzrə 26670 manat kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. İddiaçı tərəfindən ödənilmiş 2970 manat məbləğinin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə geri qaytarılması qət edilmişdir. Kredit müqaviləsi üzrə ödənilməyən kredit vəsaitinin müştərək qaydada banka geri qaytarılması Abşeron rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Belə olan halda, tələb olunan 31272 manat məbləğinin əsasının nədən yarandığı iddia tələbindən müəyyən olunur. Xüsusilə, qətnamə üzrə tələb İddiaçı tərəfindən ödənilməmişdir. Ehtimal edilsə ki, iddiaçı Abşeron rayon Məhkəməsinin 2(012)-3907/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə məbləği banka ödədiyi halda həmin məbləğə münasibətdə reqres hüququ yaranardı. Belə olan halda, iddiaçının hazırki tələb üzrə hüququ ümumiyyətlə yaranmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı ümumiyyətlə pretenziya qaydalarına riayət etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM-0215 saylı mənzilin alqısatqı müqaviləsinə xitam verilmiş, həmin müqaviləyə əsasən ödənilmiş 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, "xxxx" MMC-dən 11653.31 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3907/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 24327.23 manat əsas borc (əsas borcun 21984.46 manat hissəsi müştərək, qalan hissəsi İddiaçı tutulmaqla) və 6945.35 manat faiz borcu olmaqla, cəmi 31272.58 manat borcun və 30.40 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-623/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 3879/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-623/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -"xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli MXK-593 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC Müştəri xidməti departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xx-xx-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən, mənzilin alınması üçün 180 ay müddətinə, 26670 manat kredit rəsmiləşdirilmişdir. Müvafiq kredit müqaviləsi üzrə (sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 150 manat olmaqla) hazırki dövrədək cəmi 11653.31 manat, bundan 2342.77 manat əsas borc, 9310.54 manat isə faiz borcu ödənilmişdir. xx.xx.2020-ci il tarixə İddiaçı kredit müqaviləsi üzrə bank qarşısında 24327.23 manat əsas, 4492.47 manat faiz borcu, ümumilikdə isə 28819.70 manat icra edilməmiş borc öhdəliyi mövcuddur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Yevlax şəhəri Z.Tağıyev küçəsi 36 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarına istinad etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, iddiaçının izahatı və qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı münasibətləri yaranmış, İddiaçı cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2015-ci il tarixli ABB YM-2015 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilmiş 5 saylı binanın 11-ci mərtəbəsindəki ümumi sahəsi 31.2 kv.m-dən ibarət 1 otaqlı 87 saylı mənzili alıcıya verməyi, alıcı isə mənzilin dəyəri olaraq 29640 manat pul vəsaitini MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qətnamələri ilə həmçinin, müəyyən olunmuşdur ki, borcverən "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 6-xxxx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsinə əsasən, bank borcalana mənzilin alınması üçün 26670 manat kredit vəsaitini verməyi, borcalan isə müqaviləyə əsasən, krediti almağı və kredit, ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı mənzilin dəyərindən 2970 manat pul vəsaitini şəxsi vəsaiti hesabına, qalıq 26670 manat pul vəsaitini isə bankdan götürdüyü kredit vəsaiti hesabına ödəmişdir. Göründüyü kimi, mənzilin dəyəri olaraq qalıq 26670 manat pul vəsaitinin bankdan kredit olaraq götürülərək "xxxx" MMC-nin hesabına ödənilməsi məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən ödənilmiş ilkin ödəniş və 11653.31 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-280/2021 saylı qətnamələri çıxarılmış, hazırda isə iddiaçı müqaviləyə əsasən, ona təhvil verilməli olan mənzilin dəyərinə görə "xxxx" MMC-yə ödənilmiş 26670 manat pul vəsaitinin və illik 5 faiz hesablanmaqla 10374 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 21.1 maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1 maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mənzilin alqı-satqısı müqaviləsi olmuş və cavabdeh qurum müqavilə ilə iddiaçıya satılmış mənzili ağlabatan müddətdə alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, sözügedən müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsini xatırlatmaqla cavabdehin iddiaçı qarşısında müqaviləni icra etmək öhdəliyini yaratmışdır. xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklər 5 ildən artıq müddət ərzində icra edilmədiyindən və bu hal iddiaçının mənzillə təmin olunmaq hüququnu pozduğundan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-1461/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ilkin ödənişin, yəni, 2970 manat pul vəsaitinin "xxxx" MMC-dən tutulması öz təsdiqini tapmışdır. Beləliklə, ilkin ödənişin ödənilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi çıxarıldığından iddiaçının mənzilin dəyəri olaraq qalıq qalmış 26670 manat pul vəsaitinin məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin və çıxarılmış məhkəmə aktlarını tədqiq edərək, iddiaçının iddia tələbinin “26670 manat pul vəsaitinin qaytarılması” hissəsinə hüquqi qiymət verib belə qənaətə gəlir ki, cavabdehin müqavilə öhdəliklərini icra etməməsi iddiaçının müqavilə üzrə ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən iddia tələbləri həmin hissədə əsaslıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Şərh olunan hüquq normasını, Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburi hüquqi qüvvəyə malik olan Konstitusiya Məhkəməsinin sözügedən qərarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı müqavilə əsasında aldığı mənzilin dəyərindən 2970 manat hissəsini şəxsi vəsaiti hesabına, qalan 26670 manat hissəsini isə bankdan götürdüyü kredit vəsaiti hesabına MMC-yə ödəmişdir. Tikinti inşasında müddətin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilədə göstərilməsə də tikintinin inşa edilib tərəfə təhvil verilməsi ağlabatan müddətdə müəyyən edilməlidir. Ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Məhkəmə hesab edir ki, tikinti şirkəti üçün çoxmənzilli binanın tikilib müqavilə tərəflərinin istifadəsinə verilməsi bəlli bir zaman tələb etdiyindən ağlabatan müddət 3 il müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən pozulmamış, lakin müqavilənin bağlanmasından 3 illik müddət başa çatmışdır. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı iddia tələbində mənzillə təmin olunmadığı 2015-ci ildən etibarən illik 5 faiz olmaqla 10374 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə qismən təmin edilməlidir. İlkin növbədə, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə hüquqi qiymət verərək qeyd edir ki, sözügedən müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla, cavabdeh tərəf tikilinin inşa edilib hansı müddətdə təhvil veriləcəyinə dair hər hansı bir öhdəlik götürməmiş və bununla bağlı müqavilədə bir şərt-müddəa nəzərdə tutulmamışdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, tikilinin inşa edilib təhvil verilməsi müddəti müqavilədə nəzərdə tutulmamış olsa da, qeyd olunan öhdəliyin icrası ağlabatan müddətdə icra edilməlidir. Beləliklə də, ağlabatan müddət dedikdə, mövcud şəraitin imkan verdiyi həddə öhdəliyin icrasının mümkün zaman kəsiyində həyata keçirilməsi başa düşülür. Buna görə də məhkəmə qeyd edir ki, mənzilin təhvil verilməsi müddətinin ağlabatan müddəti təxmini də olsa, 3 il müəyyən edilə bilər. Beləliklə də, müqavilənin bağlanma tarixi “xx.xx.2015-ci il tarixi” nəzərə alınsa, 3 illik ağlabatan müddətə əsasən, “xx.xx.2018-ci il tarix”dən etibarən iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək olan müddət ərzində keçən 4 il 8 ay müddət üçün iddiaçıya illik 5 faiz hesablanmaqla ödənilməli olan 6400.8 (26670 x 5 / 100 = 1333.5, 1333.5 x 4.8 = 6400.8 manat) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Ona görə də iddia ərizəsi bu hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Mülki Məcəllənin 445.7 maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və qanunvericiliyin tələbləri əsasında məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən ödənilməli olan pul vəsaitinə görə 26670 manat və dövlət rüsumuna görə 184 manat olmaqla, ümumilikdə, cəmi 26854 manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ödənilməli olan pul vəsaitinə görə 26670 (iyirmi altı min altı yüz yetmiş) manat və dövlət rüsumuna görə 184 (yüz səksən dörd) manat olmaqla, ümumilikdə, cəmi 26854 (iyirmi altı min səkkiz yüz əlli dörd) manat pul vəsaiti cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov