Məhkəmə qərarları › İş №e-2(012)-840/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-840/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-840/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rаyоn Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borca görə 8373,39 manat və faiz borcuna görə 607,05 manat olmaqla, ümumilikdə 8980,44 manat borcun və 109,80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK4896513B299 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 8616,09 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, pul vəsaitinin cavabdehə nağd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC-nin məhkəməyə xx.xx.2025-ci il tarixində ünvanladığı ərizəyə əsasən, bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Belə ki, Cavabdeh "xxxx" ASC-dən kredit götürmüşdür. Lakim sonradan cavabdeh imkanı olmadığından ödəniş edə bilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK4896513B299 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 8616,09 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. -Ödəniş cədvəlindən görünür ki, borcalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2030-cu il tarixə kimi hər ay banka 192,40 manat (sonuncu ay 200,38 manat) ödəməklə qaytarmalıdır. -"xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borca görə 8373,39 manat və faiz borcuna görə 607,05 manat olmaqla, cəmi 8980,44 manat borcu vardır. -Çıxarışın surətindən görünür ki, "xxxx" ASC - adlı quruma VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə, qanuni təmsilçisi X1 olmasına dair xx.xx.2015-ci il tarixli, **********847400 nömrə ilə çıxarış verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin araşdırılan hallarından göründüyü kimi, borcalan X6 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hazırlıq iclasında cavabdeh iddia tələbini qəbul etdiyini bildirmiş, iddia tələbində göstərilən hesabda banka borcunun oduğunu etiraf etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də cavabdeh öhdəliklərini pozmuş və nəticədə, onun iddiaçıya əsas borca görə 8373,39 manat və faiz borcuna görə 607,05 manat olmaqla, cəmi 8980,44 manat borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə, borcun yaranması tədqiq edilmiş sübutlar və cavabdehin etirafı ilə də öz təsdiqini tapır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK4896513B299 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borca görə 8373,39 manat və faiz borcuna görə 607,05 manat olmaqla, cəmi 8980,44 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 109,80 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, RGTK4896513B299 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8373,39 manat (səkkiz min üç yüz yetmiş üç manat otuz doqquz qəpik) və faiz borcuna görə 607,05 manat (altı yüz yeddi manat beş qəpik) olmaqla, ümumilikdə 8980,44 manat (səkkiz min doqquz yüz səksən manat qırx dörd qəpik) borc və 109,80 manat (yüz doqquz manat səksən qəpik) dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar