Məhkəmə qərarları › İş №e-2(012)-886/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-886/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-886/2024 05.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 (üç min) manat, nümayəndə xərci 150 (yüz əli) manat və 52 (əlli iki) manat dövlət rüsumu, ümumilikdə 3202 (üç min iki yüz iki) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 01 noyabr 2022-cü il tarixində borc müqaviləsi imzalamışdır. Müqaviləyə əsasən cavabdeh ona 3000 (üç min) manat pul borclu olduğunu və bu pulun 01 dekabr 2022-ci il tarixinədək ödəməli idi. Lakin borclu bu günə kimi, borcundan heç bir məbləğ ödəməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirməklə ona çatası 3000 (üç min) manat pulu ödəmək istəmir. Məcburiyyət qarşısında qalaraq 20 oktyabr 2023-cü il tarixində cavabdehə pretenziya yazaraq müraciət etmişdir. Ona dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddianı tam qəbul etdi. O bildirdi ki, 3000 manat pulu iddiaçıdan alıb öz ehtiyacları üçün xərcləmişdir. Himayəsində azyaşlı uşağı olduğu, maddi imkanı zəif olduğu üçün borcunu qaytara bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. - İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borc verən borc alana 3000 (üç min) manat məbləğində pul borc verir, borc alan borc məbləğini xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. İşdə olan 579916 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi müqabilində "xxxx" MMC-nin hesabına 150 manat vəsait ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi barədə xəbərdalıq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 01 noyabr 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən borc verən borc alana 3000 manat məbləğində pul borc vermiş, borc alan krediti 01 dekabr 2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini ona ödəməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin müqavilə əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıdan 3000 manat pul almasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 3000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin “nümayəndəyə etdiyi kömək üçün xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə tam təmin edilməli olduğundan, göstərilən məbləğ (150 manat ) ağlabatan məbləğ olduğundan cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, işdən görünür ki, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 52 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 52 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc, 150 manat məbləğində nümayəndəyə etdiyi kömək üçün xərc, 52 manat məbləğində dövlət rüsumu, cəmi 3202(üç min iki yüz iki) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar