Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-927/2025 16.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5547,97 manat məbləğində kredit bоrcu, 373,04 manat məbləğində faiz bоrcu və 90,52 manat məbləğində cərimə olmaqla, cəmi 6011,53 manat borcun və ödənilmiş 80,12 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 030A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4452,03 manat ödəniş etmiş və оnun iddiaçıya 5547,97 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 144 gün üçün hesablanmış faiz borcu 373,04 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 144 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 90,52 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ona bank tərəfindən həmin ərizə əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 030A********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 5547,97 manat məbləğində kredit bоrcu, 373,04 manat məbləğində faiz bоrcu və 90,52 manat məbləğində cərimə olmaqla, cəmi 6011,53 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məlum kredit müqavilələri üzrə yaranmış borc və onun ödənilməli olması barədə cavabdehə bank tərəfindən xəbərdarlıq edilmişdir. Həmin tarixə yaranmış borc 5547,97 manat əsas borc, 373,04 manat faiz borcu, 90,52 manat cərimə borcu olmaqla, cəmi 6011,53 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən olunur ki, borcalan Cavabdeh 030A********** saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 030A********** saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 90,52 manat məbləğində cərimənin məbləği azaldılmalı və 8,99 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 030A********** saylı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5547,97 manat əsas borc, 373,04 manat faiz borcu, 8,99 manat cərimə borcu olmaqla, cəmi 5930 manat məbləğində pul alınaraq İddiaçı QSC-yə qaytarılmalı, bununla da iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 79,30 manat dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5547,97 manat əsas borc, 373,04 manat faiz borcu, 8,99 manat cərimə borcu olmaqla, cəmi 5930 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79,30 manat pul İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-927/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-927/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver