Məhkəmə qərarları › İş №e-2(012)-936/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-936/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-936/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3641 manat, 60 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 100 manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 3801 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, 3641 manat pul vəsaitinin “dəymiş ziyan” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017ci il tarixli AL-1715 saylı “Daxili lizinq müqaviləsi” əsasında lizinqə verilmiş “Ravon Nexia R3” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü iddiaçı ilə tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 avtomaşını idarə edərkən xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri Yasamal rayonu, L.Tolstoy küçəsi ilə T.Xəlilbəyli küçəsinin kəsişməsində yol ayrıcını keçmə qaydalarını pozmuş və xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən, həmin cavabdehə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən, avtomaşının təmir bərpası üçün 3641 manat tələb olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 3641 manat zərər dəymişdir. Həmçinin, yuxarıda da qeyd olunduğu kimi, inzibati tənbeh vermə haqqında qərara əsasən, cavabdehə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. Digər Cavabdeh2 isə şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən yayınmışdır. Həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3365 saylı rəyi ilə tanış olmuş, rəy ilə razıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AD № 110470 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. -»Azevrocar» MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli CAR-1715 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinqə verilmiş “Ravon Nexia R3” markalı, ** PL *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 xx.xx.2020-ci il tarixədək etibarnaməli idarə edilməsinə verilmişdir. -Lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli AL-1715 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.5-ci bəndinə əsasən, bu müqavilənin ümumi məbləği 13800 manat təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Müqavilənin 3.3-cü bəndinə əsasən, lizinq alan lizinq obyektinin qəbul protokolunu imzaladığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıyır və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görür. Müqavilənin 9.3-cü bəndinə əsasən, lizinq verənin yazılı razılığı ilə lizinq alan lizinq obyektinə dair aşağıdakı hərəkətləri həyata keçirə bilər. 9.3.1. lizinq obyektini sublizinqə və ya kirayəyə vermək, 9.3.2 bu müqavilə ilə müəyyən edilmiş hüquq və vəzifələrini üçüncü şəxslərə vermək. Müqavilənin 11.1-ci bəndinə əsasən, qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 11.2-ci bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin, səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Müqavilənin 11.4.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti isə lizinq alanın mülkiyyətinə keçir. -Daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq obyektinin dəyəri 13800 manat olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. -Lizinq verən "xxxx" MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli razılaşmadan görünür ki, lizinq obyekti yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürmüş, razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 383.95 manat, sonuncu ay isə 383.33 manat ödəməyi öhdəsinə götürmüşdür. -“RS Avtoservis” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3641 manat hesablanmışdır. -İcarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 75 saylı icarə müqaviləsindən görünür ki, nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini idarəetmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: 1.1. ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılması və təhlükəsizliyinin təmin edilməsi, 1.3. nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət edilməsi, 1.4. nəqliyyat vasitəsinin kənar şəxslərin idarə edilməsinə yol verilməməsi, 1.5. nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrinin (təkər, akkumulyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz edilməsi, 1.6 hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanın öz hesabına ödənilməsi, 1.7. yol-nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi. Müqavilənin 1.9-cu bəndinə əsasən, nəqliyyat vasitəsini icarəyə götürən şəxs tərəfindən hər hansı bir yol nəqliyyat hadisəsi və ya bədbəxt hadisə baş verərsə nəqliyyat vasitəsini icarəyə verən şəxs heç bir məsuliyyət daşımır. Müqavilənin 3-cü bəndinə əsasən, müqavilə bağlandğı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 900 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 10-cu bəndinə əsasən, müqavilə üzrə öhdəlikləri nəqliyyat vasitəsini icarəyə götürən şəxs tam yerinə yetirdikdən sonra nəqliyyat vasitəsini icarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini gündəlik 25 manat plan verməklə 36 ay müddət bitdikdən sonra avtomaşının bağışlanması barədə müqavilə bağlaya bilər. -İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, L.Tolstoy küçəsi ilə T.Xəlilbəyli küçəsinin kəsişməsində “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 60 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, mülki iş üzrə hüquqi yardımın göstərilməsinə görə 100 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Şuşa rayonu K.Marks küçəsi 1A saylı evdə, Cavabdeh1 Xaçmaz rayonu Çinartala ərazi dairəsi Qıraqlı kəndində, Cavabdeh2 isə Abşeron rayonu Aşağı Güzdək qəsəbə ərazi dairəsi Aşağı Güzdək qəsəbəsi 7 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3365 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “RS Avtoservis” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3424 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.1. maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli AL-1715 saylı daxili lizinq müqaviləsinə əsasən, “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən "xxxx" MMC tərəfindən lizinq alan İddiaçı müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 13800 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 48 ay müddətinə hər ay 383.95 manat muzd haqqı ödənilmək şərtilə, lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 747-2. maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. 748-1.1. maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olaraq “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmiş, iddiaçı isə həmin avtomobildən istifadəyə görə müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında eyni zamanda, müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" MMC ilə bağladığı daxili lizinq müqaviləsinə əsasən, “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq obyekti kimi müvəqqəti sahiblik və istifadəsinə götürmüş, eyni zamanda, müqavilənin 9.3.1-ci bəndinə əsasən, lizinq verənin yazılı razılığı ilə həmin avtomobili sublizinqə və ya kirayəyə vermək hüquqlarını əldə etmişdir. Mülki Məcəllənin: 363.1. maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. 363.3. maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən göründüyü kimi, həmin etibarnamə əsasında lizinq obyekti olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilmək üçün Cavabdeh1 "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixədək etibar edilmişdir. Mülki Məcəllənin: 700.1. maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki iş materiallarına əlavə olunmuş icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 75 saylı icarə müqaviləsinə əsasən, cavabdeh lizinq obyekti olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə, günlük 25 manat ödənilmək, ilkin olaraq isə 900 manat depozit ödənilmək şərtilə icarəyə götürmüş və icarəyə götürdüyü andan avtomobilin saxlanılmasına, eyni zamanda, baş verəcək yol nəqliyyat hadisələri, həmçinin, bədbəxt hadisələr nəticəsində avtomobilə dəymiş zərərə görə də məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin mülkiyyətində olan, lizinq obyekti kimi iddiaçının müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən icarə müqaviləsi əsasında Cavabdeh1 icarəsinə verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, L.Tolstoy küçəsi ilə T.Xəlilbəyli küçəsinin kəsişməsində "xxxx" MMC tərəfindən verilmiş və hadisə baş verən anda qüvvədə olan etibarnamə əsasında idarə olunmuş avtomobilin idarə edilməsi zamanı cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək təqsiri sübuta yetirilmiş, nəticədə, cavabdeh 60 manat dəyərində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2. maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh1 nəqliyyat vasitəsini icarəyə götürən şəxs olaraq ona etibar edilmiş nəqliyyat vasitəsinin idarəetmə məsuliyyətini öz üzərinə götürmüş, eyni zamanda, ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, istifadə və istismar qaydalarına riayət edilməsi, yol nəqliyyat, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi və digər öhdəliklərin icra edilməsinə görə məsuliyyət daşımışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi, cavabdeh bağlanmış icarə müqaviləsi əsasında icarəyə götürdüyü “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən zaman yol nəqliyyat hadisəsi törətmiş və cavabdehin həmin hadisənin törədilməsində təqsiri xx.xx.2020-ci il tarixli TP ******* saylı qərar ilə sübuta yetirilmişdir. Beləliklə də, cavabdeh avtomobilə dəymiş ziyanın iddiaçıya ödənilməsi öhdəliyini öz üzərinə götürməsinə baxmayaraq, ödənişlərin edilməsindən yayınmışdır. İddia tələbindən müəyyən olunur ki, lizinq obyekti olan “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 3641 manat hesablanmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş qüsur aktı ilə öz təsdiqini tapmışdır. Avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3365 saylı rəyi ilə “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3424 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini mülki iş materialları ilə paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qəbul edir və avtomobilə 3424 manat zərərin dəyməsi qənaətinə gəlir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 60 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə daxili lizinq müqaviləsi üzrə 3641 manat əsas borc üzrə hesablanmış 60 manat cərimənin azaldılaraq 5 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə eyni zamanda, müəyyən etmişdir ki, iddiaçı 60 manat cərimənin cavabdeh tərəfindən ödənilmədiyini iddia etsə də, iddiaçı olaraq, onun tərəfindən ödənilməsini təsdiq edən sübutu da məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, inzibati xətanın törədilməsinə görə 60 manat cərimənin iddiaçının özü tərəfindən ödənilməsini təsdiq edən sübutun təqdim edilməməsini nəzərə alaraq, məhkəmə həmin cərimə məbləğinin azaldılması qənaətinə gəlmişdir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, Cavabdeh1 icarə müqaviləsi əsasında icarəyə götürdüyü “Ravon Nexia R3” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri ödəməməsi öz təsdiqini tapdığından, iddia ərizəsi avtomobilə dəymiş zərər olaraq 3424 manat maddi ziyan və 5 manat cərimə olmaqla cəmi 3429 manat pul vəsaitinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Məhkəmə digər Cavabdeh2 münasibətdə isə qeyd edir ki, iddiaçı həmin cavabdehin vasitəçilik qismində çıxış edərək onu digər cavabdehlə tanış etdiyini və bu səbəbdən də həmin cavabdehin də məsuliyyət daşımalı olduğunu qeyd etsə də, məhkəmə bildirir ki, Cavabdeh2 ilə iddiaçı arasında rəsmi hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik yaranmamış və yaxud dəymiş zərərin ödənilməsinə dair həmin cavabdeh hər hansı bir öhdəlik götürməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin cavabdehə münasibətdə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı onun tərəfindən hüquqi yardıma görə ödənilmiş 100 manat pul vəsaitinin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 100 manat və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 dəymiş ziyana görə 3424 manat, cəriməyə görə 5 manat, hüquqi yardıma görə 100 manat olmaqla, ümumilikdə cəmi 3529 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 dəymiş ziyana görə 3424 (üç min dörd yüz iyirmi dörd) manat, 5 (beş) manat dəbbə pulu, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat olmaqla, ümumilikdə, cəmi 3529 (üç min beş yüz iyirmi doqquz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar