Məhkəmə qərarları › İş №e-2(012)-969/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-969/2023

06.03.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-969/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və cavabdeh tərəfindən həmin mənzilin ona təhvil verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 06 mart 2023-cü il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraqa ünvan 1 ünvanında inşa edilmiş 5ci blok 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 58,97 kv.m ibarət olan izolə olunmuş 1 otaqdan ibarət 322 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınması və cavabdeh tərəfindən həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında 15 iyun 2019-cu il tarixli, 322 saylı müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında ünvan 1 ünvanında inşa edilmiş 5-ci blok 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 58,97 kv.m olan izolə olunmuş 1 otaqdan ibarət 322 nömrəli mənzili almışdır. Mənzilin dəyərini tam olaraq ödəmişdir. Dəfələrlə cavabdehə müraciət edərək mənzilin təhvil verilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəindən mənzil ona təhvil verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Nümayəndə izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş 5-ci blok 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 58,97 kv.m ibarət olan 1 otaqlı 322 nömrəli mənzilin dəyərini tam olaraq ödəməmişdir. Buna görə də, mənzilin ona təhvil verilməsinə dair iddiaçının tələbini qəbul etmirlər. Sonda Vəkil iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan: İddiaçı oğllu ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 2 ünvanı 5-ci blok 11-ci mərtəbə 322 nömrəli mənzili izolə olunmuş 1 (bir) otaqdan ibarət bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin sahəsi 58, 97 kv.m-dir. Mənzilin 1 kv.m-nin dəyəri 500 (beş yüz) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 29485 (iyirmi doqquz min dörd yüz səksən beş) manatdır. Payçı ilkin olaraq tam ödəniş məbləğində avans ödəyir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş 15 iyun 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur . Bu binanın 5-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 58,97 kv.m olan 1 (bir) otaqlı, 322 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 29485 (iyirmi doqquz min dörd yüz səksən beş) manat tam ödənilmişdir. FAM MMC-yə borcu yoxdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən mübahisəli mənzilin dəyərinin tam olaraq cavabdehə ödənilməsi Cavabdeh MMC tərəfindən tərtib edilmiş 15 iyun 2019-cu il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapır. Sözügedən mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilmədiyini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən mübahisəli mənzilin müqabilində MMC-yə tam ödəniş edilmədiyini bildirsə də, öz etirazının əsası kimi göstərdiyi halları sübut edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin qeyd olunan dəlili yuxarıda adı qeyd edilən maliyyə arayışı ilə təkzib olunur. Mülki prosessual qanunvericilikdə hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hazırki işdə də məhkəmə tərəfindən iddiaçının cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə əməl etməsi, bununla da üzərinə götürdüyü öhdəliyi icra etməsi müəyyən edilsə də, cavabdehin həmin müqavilə üzrə öhdəliyini icra edərək mənzili iddiaçıya təhvil verməsi müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 442.1-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Sözügedən Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin tərəflər arasındakı müqavilə bağlanan zaman qüvvədə olan 178.8ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin müəyyən edilən hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında inşa edilmiş 5-ci blok 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 58,97 kv.m ibarət olan izolə olunmuş 1 otaqlı 322 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınmalı və həmin mənzilin onun sahibliyinə verilməsi vəzifəsi Cavabdeh MMC üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş 5-ci blok 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 58,97 kv.m ibarət olan izolə olunmuş 1 otaqlı 322 nömrəli mənzilə sahiblik və istifadə hüququnun tanınsın. Həmin mənzilin onun sahibliyinə verilməsi vəzifəsi Cavabdeh MMC üzərinə qoyulsun. Cavabdehndən 100 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar