Məhkəmə qərarları › İş №e-2(012)-974/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-974/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-974/2024 07.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 2019/00633 saylı kredit müqaviləsi üzrə 7952,58 manat əsas, 4106,14 manat faiz, 3696 manat dəbbə borcu olmaqla, ümumilikdə 15754,72 manat borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi, tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduqları, ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Masazır kəndi Zərifə Əliyeva küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinə dair istifadə hüquqlarına xitam verilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 15754,7 manat məbləğində borcun, vəkilin göstərdiyi hüquqi yardıma görə 470 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat və 139 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 2019/00633 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X3 illik 32% faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 2019/00633 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2019-cu il tarixdə 2019/00633-İP saylı ipoteka müqaviləsi bağlanaraq, X2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində yerləşən 14A saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir (yüklü edilən əmlakın reyestr nömrəsi- **********06-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi-xx.xx.2019-cu il). "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.2019-cu il tarixli 2019/00633 saylı kredit müqaviləsi üzrə X2 əsas borcu 7952,58 manat, faiz borcu 4106,14 manat, dəbbə pulu borcu 3696 manat olmaqla, ümumilikdə 15754,72 manat təşkil edir. xx.xx.2019-cu il tarixli 2019/00633 saylı kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X2 əmlakı ilə bağlı vərəsəlik işinin açılması faktı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən, Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində yerləşən 14A saylı fərdi yaşayış evi ünvanında qeydiyyatda olan şəxslər X1, Cavabdeh1 və Cavabdeh2dur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən Cavabdeh1 xx.xx.2019-cu il tarixli 2019/00633 saylı kredit müqaviləsi üzrə ümumilikdə 13552,75 manat (əsas borcu 7971,18 manat, faiz borcu 988,82 manat, dəbbə pulu borcu 3696 manat, gecikdirilmiş vaxt üçün illik beş faiz 896,75 manat) məbləğinin tutularaq "xxxx" MMC–yə ödənilməsi, tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyatda olduqları, ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə yönəldilməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 13552,75 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 470 manat xidmət haqqı, bildirişin qeydə alınması ilə əlaqədar 51 manat, 350 manat məbləğində qiymətləndirmə rəyinin haqqı və 139 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz etdilər və onun təmin edilməməsini xahiş etdilər. Onlar qeyd etdilər ki, hazırda maddi vəziyyətləri pisdir, lakin daha güzəştli şərtlərlə qrafik açılsa, borcu tam ödəyə bilərlər. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində yerləşən 14A saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması hissəsində iş məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1-ci maddəsinə görə işin icraatına bu hissələrdə xitam verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə” xx.xx.2023-cü il tarixli 02/2023 saylı qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. "xxxx" MMC ilə X4 arasında imzalanmış ipoteka müqaviləsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə bağlanmışdır və deməli, yuxarıdakı normaların tələbinə görə iddianın qeyd edilən hissəsi üzrə icraata xitam verilməlidir. Məhkəmənin qənaətinə görə hazırda qüvvədə olan normalara əsasən mübahisəli əmlaka tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxmamaları iddiaçıya hazırki tələblə məhkəməyə müraciət etməyə hüquq vermir, çünki bu məsələ “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən ayrıca məhkəmə qərarı tələb olunmadan, məhz "xxxx" MMC ilə X4 arasında imzalanmış ipoteka müqaviləsi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi barədə icra sənədinə əsasən həll olunur. Başqa sözlə, hazırki işə həmin hissədə məhkəmədə baxılmalı deyildir, bu isə həmin hissələrdə iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə icraata ipoteka predmeti olan mülkiyyət hüququ ilə mərhum X3 məxsus Abşeron rayonu, Masazır kəndi, Zərifə Əliyeva küçəsində yerləşən 14A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissəsində xitam verilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar