Məhkəmə qərarları › İş №e-2(012)-988/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-988/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-988/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 55300 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 55300 manat borcu vardır. Cavabdehlər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 8 saylı evin 129 saylı mənzilini almaq üçün iddiaçıdan hissə-hissə pul vəsaiti almışlar. Cavabdehlər həmin borcu iddiaçıya qarşı verdikləri iddia ərizəsində, polis bölməsində yazdıqları izahatlarında, habelə, məhkəmə qətnaməsində etiraf etmişlər. Lakin cavabdehlər borclarını verməməyə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilinə daxil olaraq çıxmırlar, polisə şikayət edərək cinayət işi başlatmışlar. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildən çıxarılması ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər isə həmin mənzilə istifadə hüquqlarının tanınması ilə əlaqədar iddia qaldırmışlar. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən mənzilə istifadə hüquqları tanınmışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehlərin mənzilə istifadə hüquqlarının tanınması barədə iddia ərizəsində və həmin iş üzrə qəbul edilmiş qətnamədə qeyd edilmişdir ki, “cavabdehlər 25000 manat pulu iddiaçıdan borc almışlar.” Beləliklə, hal-hazırda, cavabdehlərin 55300 manat borcu vardır. 300 manat pulu iddiaçı Cavabdeh3 mənzilə çıxarış alan zaman vermişdir. Cavabdehlər müxtəlif bəhanələrlə borclarını qaytarmadıqlarına görə iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdehlər ondan hissə-hissə 30000 manat, 25000 manat və çıxarış almaq üçün 300 manat pul almışlar. İlk dəfə cavabdehlər Abşeron rayonu Xırdalan şəhərində ipoteka ilə ev almışlar. Evin pulunun bir hissəsini ödəyəndən sonra maddi vəziyyətləri pisləşmiş və ondan pul almağa başlamışlar. Təxminən, 1 il 2 ay ərzində o, cavabdehlərə 36000-37000 manat pul vermiş, lakin pul məbləğini o, 30000 manat olaraq qeyd edir. Sonradan məlum olmuşdur ki, cavabdehlər mənzilin bir hissə pulunu ödəmiş, qalan pulu isə faizlə vermək istəmiş, lakin pulu ziyan etmişlər. Bu səbəbdən də, bank cavabdehləri məhkəməyə vermiş və mənzili cavabdehlərdən almışdır. Cavabdehlər vəziyyətdən çıxmaq üçün özlərinə aid olmayan torpaq sahəsini Gürcüstanlı vətəndaşa 25000 manata satmışdır. Üzərindən 3-4 il keçəndən sonra işin üstü açılmış və torpaq ondan gizlin satılmışdır. Xəbər tutandan sonra məlum olmuşdur ki, cavabdehlər torpağı aldatma yolu ilə satmışlar. O, aidiyyəti quruma müraciət etmiş və torpaq sahəsinin ona aid olduğunu qeyd etmişdir. Torpaq sahəsində tikinti işlərinin aparılması qadağan edildiyindən Gürcüstanlı vətəndaş tərəfindən axtarılmış və o, cavabdehlərin əvəzinə 25000 manat pulu ödəmişdir. Cavabdehlərin qeydiyyatda olduğu Abşeron rayonu Xırdalan şəhərində yerləşən evin çıxarışı olmamışdır. Cavabdehin Xırdalanda yaşayan oğlu ona çıxarışın alınması üçün 300 manat istənildiyini bildirmiş və tələbin MTK-nın tələbi olduğunu qeyd etmişdir. 25000 manat pul vəsaitinin üzərinə də 300 manat əlavə olunmuşdur. O, cavabdehlərin evi satmaq niyyətində olmadıqlarını bilmişdir. Mübahisə ilə bağlı dəfələrlə məhkəmə prosesləri olmuş və cavabdehlər məhkəmə iclaslarında uduzmuşlar. Cavabdehin onun həbsdə olması ilə bağlı dediyi məlumat həqiqətə uyğun deyildir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı onun doğma dayısıdır və rayonda hamı iddiaçını “sələmçi” kimi tanıyır. İddiaçının sələmçi olduğunu şahidlər də təsdiq edə bilər. Dayısı öz bacısını aldatmışdır. O, öz həyətini satmışdır. İddiaçının çıxarışı 2019-cu ilə aiddir, o isə 2017-ci ildə gürcüstanlıya torpaq sahəsi satmışdır. Belə ki, o, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və 30 il yaşadığı torpaq sahəsinin ona aid pay torpaq sahəsini satmışdır. Pula ehtiyacı olduğundan həmin pulu xərcləmişdir. İcra tikintiyə icazə vermədiyindən onun gürcüstanlı ilə alqı-satqısı alınmamışdır. İddiaçı gürcüstanlını tapmış, ona pul təklif etmiş və torpaq sahəsini almaq istəmişdir. O, polisdə qeyd etmişdir ki, onun əvəzinə iddiaçının dediyinə görə 25000 manat pul vəsaiti vermişdir. İddiaçı ona torpaq sahəsini ucuza satdığını, özünün isə baha satacağını bildirmişdir. Doğma dayısı olduğundan iddiaçıya inanmış, elə bilmişlər ki, qeydiyyata düşəndən sonra ev sahibi olacaqlar. Nəticədə, xx.xx.2022-ci il tarixdə iddiaçı oğlu ilə evə hücum etmiş, cinayət işi açılmış və proses hazırda, davam edir. İddiaçı bacısını aldadaraq çıxarış almışdır. O, məcbur qalıb istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, iddia təmin olunmuş, qətnamə yuxarı instansiya məhkəməsində ləğv olunmuşdur. Səbəb isə iddiaçının çıxarışının olmasıdır. Hazırda, o, inzibati qaydada çıxarışı mübahisələndirəcəkdir. O, iddiaçıdan pul vəsaiti almamışdır. Notariusda heç bir sənədli borc müqaviləsi yoxdur. İddiaçı gürcüstanlıya onun əvəzindən pul vermiş, nəticədə, bütün evə sahib olmuşdur. Halbuki, o, gürcüstanlı ilə danışıb pulu hissə-hissə verəcəkdi. Onun ümumiyyətlə, iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Onun polis idarəsində verdiyi izahatın mahiyyətini iddiaçının onların əvəzinə pul verilməsi təşkil edir. Halbuki, onun iddiaçıdan belə bir xahişi olmamışdır. İddiaçı gürcüstanlıya 25000 manat pul vermiş, çıxarışı almaq üçün 5000 manat pul ödəmiş, 30000 manat pulu isə onlardan tələb edir. Evlə birlikdə torpaq sahəsinin ölçüsü 4 sotdur, dayısı 2 sotun əvəzinə 4 sotun hamısına yiyələnmiş, evə dair çıxarış almışdır. Torpaq sahəsi “neftin torpağı” olduğundan çıxarış ala bilməmişdir. Bacısının “faiz” işi ilə məşğul olduğunu bilməmişdir. Belə ki, bacısı ondan qorxduğu üçün hər şeyi ondan gizlətmiş, anası isə hər şeyi bilmişdir. Onun anası 25 ildir ki, həmin ünvan üzrə qeydiyyatda olmuş, ev isə əvvəldən onun babasının adına olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Cavabdeh3 izahatını təsdiq etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 30000 manat pul vəsaitinin olması ilə bağlı o da polis idarəsində izahat yazmışdır. 25000 manat pul torpaq sahəsinə görə, 5000 manat pul vəsaiti isə çıxarışa görə verilmişdir. İzahat verilən zaman o, təzyiq görmüşdür. O, iddiaçıdan pul almamış, iddiaçıya adamlar vasitəsilə faizlə pul qazanılmasını təmin etmiş, başqa sözlə, “calamışdır”, əlbəəl ona pul verilməmişdir. İddiaçı pulu verərək onların Xırdalanda ev aldığını və həmin pulu faizə verdiyini bildirmişdir. Onun 140 000 manatlıq evini mənimsəyən adam notarius olmadan 30000 manat pulu verməz. Əgər iddiaçı ona pul vermişdirsə, o, faizə pul deyil, ipoteka ilə aldığı mənzilin pulunu ödəyərdi. İddiaçı quldurluğa görə həbsdə olmuş, bəraət almışdır. İddiaçı ona pulunun olduğunu, tanışları olduğu halda faizə pul verdiyini bildirmişdir. 10 000 manat pul vəsaitini isə onun adamları vermişlər. Qeyd olunan məsələlərdə onun anası iştirak etməmiş, lakin məlumatı olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iş adamıdır, iddiaçı isə faizlə pul verəndir. Bir il üzərindən keçmişdir ki, iddiaçı pul tələb edir. İddiaçı onun qardaşıdır, lakin buna baxmayaraq, onu aldatmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-3451/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçılar Cavabdeh1, (Əliyeva) Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. Qətnamədən daha sonra görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzili İddiaçı mülkiyyətindədir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-703/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-3451/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddiaçılar Cavabdeh1, (Əliyeva) Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin, 1 saylı mənzilinə istifadə hüquqlarının tanınmasına dair iddiası rədd edilmişdir. -Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, anası Cavabdeh1 Fərhad qızı və oğlu X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı onun dayısıdır və qonşuluqda C.Əliyev küçəsində öz ailəsi ilə birlikdə yaşayır. Onun anası ilə yaşadığı ev İddiaçı adınadır. Həmin evdən İddiaçı onu, anasını və oğlunu 2017-ci ildə qeydiyyatdan çıxarmışdır. Həmin evi dayısı bir ildir ki, öz adına keçirmişdir. İddiaçı həmin evi öz adına keçirməyinin səbəbi 2013-cü ildə onun İddiaçı 30000 manat pulu hissə-hissə götürüb faizlə verməsidir. Həmin pullardan 10000 manat faizlə qaytarılmışdır. Hazırda, 20000 manat pul qalmışdır. Bu səbəbdən də, yaşadığı baba evi 2017-ci ildə İddiaçı adına keçirilmişdir. Nə vaxt ona pulu qaytarsa həmin evi yenə onun adına qaytaracaqdır. Hazırda, onu pul vermədiyi üçün dayısı evdən qovmuşdur. O və anası həmin evdən qeydiyyatdan çıxıb digər yerə qeydiyyata düşmüşlər. Həmin vaxt dayısı ona məxsus olan Ramana qəsəbəsində olan evə onu, oğlunu və anasını qeydiyyata salmışdır, lakin sonra demişdir ki, həmin ev təcili satılır və onlar məcbur olub qardaşı Elnurun Xırdalan qəsəbəsində yerləşən evinə qeydiyyata düşmüşlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00-da o, yaşadığı evdə olan zaman dayısı evə girmiş və demişdir ki, onlar həmin evdən çıxıb getməli və evi tərk etməli idilər. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və yaşadıqları evin içində baş vermişdir. Mübahisə dayısı ilə onun arasında olmuşdur. Mübahisənin əvvəlində anası işdə olmuşdur. Anası mübahisənin sonunda evə gəlmişdir. Mübahisə zamanı İddiaçı ona demişdir ki, o, evdən çıxıb getməli və ustalar gətirib evi təmir etdirəcəkdir. O, evi tərk etməyəcəyini bildirmişdir. Həmin vaxt evdə qonaq otağında dayısı ona hirslənib saçından tutmuş, evdən itələyib çıxartmağa başlamışdır. Sonra İddiaçı həyətdə olan taxta parçasını iki dəfə onun baş nahiyyəsinə, sol ayağından və əlindən vurmuşdur. Bundan sonra o, DİN-nin “102” zəng mərkəzinə müraciət etmişdir. Mübahisənin sonunda İddiaçı onu taxta parçası ilə evdə döyən zaman anası artıq işdən gəlmiş və həmin hadisənin şahidi olmuşdur. -Cavabdeh3 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş izahatdan görünür ki, anası Cavabdeh1 və bacısı Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən evdə 32 ildir ki, yaşayır. X1 özü onları qeydiyyata saldırmışdır. Dayısının həmin evdə gözü olduğu üçün bacısını aldadaraq 30000 manat pulu sələmə vermişdir. Nəticədə, ailəyə hədə-qorxu gəlmiş və evdən qeydiyyatdan çıxarmağa və girov qoymağa məcbur etmişdir. O, oğurluq hadisəsi olduğunu və guya onun evinə daxil olaraq qapını sındırdığını qeyd etmişdir. Halbuki, 18 mm armatur, paslanmayan su qızdırıcısı və şiferler ona məxsusdur və bacısı oğlu həmin materialların ona məxsus olduğunu bildiyi halda onları yoldan keçən dənizçilərə satmışdır. Qapıya qaldıqda isə həmin ev ona məxsus olduğundan evinin qapısını sındırıb evinə daxil olmuşdur. -Cavabdehlər tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə xx.xx.2023cü il tarixli ərizədən görünür ki, iddiaçının özünün də istinad etdiyi fakta əsasən, 30 000 manat borcu iddiaçı cavabdehlərə 2013-cü ildə vermişdir. İddiaçı bununla bağlı 2022-ci ilin sonunda iddia qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. Beləliklə, İddiaçı pul tələbi ilə bağlı iddiası üzrə iddia müddəti keçmişdir. Ona görə də iddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 5-ci Balandin küçəsi döngə 3, 1 saylı mənzildə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti məhəllə 30, 8 saylı evin 129 saylı mənzilində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında borc hüquq münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Belə ki, tərəflərin ata-baba yurdu olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 5-ci Balandin küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilkin olaraq, Cavabdeh3 tərəfindən satılmış, lakin alqı-satqı münasibətləri alınmadığından sözügedən torpaq sahəsinin 25000 manat dəyəri iddiaçı tərəfindən ödənilmişdir ki, sözügedən pul ödənişi tərəflərin izahatı ilə təsdiq olunmuş və cavabdehlər tərəfindən torpaq sahəsi mübahisələndirilmir. Bununla yanaşı, iddiaçı Abşeron rayonu Xırdalan şəhərində yerləşən mənzilin və mənzilə dair çıxarışın alınmasına görə cavabdehlərə 30000 manat və əlavə olaraq, 300 manat pul vəsaitini verdiyini iddia edərək ümumilikdə, cəmi 50300 (25000+30000+300=50300) manat pul vəsaitinin cavabdehlərdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddia tələbindən və iddiaçının izahatından və eyni zamanda cavabdehlərin Polis idarəsində verdiyi izahatları əsasında müəyyən olunmuşdur ki, iddiaçının tələb etdiyi 50300 manat pul vəsaitindən 30000 manat pul vəsaiti Abşeron rayonu Xırdalan şəhərində yerləşən mənzilin alınmasına görə, 300 manat pul vəsaiti mənzilin çıxarışının alınmasına görə, 25000 manat pul vəsaiti isə Bakı şəhəri Suraxanı rayonunda yerləşən torpaq sahəsinin alınmasına görə ödənilmişdir ki, iddiaçı da həmin pul vəsaitlərinin cavabdehlərdən tutulmasını tələb edir.Tədqiq olunmuş sübutlar, tərəflərin izahatları, cavabdehlərin izahatına əsasən Məhkəmə ilkin olaraq, qeyd edir ki, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi 5-ci Balandin döngəsində yerləşən mənzil tərəflərin ata-baba evi olmaqla həmin mənzilin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəyəri iddiaçı tərəfindən cavabdehin əvəzinə könüllü şəkildə ödənilmişdir ki, hazırda, həmin daşınmaz əmlakın mülkiyyətçisi iddiaçı olmaqla, bu barədə ona çıxarış verilmiş və daşınmaz əmlakın geri qaytarılması cavabdehlər tərəfindən mübahisələndirilmir. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddiaçı həmin pul vəsaitini özü könüllü şəkildə ödədiyi və cavabdeh tərəfindən mübahisələndirilmədiyi təqdirdə 25000 manat pul vəsaitinin cavabdehlərdən tutulmasına lüzum yaranmamışdır. Həmin torpaq sahəsinin qaytarılmasını iddiaçıdan cavabdeh tələb etmir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş, tərəflərin polis idarəsində verdiyi izahat əsasında Cavabdeh2 30000 manat pul vəsaitini faizlə iddiaçıdan alması, 10000 manat pul vəsaitini isə qaytarması müəyyən olunmuşdur. Cavabdehin polis idarəsində verdiyi izahat ilə məhkəmə iclasında verdiyi izahat bir-biri ilə ziddiyyət təşkil etsə də məhkəmədə cavabdeh polis şöbəsində verilmiş izahatını qorxu, həyacan və təsir altında yazdığını, əsl həqiqətin isə iddiaçıya faiz ödənilməsi şərti ilə adamları tapıb ona təqdim etməsi iddiaçının isə ayrı-ayrı şəxslərə ümumilikdə faizlə 30000 manat verməsi olmuşdur. Məhkəmə sübutların tədqiqinə və daxili inamına əsaslanaraq hesab edir ki, cavabdehin izahatı daha səmimi və ağılabatandır. Bununla belə, məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 377.3. maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında borc hüquq münasibətləri 2013-cü ildə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən borcun qaytarılması ilə bağlı mübahisə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2022-ci il tarixdən başlanmışdır. Ona görə də iddiaçı tərəfindən iddia ərizəsi müddət ötürülmədən verildiyindən iddia ərizəsinə müddətin ötürülməsi səbəbindən təmin edilməməsinə lüzum qalmır. Beləliklə, məhkəmə işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar