Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1009/2024 12.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı pul tələbi barədə mülki işə 12 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində "xxxx" ASC ilə Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixli 135237-CNS-11309 saylı nağd pul krediti müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən iddiaçının Cavabdeh4 36 ay müddətinə illik 22 faizlə 14000 ABŞ dolları kredit verdiyini, Cavabdeh4 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəmədiyini, Cavabdeh4 11956,50 ABŞ dolları əsas, 3163,14 ABŞ dolları faiz borcu qaldığını, bundan əlavə müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh4 472,25 ABŞ dolları dəbbə pulu hesablandığını, Cavabdeh4 xx.xx.2015-ci ildə vəfat etdiyini, Cavabdeh4 vərəsəlik dairəsinin müəyyən edilərək Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1 onun vərəsələri olması müəyyən edilmiş və onlara vərəsəlik haqqında şəhadətnamə verildiyini qeyd etməklə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və N.A.Məmmədzadədən "xxxx" ASC-nin xeyrinə 11956,50 ABŞ dolları əsas, 3163,14 ABŞ dolları faiz, 472,25 ABŞ dolları cərimə olmaqla cəmi 15591,89 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 169,52 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsinə Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2, Cavabdeh1 və N.A.Məmmədzadəyə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə təkrarən baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh3 iddianı etiraf etməyərək göstərmişdir ki, oğlu Anar 2015-ci ildə vəfat etmişdir. Anardan cəmi 0,04 ha torpaq sahəsindən başqa heç bir əmlak miras qalmamışdır. Anarın kredit borcunu onun ödəməyə imkanının olmadığını, iddia müddətinin bitdiyini qeyd etməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2014-cü il tarixli 135237-CNS-11309 saylı nağd pul krediti müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 22 faizlə 14000 ABŞ dolları kredit verilmişdir. İddiaçı tərəfin cavabdeh R.M.Talıbova ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. AZ-İ № 734246 saylı ölüm haqqında şəhadətnamənin surtindən görünür ki, Cavabdeh4 xx.xx.2015-ci ildə vəfat etmişdir. 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 289 saylı arayışından görünür ki, Cavabdeh4 xx.xx.2015-ci ildə vəfat etmiş və onun adına xx.xx.2019-cu ildə vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşdirilərək arvadı Cavabdeh1, anası Cavabdeh2, atası Cavabdeh3 və qızı N.A.Məmmədzadənin adına vərəsəlik şəhadətnaməsi verilmişdir. 1 saylı Bakı «Asan Xidmət» Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 901 saylı arayışından görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş Cavabdeh4 adına xx.xx.2019cu ildə vərəsəlik işi açılmışdır. Bununla bağlı arvadı Cavabdeh1, anası Cavabdeh2, atası Cavabdeh3 və qızı N.A.Məmmədzadəyə Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə və həmin rayonun Mehdiabad qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh4 arasında müqavilə bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəf Cavabdeh4 illik 22 faizlə 36 ay müddətinə 14000 ABŞ dolları məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 11956,50 ABŞ dolları əsas məbləğdən 3163,14 ABŞ dolları faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh4 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdeh4 xx.xx.2015-ci ildə vəfat etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin mülki işin məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçı ilə mərhum Cavabdeh4 arasında xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh4 xx.xx.2015-ci ildə vəfat etmişdir. Cavabdeh4 adına xx.xx.2019cu ildə vərəsəlik işi açılmışdır. İddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini buraxdıqdan sonra hazırki tələblə məhkəməyə müraciət etmiş və cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişlər. Odur ki, tələb iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində göstərilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X2 qarşı 11956,50 ABŞ dolları əsas, 3163,14 ABŞ dolları faiz, 472,25 ABŞ dolları cərimə olmaqla cəmi 15591,89 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 169,52 manat tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1009/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1009/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver