Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-105/2025 29.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 29 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, İddiaçı məxsus **-EZ-*** dövlət nömrə nişanlı KİA RİO minik markal avtomobil 06 iyun 2024-cü il tarixində nəqliyyat vasitəsinin icarə müqaviləsinin şərtləri əsasında Cavabdeh verilmişdir. Həmin icarə müqaviləsinin 4.2-ci maddəsinin şərtlərində lcarəyə götürənin hər gün üçün bu müqavilə əsasında lcarəyə verənə 25 manat pul vəsaitini bank hesabına ödəməsi razlaşdırılmışdır. İddiaçı məxsus olan avtomobil Cavabdeh tərəfindən idarə edilərkən 10 iyul 2024-cü il tarixində yol-nəqliyyat hadisəsi törədilmişdir. Belə ki, 10 iyul 2024 cü il tarixində saat 03:40-da Bakı şəhəri, Qala-Ramana yolunda Cavabdeh tərəfindən **-EZ-*** dövlət nömrə nişanlı avtomobil idarə edilərkən maneəyə vurulmuş, avtomobilin sol yan hissəsi bütöv şəkildə, arxa sol hissəəsi isə qismən olmaqla əzilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili işlər Naziriyi Sabunçu Rayon Polis İdarəsinin Dövlət X1 inspektoru, polis leytenantı Kamran Məmmədov tərəfindən AYP seriya 041297 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış tərtib edilmişdir. Bu hadisədən sonra cavabdch Cavabdeh avtomobili iddiaçıya təhvil verərək və dəymiş olan zərərin əvəzinin ödənilməsi üçün hər gün hesab kartına 10-15 manat olmaqla pul ödəyəcəyini öhdəsinə götürmüş, lakin heç bir təşəbbüs göstərməmişdir. Dəfələrlə telefon əlaqəsi yaradılmağa çalışılmış, əvvəlcə telefonlara cavab verərək «imkan yoxdur, yaxın günlərdə ödəniş edəcəm" deyib heç bir vəsaiti ödəməmiş, sonradan isə edilən zəngləri cavabsız verməmişdir. Bir müddət sonra, 30 avqust tarixində atası Hüseynov Şahinlə də əlaqə saxlanılmış və o, da məsələdən xəbərdar olduğunu və hətta oğluna bu zərərin ödənilməsi üçün pul verdiyini bildirmişdir. Daha sonralar cavabdehin atası da telefon zənglərinə cavab verməmişdir. Baş vermiş olan yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətçi İddiaçı xeyli miqdarda ziyan dəymişdir. Avtomobil baş vermiş olan nəqliyyat hadisəsi nəticəsində ciddi deformasiyaya məruz qalmışdır. Bununla bağlı ünvan 1 ünvanında yerləşən «Zəmanət» şirkətinin avtoservisində yol qəza hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etmək üçün 14 oktyabr 2024-cü il tarixli akt tərtib edilmişdir, Həmin aktda ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus **-EZ-*** nömrə nişanlı KlA RİO markalı buraxılış ili 2008-ci il olan avtomaşına baxış keçirilərək qəza zamanı bəzi hissələrin tam yararsza hala düşdüyü, bu hissələrin qara bazardan alınıb dəyişdirilməsinə və qalan hissələrin təmir olunub rənglənməsinə zərurət olduğu qeyd edilmişdir. Arxa asma üçün şüa - 250 manat, qabaq qapı - 220 manat (l ədəd), arxa qapı - 150 manat (l ədəd), qapıların petlələri - 40 manat qapıların plastmas kantları - 80 manat, sol yan güzgü - 100 manat (1 ədəd), sol arxa stop - 100 manat (1 ədəd), sol arxa amortizator - 40 manat (1 ədəd), amortizator qoruyucu - 10 manat (1 ədəd), diskin düzəldilməsi - 50 manat, hava şarlarının düzəldilməsi - 220 manat, qapı kilidi - 30 manat, qapı oturacağı - 15 manat, qabaq sol almacıq - 20 manat, qabaq sol tyaqa - 20 manat, buferin təmiri - 50 manat, arxa pəncərə plastması - 25 manat, benzin çəninin trosu - 20 manat, benzin çəninin dəst şlanqları - 40 manat (3 ədəd), təkərin diskə oturdulması və balansı - 30 manat. Tərtib olunmuş aktda qeyd edilən hissələrin dəyişdirilməsi, təmir edilməsi və rənglənməsi üçün əmək haqqı məbləği aşağıdakı kimi nəzərdə tutulmuşdur: Dəmirçi - 700 manat, rəngsaz - 400 manat, çilingər - 100 manat, armaturçu - 100 manat, elektrik - 20 manat. Qeyd edilən aktda yol nəqliyyat hadisəsi nəticəsində zərər məruz qalmış avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi, təmiri və bərpası, o cümədən xidmət haqqı xərcləri ümumilikdə 2930,00 (iki min doqquz yüz otuz) manat təşkil etdiyi göstərilmişdir. Avtomobil iddiaçı tərəfindən xərcləri qarşılanmaqla istismara tam yararlı vəziyyətə gətirilmişdir. Bundan başqa avtomobilin icarəyə verilməsinə dair icarə müqaviləsində qeyd olunan 6.3-cü bəndinə əsasən cavabdeh şəxs bu və ya digər şəkildə icarəyə götürən tərəfdən avtomobildə baş verən texniki nasazlığın aradan qaldırılması günləri müqabilində icarəyə verənə hər gün 25 manat ödəməli olduğunu nəzərə alsaq 10 iyul 2024-cü il tarixindən Cavabdeh tərəfindən ümumilikdə 33 (otuz üç) təqvim günü müddətində icarə haqqı lcarəyə verənə ödənilməmişdir. Bu da icarə müqaviləsinin 6.3-cü maddəsinin şərtləri nəzərə alındığında ümumilikdə 825 (səkkiz yüz iyirmi beş) manat təşkil etməkdədir. Həmçinin iddiaçıya məxsus **-EZ-*** nömrəli avtomobil cavabdehin istifadəsində olduğu müddətdə müqavilənin 2.7-ci bəndinə əsasən iddiaçı tərəfindən onun əvəzinə 147,90 (bir yüz qırx yeddi manat 90 qəpik) manat inzabati xətaya dair cərimə pulu ödənilmişdir (bunu təsdiq edən ödəniş qəbzləri iddia ərizəsinə əlavə edilir). Bundan başqa yol nəqliyyat hadisəsinin baş verdiyi hadisə yerindən avtomobilin cərimə meydançasına aparılması üçün evakuatora 30 (otuz) manat, avtomobilin yerləşdirildiyi cərimə meydançasında durduğu müddətlər üçün 44 (qırx dörd) manat olmaqla, ümumilkdə 74 (yetmiş dörd) manat pul xərcləndiyini qeyd etməklə Cavabdeh **-EZ-*** dövlət nömrə nişanlı Kia Rio markalı avtomobilə dəymiş ziyana görə 2930 manat, iddiaçı tərəfindən ödənilmiş inzibati xəta törədilməsinə görə 147,90 manat, 75 manat evakuator və cərimə meydançası xərci, 825 manat icarə müqaviləsinə görə yaranmış borc olmaqla cəmi 3977,90 manat və ödənilmiş dövlət rüsumu vəzində 59,78 manatın alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışına üzürlü səbəbdən gələ bilmədiyini qeyd etməklə işə iştirakı olmadan baxılaraq tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək avtomobilə ekspertiza rəyində göstərilən məbləğdə vurulmuş ziyanı ödəməyə etiraz etmədiyini, lakin icarə haqqı və başqa xərcləri imkanı olmadığından ödəyə bilməyəcəyini göstərmişdir. Məhkəmədə elan olunmuş nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı özünə məxsus **-EZ-*** dövlət nömrə nişanlı Kia Rio markalı avtomobili saz vəziyyətdə Cavabdeh icarəyə vermiş, Cavabdeh isə hər gün avtomobilin icarə pulu olan 25 manat pulu iddiaçıya ödəməyi öhtəsinə götürmüşdür. Nəqliyyat vasitəsinin zədələnməsi barədə AYP 041297 saylı arayışın surətindən görünür ki, Cavabdeh **-EZ-*** dövlət nömrə nişanlı avtomobillə Qala Ramana yolunda yol nəqliyyat hadisəsi törədərək avtomobili maneəyə vurmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.0.42025-ci il tarixli №3-16-16/2-9/1072/2024 saylı rəyindən görünür ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus **-EZ-*** dövlət nömrə nişanlı Kia Rio markalı avtomobilə 2735 manat ziyan dəymişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflər arasında nəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, İddiaçı özünə məxsus **-EZ-*** dövlət nömrə nişanlı Kia Rio markalı avtomobili saz vəziyyətdə Cavabdeh icarəyə vermiş, Cavabdeh isə hər gün avtomobilin icarə pulu olan 25 manat pulu iddiaçıya ödəməyi öhtəsinə götürmüşdür. Lakin Cavabdeh icarə pulunu 825 manat gecikdirmiş, bundan başqa iddiaçıya məxsus avtomobillə yol nəqliyyat hadisəsi törədərək sonuncuya 2735 manat ziyan vurmuşdur. Belə olan halda Cavabdeh İddiaçı vurduğu zərəri ödəməlidir. İddiaçı tərəfindən ödənilmiş inzibati xəta protokoluna görə 147,90 manat, evakuator və cərimə meydançası xərcinə görə 75 manat məbləği icarə müqaviləsinə əsasən cavabdeh ödəməyi öhdəsinə götürdüyündən, tələbin həmin hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən alınıb iddiaçıya verilməli, həmçinin cavabdehdən 50 manat ekspertiza xərci tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 2735 manat, iddiaçı tərəfindən ödənilmiş inzibati xəta protokoluna görə 147,90 manat, evakuator və cərimə meydançası xərcinə görə 75 manat, icarə müqaviləsi əsasında yaranmış borca görə 825 manat və ödənilmiş dövlət rüsumu əvəzində 59,78 manat cəmi - 3842 (üç min səkkiz yüz qırx iki) manat 68 (altmış səkkiz) qəpik alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat ekpertiza xərci tutulsun. İddianın avtomobilə dəymiş ziyana görə qalan 195 manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-105/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-105/2025
29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver